78-ci Kann Film Festivalı çərçivəsində immersiv müsabiqəyə 9 ölkədən göndərilmiş 16 immersiv əsərdən 9-u müsabiqə üçün seçiləcək.
AZƏRTAC xəbər verir ki, immersiv filmlərin seçimi üzrə münsiflər heyətinin sədri və tərkibi açıqlanıb. İmmersiv müsabiqənin münsiflər heyətinə fransız rejissor Lük Jake sədrlik edəcək. Amerikalı artist Lori Anderson, fransız yazıçı Tania dö Montani, britaniyalı rejissor Marta Fyenn və yaponiyalı videooyun dizayneri Tetsuya Mizuquçi münsiflər heyətinin üzvləridir.
Mayın 22-də keçiriləcək immersiv müsabiqənin bağlanış mərasimində ən yaxşı immersiv əsər üzrə mükafatı təqdim etmək bu münsiflər heyətinə nəsib olacaq.
2024-cü ildə start götürən immersiv müsabiqə bu il 78-ci Kann Film Festivalı zamanı “Carlton” otelində baş tutacaq.