O.Henri
Zamanın ən önəmli cəhəti odur ki, o, tamamilə nisbidir. Ümumi düşüncəyə görə, xatirələrə dalmaq ən çox suda boğulan adama xasdır. Yaxud bir nəfər əlcəklərini çıxara-çıxara bir qadınla olan münasibətlərini bir anın içində xatırlaya bilir.
Trisdeylin öz subay ev-eşiyində masanın yanında dayanaraq etdiyi də məhz elə bu idi. Masanın üstündə qırmızı saxsı dibçəkdə qeyri-adi görünüşlü yaşıl bitki vardı. Həmin bitki kaktusun növlərindən biriydi, onun uzun, buynuzcuqlu yarpaqlarını lap azacıq meh də əsdirirdi, həmin yarpaqlar sanki insana əl uzadır, özlərinə tərəf səsləyirdilər.
Trisdeylin dostu – gəlinin qardaşı bir az aralıda dayanıb tək içdiyi üçün deyinirdi. İkisi də frakda idilər. Sinələrindəki ulduzabənzər rozetkalar otağın qaranlığında parlayırdılar.
Əlcəklərinin düymələrini aça-aça Trisdeylin ağlından son bir neçə saatın xəfif xatirəsi keçməyə başladı. Ona elə gəldi ki, kilsədə verilən messa zamanı hər tərəfi bəzəyən çiçəklərin ətri burnundan, minlərlə gözəl səslərin incə uğultusu, geyimlərin xışıltısı, ən çox da sözləri sanki bir-birinə calayan keşişin uzun-uzadı nitqi qulaqlarından hələ də çəkilməyib.
Məhz bu ümidsiz bir nöqtədən o, qızı hansı səbəbdən və necə itirdiyini anlamaqdan ötrü durmadan düşünürdü. Sərt reallıq onu kobudcasına silkələdikdən sonra, o, qəflətən özünü əvvəllər heç üzləşmədiyi məfhumlarla üz-üzə tapdı – özünün ən gizli, əsl, quru, bəzəksiz daxili ilə. Riyakarlıq və xudbinliyini ört-basdır etməkdən ötrü taxdığı maskaları indi gördü. Başqalarının onun ürəyinin qaranlıq və yazıq tərəflərini gördüklərini təsəvvürünə gətirəndə bədənindən bir üşütmə keçdi. Şöhrətpərəstlik? Özündənrazılıq? Bunlar onun zirehli geyiminin əsas birləşdiriciləri idi. Qız isə hər zaman bu hisslərdən azad olub… Axı niyə?…
Qız sıraların arası ilə altara yavaş-yavaş yaxınlaşdıqca Trisdeyl öz içində ona ayaqda qalmağa kömək edən qəmli və dəyərsiz bir sevinc hissi keçirdi. O, özünü inandırmağa çalışdı ki, qızın bənizinin solması ərə gedəcəyi kişi üzündən deyil, başqa bir səbəbdəndir. Lakin öz-özünü sakitləşdirməkdən ötrü tapdığı bu bəhanə də puç oldu. Çünki o, qadının əlini bəyə verdiyi an gözlərindəki cəld, aydın və qorxusuz baxışını görəndə özünün qız tərəfindən unudulduğunu anladı. Bu baxış ona tanış idi. Onun mənasını bilirdi. Bu baxışın təsirindən özündənrazılıq hissi bütünlüklə paramparça oldu, sonuncu ümidi də kəsildi. Axı niyə bu cür bitdi? Aralarında adi bir mübahisə də olmamışdı.
Hər şeyin qəfil dəyişməsinin səbəbini anlamaq üçün son günlərdə baş verənləri ağlında artıq mininci dəfə analiz edirdi.
Qız Trisdeyli hər zaman çox yüksək tutmuşdu. Trisdeyl də onun itaətini qürurla qəbul edirdi. Qızın onun qarşısında mum kimi əriməsi Trisdeylin ürəyinə yağ kimi yayılırdı. Qızın ona olan münasibəti o qədər təmənnasız, itaətkar, hətta o qədər səmimi idi ki (bir kərə buna tam əmin olmuşdu)! O, Trisdeylin qeyri-adi xüsusiyyətlər, üstünlüklər, bacarıqlara sahib olduğuna özünü inandırmışdı, Trisdeyl də bunu bir səhra yağışı içinə çəkən kimi qəbul edirdi.
Trisdeyl əlcəyinin sonuncu ilgəyini qəzəblə açarkən onun axmaq xudbinliyinin nümunəsi olan hadisə iztirabverici şəkildə yadına düşdü. Həmin hadisə Trisdeylin qadınını da öz ucalıq pyedestalına qalxmasına izn verdiyi gecə baş vermişdi. Amma indi nə qədər çox istəsə də, yaddaşına qadının həmin gecəki gözəlliyini − onun saçlarının qeyri-ixtiyari dalğalanmasını, sözləri və baxışlarındakı incəlik və bakirəliyi xatırlamasına imkan verə bilməzdi. Amma onlar ona elə təsir etmişdilər ki, özünü saxlaya bilməyib qadına nə qədər gözəl olduğunu söyləmişdi. O isə söhbət zamanı demişdi:
— Kapitan Karraters mənə deyib ki, sən İspan dilini ana dilin qədər yaxşı bilirsən. Niyə bunu məndən gizlətmisən? Sənin bilmədiyin bir şey varmı heç?
