Noyabrın 3-də Kamera və orqan musiqi zalında Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində “Zəfər günün mübarək” adlı konsert təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının xoru (bədii rəhbər-Validə Cəlilova) çıxış edəcək.
Proqramda respublika və beynəlxalq müsabiqələr laureatların ifasında tanınmış bəstəkarların əsərləri ilə yanaşı, gənc müəllif Vəfa Bağırzadənin də əsəri səsləndiriləcək.
“Gənclərə dəstək” layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadə, musiqişünas Ayla Kərimova-Zəkəriyyənin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2016-cı ildə yaradılıb. Layihədə iştirak etmək üçün, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, A.Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdləri cəlb olunub.
Qeyd edək ki, bu il “Gənclərə dəstək” layihəsi 5 illiyini qeyd edir. Layihənin məqsədi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsi, eyni zamanda, dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır. Layihə çərçivəsində təqdim olunan proqramlar geniş auditoriyaya – yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.