- Ədəbiyyat

Kamilinfo Pərvanə Bayramqızının şeirlərini təqdim edir

İnciklik

Dağ deyilsən, sən xırdaca təpəsən.
Yox zirvəndə tülə bənzər duman, çən.
Qəribədir, ay vəfasız, bəs görən,
Hansı dağın dumanında azmışam?

Gözdən axan yaşlar mavi gölümdü.
Niyə onun saf suları bölündü?
Bu məhəbbət mənim üçün ölümdü…
Öz qəbrimi əllərimlə qazmışam.

Küsdüm bəxtdən eşitdikcə dilini
İtirmişəm ömrümün çox ilini.
Sızıldatdın ürəyimin telini
Qəm üstündə köklənən bir sazmışam.

Dərd gözləyir məni hələ qabaqda.
Öləziyir ömrümdəki çıraq da
Yan-yörəmdə hamı gülən bir çağda
Mən kədəri uda-uda yazmışam.

09.06.2003

                                                   Bu axşam

Hər yağış damlası min kəlmə, min söz
Göy nağıl söyləyir yerə bu axşam.
Buludlar çaxnaşıb yandıqca köz-köz
Təbiət sirrini verə bu axşam.

Ömrümü ən şirin yuxu sanıram,
Göyün nağılından xumarlanıram.
Deyirəm sehirli bir dünya quram
–Ruhumu gözlərim görə bu axşam.

Bu duyğu, bu ilham qonağım ikən
Bar verən bəhrəli bağlar kimiyəm.
Bağbantək sevinclə, zəhmətlə qələm
Könlünün barını dərə bu axşam.

Gəlimmi

Hicran tufan kimi kəsdi yolumu
Üzdü əllərimdən əlini sənin.
Qırıb ayrılığın dəmir qolunu
Təzədən yanına gəlimmi sənin?

Bir ömür gizlicə bir eşq yaşadım
Bu peşə sayılsa, ustaddır adım.
Dönüb köhnə izlə hey addım-addım
Təzədən yanına gəlimmi sənin?

Heyif itirdiyim günümə heyif,
Dadıma yetməyən ünümə heyif,
Hələ də “səninəm” sözünü deyib
Təzədən yanına gəlimmi sənin?

Yağdırma üstümə bu qarı yenə,
Qəlbim dara çəkir vüqarı yenə,
Götürüb sevgitək nübarı yenə,
Təzədən yanına gəlimmi sənin?

Bahar duyğulu arzu

İçimdə oyanan bahar sevincim,
Şairlik dünyamdan gələn bir elçim.
Torpağın bağrını dələn otlartək
Misralar göyərdir yenə də ürək.

İlhamım könlümün məhsulu, barı,
Duyğular səmanın nur damlaları.
Öz yaşıl donunu geydikcə çöl-düz
Rəssama çevrilir hər kəlmə, hər söz.

Yubanır qocalıq uzandıqca gün,
Yozur o birtəhər başını ömrün.
Həyatın dadından xəlvətcə dadır
Bu qısa sevincə ürək aldanır.

Demirəm dünyatək yaşa dolaydıq,
Demirəm sönməyən işıq olaydıq,
Deyirəm aratdan çıxan əkintək
Canlanıb təzədən yaşıl olaydıq.

19.03.2008

Köhnə şeir

Şeir də köhnələrmiş…
Birnəfəsə geynilən nimdaş paltarlar kimi
şeir dəbdən düşərmiş.
Köhnəlmiş paltarları
alırsan bir-bir ələ
Bəyənmirsən atırsan.
Bəzən bəxşiş verirsən,
bəzən ucuz satırsan.
Şeirisə satmaq olmur.
Nə qədər incisən də
övladı atmaq olmur.
Oxunmayan şeirlər elə bil ki, yetimdir.
Qayğısına qalan yox,
kifir bir insan kimi üzünə də baxan yox.
Amma…
nə qədər köhnə olsa,
nə qədər kifir olsa
şeir elə şeirdir.
Kəlmə-kəlmə yaranır.
Ruhun dərbədər olur,
Beynin əlinə “enib”
Bir ovuc sözə dönür.
Ətrafı unudursan,
Bir şeiri yazan zaman nə qədər dərd udursan.
Köhnəlmiş  şeirlər də bizdən bir nişanədir.
Bəlkə, əlavəniz var
köhnə şeir daha nədir?

Güllü yaylıq

Nənəsinin protez dişlərinə nəvə gülür
O hələ bilmir ki, dişin ağızda deyil,
Qabda olan vaxtı var.
Nənə bürünür, nəvə gülür…
Sümüklər sızıldayanda
Cırıq cins geymək olmur, qız.
Bir vaxt gələcək səni də od-ocaq
qızdırmayacaq.
Qarderobundakı paltarlar bədənini
İsitməyə azlıq edəcək.
Onda özünə yun şal alacaqsan.
Bu qədər geyimin üstündən
çiyninə şal salacaqsan.
Sonra “nənəm də belə edərdi”
deyəcəksən.
Nənənin güllü şalını xatırlayanda
gözlərin dolacaq.
“Ona babam bircə dəfə də olsun
gül  vermədi”
deyəcəksən.
“Elə şalının güllərini qoxuladı”.
Babanın yumruğunu “qismət” deyə
qəbul etdi.
Sən əziyyət çəkməyəsən deyə
özünə heç vaxt xərcləmədiyi puluna
anana cehiz aldı.
Müharibədəydi atan.
Yaylığının arasında gizlicə saxladığı
pulu aldın,
amma qarıdan iyrəndin…
su tökmədin əlinə…
Bəs sən
nənə olanda şal bağlamayacaqsanmı belinə?
Hələ
yaylığı qoxulamaq var gül yerinə…