Karraters sarsağın biri imiş. Şübhəsiz ki, Trisdeyl özü də günahkar idi. Klubda lüğətdən öyrəndiyi köhnə, vulqar bir ispan atalar sözünü deyərək öyünmüşdü (o, bəzən belə edərdi). Karraters isə şübhəoyandırıcı bir erudisiyanı şişirtəcək qədər özünü saxlaya bilməyən bir pərəstişkarı idi.
Lənət şeytana! Qızın heyranlığının ətri elə şirin və xoş idi ki, Trisdeyl onun dediyini inkar etmədi. O izin verdi ki, qız onun başına ispan təhsilindən ibarət olan çələngi də qoysun. Trisdeyl bu qalibiyyət əlamətini qəbul etdi və çələngin yumşaq toxunuşunda gələcəkdə ona sancılacaq bir tikanın olduğunu hiss etmədi.
Qız necə razı, necə utancaq, necə də titrək idi! Trisdeyl öz əzəmətini onun ayaqları altına sərəndə o, necə də tələyə düşmüş bir quşcuğaz kimi çırpındı! Trisdeyl həmin an and içə bilərdi ki, elə indi də and içə bilərdi ki, onun gözlərində dəqiq razılıq əlaməti var idi, amma o, utandığı üçün Trisdeylə birbaşa cavab verməmişdi. “Cavabımı sənə sabah yollayacağam,” – demişdi, Trisdeyl də səbirli, özünəinamlı bir qalibtək təbəssümü ilə gözləyəcəyini bildirmişdi. Növbəti gün o, səbirsiz halda cavabı gözləyirdi. Günorta isə ondan qulluqçusu vasitəsilə qırmızı saxsı dibçəkdə olan qəribə bir kaktus gəldi. Onun üstündə nə bir söz, nə mesaj vardı, sadəcə, bitkinin adını bildirən, hansısa barbar dildə yazılmış bir etiketdən savayı. O, gecəyədək gözlədi, lakin cavab gəlmədi. Ancaq həddən ziyadə qüruru və məğrurluğu Trisdeylə imkan vermədi ki, özü qızı axtarsın. İki gün sonra onlar nahar zamanı görüşdülər. Mədəni şəkildə salamlaşdıqdan sonra qız Trisdeylə nəfəs almadan, maraq və səbirsizlik dolu baxışlarla baxdı. Trisdeyl isə mədəni, eyni zamanda dəmir kimi möhkəm sima ilə izahat gözləyirdi. Qadınlara xas cəldliklə qız Trisdeylin tövründən nə isə anladı, elə o dəqiqə siması və baxışları buza döndü. Bu hadisədən sonra onlar ayrıldılar. Onun günahı nədə idi? Kimi qınamaq lazım idi? Darmadağın olmuş özündənrazılıq duyğusunun parçaları arasında cavab axtarırdı. Əgər…
Otaqdakı digər kişinin Trisdeylin düşüncələrinə kobudcasına soxularaq sual verməsi onu fikrindən ayırdı:
— Bura bax, Trisdeyl, axı sənə nə olub? Elə bədbəxt görünürsən ki, elə bil, toy zamanı sadə iştirakçı deyil, adaxlının özü olmusan. Bilirsənmi, mən üstəlik Cənubi Amerikadan iki min mil yolu sarımsaq iyi verən, içərisi qurd-quşla dolu banan daşıyan gəmi ilə gəlmişəm ki, günahlarımı çiyinlərimdə necə rahatlıqla daşıdığımı görüm. Bircə dənə balaca bacım var idi. O da getdi. Gəl bura! Bir şey iç ki, rahatlıq tapasan.
— İndi içmək istəmirəm, sağ ol, − Trisdeyl dilləndi.
— Bu brendi iyrəncdir. Vaxtın olanda Punta Redondaya gəl, gör ki, qoca Qarsiya qaçaqmalçılıqla necə içki gətirir. Səni inandırım ki, ondan ötrü səyahət etməyə dəyər. Buna bir bax! Köhnə tanış! Trisdeyl, bu kaktusu hardan tapmısan?
— Hədiyyədir- Trisdeyl dedi. – Bir dostdan. Növünü bilirsən?
— Əla bilirəm. Tropik bitkidir. Puntada belələrindən hər gün yüzlərlə görürəm. Adı da üstünə yazılıb. Heç ispanca bilirsən, Trisdeyl?
— Xeyr, − Trisdeyl acı bir təbəssümlə cavab verdi. – İspancadır ki?
— Bəli. Yerli əhali elə təsəvvür edir ki, kaktusun yarpaqları sanki sənə sarı uzanır və adamı özünə çəkir. Onlar onu belə adlandırırlar – Ventomarme. Mənası isə belədir: “Gəl və məni al”.
İngiliscədən tərcümə: Svetlana Quliyeva
kayzen.az