- Köşə

Kim BİLİR. Ruslarda adqoyma

Qədim slavyanlar uşaqları üçün adları necə seçirdilər?

Xristianlığın qəbulundan əvvəl slavyanlarda uşaqlara adları valideynləri seçirdilər. Onların müəyyən semantik mənası var idi, onlar “danışan adlar” idi. Məsələn, üçüncü oğula Tretyak, sevimli və çoxdan gözlənilən qıza Lyubava adı qoyulurdu. Oğlanın itaətkar və mehriban böyüməsini istəyəndə ona Dobrınya adı verirdilər.

Uşaqlara həmçinin Svetlana, Krasava, Zabava, Miluşa, Dobromısl, Mstislav, Svyatoslav, Yaropolk, Svyatopolk və s.kimi adlar qoyulurdu. Qədim slavyanlar çox mövhumatçı idilər və buna görə də təəccüblü deyil ki, bir çox adlar ləqəblərə bənzəyirdi: Волчий Хвост (Qurd quyruğu), Нелюб (kin, ədavət, qərəz, düşmənçilik; sevməmə), Ждан (çox gözlənilən), Упырь (xortdan), Кручина (xiffət), Угрюм (qaş-qabaqlı) və s.

Болван (gic; axmaq, küt, korazehin, qanmaz) kimi adları isə bəd nəzərdən qorunmaq üçün qoyublar.

Slavyan xalqlarının adət-ənənələrində həmişə adlarla bağlı qaydalar (adətən, qadağalar) olub. Yeni doğulmuş uşağa “ad üstünə ad” verilməməlidir, yəni eyni evdə yaşayanlardan birinin daşıdığı addan istifadə etmək mümkün deyildi.

Əks halda eyni adlı şəxslərdən birinin ölə biləcəyinə inanılırdı. Çünki inanca görə, hər bir adın öz qoruyucu mələyi var və o, iki eyni adda adamı izləyə bilməz.

Bundan əlavə, Rusiyada əsl adı (vəftiz zamanı verilən adı) gizlətmək adəti olub. Hətta nikahda olan qadın əri haqda danışanda başqa sözlərdən istifadə edirdi – “ərim”, “mənimki”, “ağa” və s. Bu ənənə müəyyən dərəcədə günümüzə qədər gəlib çatıb.


Xristianlığın qəbulundan sonra uşaqlar üçün adlar müqəddəslərin təqviminə uyğun seçilməyə başlanılır

Святцы müəyyən bir gündə kilsə tərəfindən hörmət edilən müqəddəslərin adlarını sadalayan kilsə təqvimidir.

Valideynlər və ya keşiş doğumdan sonra səkkizinci günə uyğun adlar arasından seçim edir və uşaq bu gün vəftiz olunurdu. Bu təqvimlərdə müxtəlif mənşəli adlar var idi: latın, yunan, qədim yəhudi…  Bu adların bir çoxu ruslaşdı və rus xalqı tərəfindən slavyan adları kimi qəbul olunmağa başlandı.

Beləliklə, Stefan Stepan, Teodor Fyodor, İohan İvan oldu. Düzdür, bəzən keşiş güzəştə gedir və valideynlərin xahişi ilə həmin gün müqəddəslərin təqvimində qeyd olunmayan başqa bir ad verirdi.

Slavyan adları Vera, Nadejda, Lyubov tez-tez inqilabdan əvvəlki dövrlərdə uşaqlara tez-tez verilirdi, hərçənd Vera təqvimdə ildə iki dəfə, Nadejda və Lyubov isə hər biri yalnız bir dəfə görünür.

Təqvimdə ən çox rast gəlinən adlar bunlardır: Pyotr, Pavel, Aleksandr, Andrey, Mixail, Mariya, Anna və Yelena. Amma Olqa, Tatyana, Alla, Lyudmila və Yekaterinanın yalnız bir ad günü var.

Bununla belə, xoşagəlməz semantik yük daşıyan adlar var idi, məsələn, Ardalion – çirkli, Klavdiya – topal, Varvara – kobud, Vassa – səhra, Foka – suiti və bəziləri çox xoşagəlməz və hətta komik səslənirdi: Псой, Дул, Проскудня, Павсикакий, Агафонус.

İnqilabdan sonra nə dəyişdi?

Böyük Oktyabr Sosialist İnqilabından sonra yeni doğulan uşaqların qeydiyyatı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələri (ZAQS) tərəfindən həyata keçirilməyə başladı və artıq valideynlər istənilən adı seçə, hətta yeni ad icad edə bilərdilər.

İnqilabi şüarlardan bir çox adlar yarandı, məsələn Ikki (Kommunist İnternasionalının İcraiyyə Komitəsi), Roblen (leninçi olmaq üçün anadan olub), Revdit (inqilab uşağı). Aşağıdakı adlar isə məşhurlaşdı: Oktyabrina (Oktyabr İnqilabı), Vladlen (Vladimir Lenin).

Seçim azadlığından istifadə edən valideynlər bəzən uşaqlarına çox qəribə və qeyri-adi adlar qoyurlar. Coğrafi adlar – Altay, Amur, Kazbek, texniki adlar – Hipotenuz, Cəbr, Traktor, Turbina və s.

Yazı İnternet materialları əsasında hazırlanıb