- Mədəniyyət

“Killerdən teleqram” monotamaşası yenidən səhnədə

Fevralın 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Killerdən teleqram” monotamaşası yenidən nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında səhnələşdirilib.

Səhnə əsərində Killer – Cəlil obrazını Əməkdar artist Şövqi Hüseynov canlandırıb. Monotamaşanın quruluşçu rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.

“Killerdən teleqram” uşaqlıq illəri çox acınacaqlı keçən, gənclik dövründə də bir çox mənəvi-psixoloji zərbələr alan insanın həyat hekayəsindən bəhs olunur. Əsərin yeganə qəhrəmanı qısa ömür yolunda həm özü, həm də cəmiyyətin yazılmamış qanunları ilə mübarizə aparsa da, onu qarabaqara izləyən ləkəli keçmişindən yaxa qurtara bilmir.