“kamilinfo”nun yeni qonağı tanınmamış jurnalist, qəzetist, saytist, loqosu və linqvanı fil eləyən, orfoqrafiyanın təəssübkeşi, Orfoqrafiya Komissarlığının təəccübkeşi, varvarzim və makaronizmlərlə mübarizənin təəhhüdkeşi Kim BİLİRdir.
– Salam, Kim bəy.
– Əleyküm salam.
– Hardan başlayaq?
– Jurnalist sənsən, mənim işim cavab verməkdir.
– Bağışla. …Orfoqrafiya barədə soruşmaq istəyirdim. Düzgün yazı qaydaları çoxdan var?
– Bəli, lap çoxdan…
– Konkretləşdirmək olar?
– Məsələn, təxminən 6 min il bundan əvvəl də düzgün yazı qaydaları vardı. Doğrudur, şumerlilər mixi yazıdan istifadə edirdi… Amma o yazının da standartları vardı. Dünyanın elmə məlum olan ilk yazıçısı sayılan şumerli Ludingirra ilk dəfə məktəbə getməyini belə təsvir edir: “Müəllim ayaqüstə idi, üzbəüzdə bir neçə oğlan oturmuşdu. Müəllim mənə arxada yer göstərdi, sonra gil topasından bir ovuc götürüb palçıq düzəltdi, onu yastıladı və bir qarış uzunluqda kəsik qamışla birlikdə mənə verdi. Müəllimin yanında iki yekə qamış vardı: biri digərindən uzun. Sonra bildim ki, qısa qamış öndəki, uzun qamış arxadakı səhv yazan şagirdləri vurmaq üçündür”. Yəni qaydalar da olub, cəza da…
– Gələk bu günümüzə. Son illər yaman demaqoqluq edirsən bu mövzuda…
– Elədi (gülür). Bir növ adətkərdə olmuşam. Adəti tərk etmək isə xəstəliyə səbəb olur.
– Nə baş verir?
– “Baş verir” yerinə düşmədi. Yəni başın bəzi proseslərdə aktiv iştirak etdiyini demək çətindir.
– Məsələn…
– Məsələn, yüz ilə yaxın əskinas şəklində yazılan söz sonradan hansısa mülahizələrlə əsginaz, daha sonra əsginas oldu. Sanatoriya və profilaktoriya sanatori və profilaktori, sonra yenidən sanatoriya və profilaktoriya oldu. Və ya apellyasiya – apelyasiya – apellyasiya, əsl – əsil – əsl, metafora – metafor – metafora… Axşam yatırsan, səhər durub görürsən, sözün yazılışını dəyişiblər.
– Səbəb nədir?
– Məntiq aciz qalır. Amma sahə ekspertlərinin müxtəlif ehtimalları var: həzin xatirə nəzəriyyəsi, elə bilsinlər hərəkət edirik nəzəriyyəsi, qozbelin arzusu nəzəriyyəsi, risk menecment nəzəriyyəsi… Qalanı qalsın sonraya…
– Bəzilərinə aydınlıq gətirərdin…
– Yadındadı, alman dili dərsi idi, Ömər müəllim imla yazdırırdı. Müəllim die Mappe (almanca qovluq, portfel) deyəndə sən mənə tərəf dönüb yavaş səslə, “Kim, ay Kim, Mappedə neçə p var?” deyə soruşdun. Müəllim bizə baxdığı üçün heç nə demədim, o isə üzünü sənə tutub “3 p” dedi və sən də elə yazdın. Bax, bu, bizim xatirədir. Kim bilir, bəlkə, akademik olsam, mən də qərar çıxararam ki, Mappe sözü transliterasiya olunanda 3 p ilə yazılsın. Orfoqrafiya Komissarlığında işləyən hər kəsin bir xatirəsi ola bilər: birinin istədiyi qız əsl əvəzinə əsil yazıb, ikincinin rəfiqəsi metafora əvəzinə metafor, digərinin Əsginaz adlı sevgilisi olub… Sonralar araları dəyib və sözün də status-kvosu bərpa edilib. Bəziləri hesab edir ki, sözlərin yazılışının dəyişirilməsinə səbəb budur və həmin nəzəriyyə həzin xatirə adlanır.
– Keçək digərinə…
– Bir lətifə var. Sovet xalqı qatarla gedir. Nəhayət, dəmiryolu bitir. Lenin əmr verir, iməcilk edib yol çəkirlər, bir qədər də gedirlər. Sonra yenə yol bitir, bu vaxt yeni baş katib Xruşşov əmr verir, arxadakı yolları söküb qabağa döşəyir və bir az da gedirlər. Nəhayət, bu yol da bitir. İndi baş katib Brejnevdir. O, əmr verir ki, düşüb qatarı irəli-geri itələsinlər, kənardan baxanlar elə bilsin ki, hərəkət edirlər. Orfoqrafiya Komussarlığı da 5-10 il yatır, vədə gələndə bir-iki sözün yazılışını dəyişib, fəaliyyət təəssüratı yaradır.
– Bəs sözlər özləri bu dəyişikliyə necə yanaşır?
– Çox normal. O məşhur lətifəni bilməmiş olmazsan.
– Hansını?
– Bir kənd haqda danışırlar. Deyir, orda uzun müddət bir-birini görməyən qadınlar belə hal-əhval tuturlar: “A bajın ölsün, yenə əvvəlki ərindəsən?” (gülür). Bizim sözlər də adətkərdə olub. Yazılış qaydası bir neçə dəfə dəyişməyən sözə pis baxırlar.
– Kim bəy, ilk təcrübəmdi, müsahibə necə alındı?
– Səndən qokku…
– Bu gündən bu dediyin iki söz mənim imzam olacaq
– Xeyirli olsun…
– Doğrudan, elə fikirləşirsən?
– Akademiyanın qabağında söykənib selfi çəkdiyin əyri çinar haqqı
– Çox sağ ol, getdim.
– Sən də. Yolun kənarı ilə get…
(ardı var)
Müsahibəni yazdı: Səndən QOKKU