Ölkəmizin Moldovadakı səfirliyində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) tərəfindən “Nizami Gəncəvi 880” adlı tədbir keçirilib.
Tədbirdə Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriyak, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkədə fəaliyyət göstərən yəhudi, qaqauz, bolqar, rus və digər diaspor təşkilatlarının rəhbərləri və üzvləri, yerli və xarici tələbələr, yerli media nümayəndələri, həmvətənlərimizin ailə üzvləri iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları səfirliyin önündə yeni yaradılmış bağçada ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən MAK-ın sədri Elçin Bayramov qonaqları salamlayıb, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyini vurğulayıb. O, bu kimi tədbirlərin təşkilinin dünyada, eləcə də Moldovada yaşayan azərbaycanlılar, onların ailə üzvləri, xüsusilə gənc nəsil üçün Nizami irsinin öyrənilməsi və tanıdılması baxımından olduqca önəmli olduğunu bildirib.
Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriyak çıxış edərək hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlıq əlaqələrindən danışıb, xüsusilə son 10 ildə birgə müxtəlif tədbirlər təşkil edildiyini, çoxlu sayda Azərbaycan kitablarının rumın dilinə, moldovalı müəlliflərin əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu söyləyib. T.Kiriyak 2018-ci ildə Moldovada Azərbaycan ədəbiyyatı günlərinin təşkil edildiyini, habelə ölkəmizdə Moldova ədəbiyyatı günlərinin keçirildiyini xatırladaraq, yazar və mütəfəkkirlərin əsərlərinin sərhədləri aşaraq ölkələr və xalqlar arasında münasibətləri genişləndirməyə xidmət etdiyini nəzərə çatdırıb. Bu xüsusda, moldovalı sədr Nizami Gəncəvi yaradıcılığının önəmini vurğulayıb, dünyada geniş şöhrət qazanmış “Xəmsə”nin poetik-fəlsəfi düşüncənin zirvəsində dayandığını bildirib. Səfirliyimiz və MAK ilə yaxından əməkdaşlıq etdiyini deyən T.Kiriyak bu tədbirlərin keçirilməsinin hər iki ölkənin əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmli olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov qonaqları salamlayıb, xalqımızın milli irsinin dəyərli hissəsi olan Nizami Gəncəvi yaradıcılığının araşdırılmasının, gənc nəslə, uşaqlara aşılanmasının əhəmiyyətindən bəhs edib.
Səfir bildirib ki, Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Moldovada bir sıra tədbirlər planlaşdırılır. O, bu çərçivədə paytaxt Kişineuda milli kitabxanada görkəmli şairin həyat və yaradıcılığına həsr olunmuş geniş konfrans keçiriləcəyini diqqətə çatdırıb. Səfirlikdə Azərbaycan xalqının tarixini və irsini əks etdirən açıq havada muzeyin yaradıldığını deyən səfir, burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldıldığını və tezliklə Azərbaycanın məşhur şair və mütəfəkkirlərinin barelyeflərinin, o cümlədən Nizami Gəncəvinin barelyefinin də quraşdırılacağını bildirib.
Q.Osmanov onu da qeyd edib ki, səfirlikdə 27 sentyabr tarixində Vətən müharibəsinin başlamasının ildönümü qeyd olunacaq, Anım Günündə Azərbaycan torpaqlarının azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad ediləcək. Noyabrın 8-də – Qələbə Gününün birinci ildönümündə bayram tədbirlərinin keçiriləcəyini də qeyd edən səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun bütün Azərbaycan xalqına Qələbə sevinci bəxş etdiyini vurğulayıb. Eyni zamanda, Q.Osmanov qeyd edib ki, səfirlikdə Zəfərimizin şərəfinə “Dəmir yumruq” barelyefinin açılması gözlənilir.
Daha sonra tədbirdə Moldovanın xəbər portalı “Bloknot”un baş redaktoru Viktor Advaxov, Moldovada fəaliyyət göstərən dağ yəhudiləri icmasının rəhbəri Roman Aronov, qaqauz icmasının rəhbəri Nikolay Terzi çıxış edərək, dahi mütəfəkkirin əsərlərindən danışıb, tədbirin Nizami Gəncəvi sənətinin öyrənilməsi və tədqiqi baxımından vacib olduğunu bildiriblər.
Tədbirdə MAK-ın vətənpərvər və fəal üzvlərindən Maarif Rəhimov, Yasin Seyidov, Zamir Qubadov, Allahverdi Xələfov, Mehralı Quliyev və digərləri çıxışlar edərək dahi yazarın əsərlərindən nümunələr səsləndirib, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş Nizami yaradıcılığının həmvətənlərimizə, doğma Vətəndən ayrı yaşayan gənclərə tarixi keçmişimiz, milli dəyərlərimiz və milli ədəbiyyatımızın öyrədilməsi üçün əvəzsiz xəzinə olduğunu qeyd ediblər.
Sonda uşaqlar Nizami Gəncəvinin şeirlərini səsləndirib, dahi mütəfəkkirin 880 illik yubileyi münasibətilə hazırladıqları “Şuşanın qala divarları”nın maketini nümayiş etdiriblər. Uşaqlar səmaya bəyaz şarlar buraxıblar.
Qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.
Tədbir Moldova mediası tərəfindən geniş işıqlandırılıb.