- Cəmiyyət, Manşet

Kim haqlıdır: Mirzə Cəlil, yoxsa akademik Tarle?

İnsanlara faciə üz verəndə bunu müxtəlif cür ifadə edirlər. Dizinə döymək, “qarğı kimi saçlarını yolmaq”, “güz alması kimi al yanağını dartıb cırmaq”… Qədim Yunanıstanda faciə ilə üzləşənlər başına torpaq tökürdü. “İliada”da Hektor öldürülən zaman Heraklın belə etdiyi yazılır. Məncə, “kül başına” qarğışı da bununla bağlıdır. Ellinizm dövründə kimdənsə kiməsə keçib. Qədim Romada isə yaslı adamlar başına cəfəri yarpağından çələng qoyurdu… Məhərrəmlikdə zəncir vurmaq da faciəyə reaksiya kimi təqdim edilir. Baş yarmağın, zəncir vurmağın günah olduğunu çoxları bilir. Hələ ötən əsrin əvvəllərində “İrşad” qəzeti yazırdı: «Baş yarmaq, zəncir vurmaq, Qasım otağı gəzdirmək adətlərinin cümləsi artıq bir günahdır və bu, islam şəriətində heç bir kitabda və qanunda yoxdur və hər kəs ki, bu işləri əmələ gətirsə, böyük günahkar hesab olunur».

Bunlar öz yerində. Bəs bu cəhalət mərasimi hardan gəlir? Mirzə Cəlil bir felyetonunda yazır ki, bu mərasim qarabağlıların kəşfidir. İbrahim xanın zamanında bir neçə gənc günahına görə cəzalandırılmalı imiş. Ona görə gizlənirmişlər. Onların valideynləri M.P.Vaqifdən kömək istəyir. Vaqifin məsləhəti ilə müqəssirlər bir tədbir zamanı ağ köynək geyib başlarına zəncir vura-vura xan sarayının qabağından siyasət meydanına keçirlər. Bu, xanın xoşuna gəlir və onları bağışlayır. Sonralar bu mərasim hər il təkrar olunur. Mirzə Cəlil yazır ki, “cavanlar üçün minlərlə camaatın, xüsusən qaraqaşlı qızların nəzərini cəlb etmək özgə bir zövq və nemət idi… Bir vaxt gəldi, xan da, Vaqif də vəfat etdi… Bundan sonra xan üçün edilən ağköynək büsatını imam Hüseyn adına etməyə başladılar”.  Sonra Mirzə Cəlil Qarabağ camaatının dilindən yazır ki, bu icad onlara aiddir. Bir neçə nəfəri Tehrana göndərmək lazımdır ki, İran Millət Məclisində bu ixtiranın müəlliflik hüququnu təsdiq etdirsinlər.

Amma bu mərasimi İbrahim xanın dövründən 10 əsr əvvəl xristianların icad etdiyi barədə məlumatlar da var. Tarixçi Yevgeni Tarleyə görə, özünü şallaqlamaqla günahlardan təmizlənmə ideyası VIII əsrdə yaranıb. XI əsrdə Pyotr Damiani (1007—1072) «De laude flagellorum» («Şallağın mədhi») traktatında flagellantlığın nəzəri əsaslarını hazırlayıb. Sonralar sekta yaranıb və geniş yayılıb. 1265-ci ildə gənc bir monax özünü şallaqlayarkən “müqəddəslərin də ona qoşulduğunu” danışır. Guya onlar kilsənin qabağında özlərini zəncirlə döyüb deyirmişlər ki, bu, Allahın iradəsidir. Möminlər günahlardan təmizlənmək üçün onlardan örnək almalıdır. Monax gördüklərini yepiskopa danışır, o isə möminlər arasında özünü şallaqlamağı təbliğ etməyə başlayır.

Flagellantlar mərasim zamanı əvvəlcə tam, ya da qurşağa qədər soyunub qollarını xaç kimi açıb yerə uzanırmış. Magistr onları bir-bir şallaqla vurur, vurulanlar dərhal ayağa qalxırmış. Sonra dairə şəklində düzülür, zarıldayaraq dini himnlər və nəğmələr oxuyur, özlərini dəmir ucluqlu alətlə şallaqlayırmışlar. Bir neçə dəfə dövrə vurandan sonra diz üstə çöküb günahların bağışlanmasını istəyir, sonra yenə özlərini döyməyə davam edirmişlər. Araşdırıcılar yazır ki, flagellantların çoxlu sayda düyünləri olan üç quyruqlu şallağı olurmuş. “Hər düyündə zərbə zamanı bədənə sancılan və «çıxarılması üçün əlavə güc tələb olunan» barmaq uzunluğunda tikanlar varmış. Onlar bir qayda olaraq yerli kilsədə toplaşır, soyunur, əyinlərində yalnız kətan alt geyimi qalır, «qan şırnaqla topuqlarına qədər axıb töküləndə» şallaq mərasimi başa çatırmış. Kütlə onları rəğbətlə izləyir, sədəqə verir, onların qanını parçaya hopdurub müqəddəs bir şey kimi saxlayırmış.

Ruhanilər əvvəllər flagellantları dəstəkləsə də, sonralar kilsə və dünyəvi dövlət onlara qarşı birləşib. 1349-cu ildə papa Kliment onları mürtəd elan edib. Flagellantların magistrlərindən birini diri-diri yandırıblar. Bundan sonra sekta mənsubları fasilələrlə təqibə məruz qalıblar. Sonuncu flagellant mərasimlərinin 1820 və 1847-ci ildə Lissabonda keçirilməsi barədə məlumatlar var. Göründüyü kimi, “qızın iki namzadı var”. İxtira, əslində, avropalılara məxsusdur. Bəs bu vəhşi adət Azərbaycana necə gəlib çıxıb? Bəlkə də, müsyo Jordandan şübhələnməyə dəyər.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova