- Dil

Kitab-kitab sözlərimin müəllifi…

Gülyaz ƏLİYEVA

Ana dili! Bu kəlmələri eşidəndə öncə yadıma anam, sonra isə onun mənə uşaq vaxtı oxuduğu laylanın sədaları düşür və istər-istəməz dilimin ucuna hopur. Anam kimi həzinlik və gözəlliklə olmasa da, dodağımın altında zümzümə edirəm:

Laylay dedim adına,

Tanrı çatsın dadına.

Böyü, igid oğul ol,

Mən çatım muradıma.

Oxşasın dilim səni,

Bəsləsin elim səni,

Vətənə gərək olan

Bir igid görüm səni.

Sən dilin qüdrətinin böyüklüyünə bir bax! Ciyərparası, göz bəbəyi olan körpəsini böyüdərkən ana öncə onun Vətənə gərəkli igid olmasını arzu edir. Özünü yox, Vətəni, eli-obanı düşünür.

Bu dörd misralıq bayatılarda böyük-böyük kitablara sığmayan mətləblər yatır! Bax, bu dilin möcüzəsidir!

Ana dili! Bu dilin anamızın dili, bizi bu dünyaya gətirən ən güclü və zərif, uğrunda hər bir kəsin göz qırpmadan canını verəcəyi, ayaqları altının hamımız üçün cənnət olacağı, laylası ilə canımıza, qanımıza həyat sevgisi, vətən məhəbbəti hopduran müqəddəs bir varlığın dilidir. Bu dil bizə doğmadan doğma, əzizdən əzizdir. Çünki bu dil soyumuzin, kökümüzün, əcdadımızın işlətdiyi dildir. Bu dil Azərbaycan dili, Vətən dilidir.

Bu xalqın torpağı qədər dili də onun varlığının, mövcudluğunun şərtidir. Dil də Vətəndir. Harda bayatı söylənilir, Füzuli oxunur, Üzeyir musiqisi səslənirsə, ora Vətəndir! Azərbaycan dili də bizim tarixi keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimizdir. Dil xalqın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, adət-ənənələrinin ifadə vasitəsidir. Ona görə də bütün dövrlərin böyük şairləri – xalqını, millətini, anasını sevən ədibləri ana və dil haqqında fikirlər söyləmiş, şeirlər yazmışlar. Bunların arasında bütün ömrü və yaradıcılığı boyu ana dilinin təmizliyi, saflığı uğrunda mübarizə aparan B. Vahabzadənin də xüsusi yeri var. Öz sözləri ilə desək, “xalqın danışan dili olan” B. Vahabzadə dili şair təbiətli xalqımızın ən qiymətli sərvəti hesab etmiş, onu bəyənməyənləri təmiz ana dilində qarğıyaraq demişdir:

Ey doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,

Ruhunuzu oxşamır qoşmalar, telli sazlar,

Bunlar qoy mənjm olsun,

Ancaq Vətən çörəyi sizlərə qənim olsun!

Ana dili mövzusu şairin yaradıcılığında ötəri mövzu deyil, bütün yaradıcılığı boyu müraciət etdiyi mövzudur. Ana dilinə məhəbbət şair üçün xalqa və anaya münasibətdir. B.Vahabzadəyə görə, ana dilini sevməyən öz anasını, xalqını da sevə bilməz. Torpağa, elə, obaya, Vətənə bağlana bilməz. Kökündən, soyundan uzaq düşər, yadlaşar, yabanılaşar, “manqurtlaşar”. İnsanın Vətən, yurd hissi onun ana dilinə ayrılmaz şəkildə bağııdır. Şair “ana”, “ana dili” və “Vətən” anlayışlarını yanaşı qoyur, onlar arasında fərq görmür. Savadsız ananı öz əsərlərinin müəllifi adlandırır. Çünki bu ananın laylalarında, bayatılarında, nağıllarında xalqın hikməti, ruhu, dili yatır:

Savadsızdır,

Adını da yaza bilmir

Mənim anam…

Ancaq mənə

Say öyrədib,

Ay öyrədib,

İl öyrədib,

Ən vacibi

…Dil öyrədib

Mənim anam, –

deyən şair dünyada hər şeyi bu dil ilə tanıdığını, hər şeirini, hər nəğməsini bu dil ilə yaratdığını söyləyir.

Çox şairlər, ədiblər ana və dil haqqında fikir söyləyib. Lakin B. Vahabzadənin mövqeyi daha başqa idi. Əgər ustad Şəhriyar:

Anam məni yaratmış,

Mən aləm yaratmışam, –

deyirdisə, B. Vahabzadə:

Yox, mən heçəm,

Mən yalanam,

Kitab-kitab sözlərimin

Müəllifi – mənim anam, –

deyirdi.
Vətəni də, dili də ana ilə tanıdığını, onların da ana qədər müqəddəs olduğunu hər şeirində bizə çatdırmağa çalışırdı. Axı onlara da ana – “ana dili”, “ana Vətən” deyirik. Qarşısında “ana” sözü olan hər şey əziz, toxunulmaz və müqəddəsdir.

İstərəm bir “ana”, bir “bala” sözü,

Lüğətdə sözlərin başında gedə, –

deyən şair ona görə ananı hər şeydən uca, üstün tuturdu ki, dilimizin şirinliyini, Vətənə məhəbbəti bizlərə hələ bələkdə ikən beşik başında keşik çəkən analarımız öyrədir, öz laylaları ilə qanımıza, canımıza, ruhumuza hopdururlar:

Hopdu ruhumuza bayatılardan

Nəğməyə bənzəyən ləhcələrimiz.

Daddıq dilimizin şirinliyini

Hələ bələkdəykən bu beşikdə biz, –

deyən şair qeyd edir ki, Üzeyirin nəğməsi, Füzuli şeiri öz kökünü ana laylasından alır. B. Vahabzadəyə görə, Vətən sevgisinin, dilə məhəbbətin, kökümüzün, soyumuzun tanınmasında, xalqımızın milli adət-ənənələrinin, mənəviyyatının qorunmasında ananın və ana dilinin rolu böyükdür.

Mən əbəs yerə yazıya layla ilə başlamadım. Çünki ana laylasında əzəlimiz, dilimizin şirinliyi, süd qoxusu, musiqililiyi, ahəngdarlığı, Vətənə sevgi, igilik, vətənpərvərlik ruhu yaşayır və bunları analarımız ruhumuza, canımıza hopdururlar. Ona görə B. Vahabzadə “ana” və “ana dili” kəlmələrini məhz yanaşı çəkirdi. Bu, doğrudan da, belədir.

Dünyaya gətirdiyi körpəsinin başına pərvanə kimi fırlanan ananın məhəbbəti qədər böyük, təmənnasız məhəbbət, sevgi ola bilməz. Namaz üstündə öz ömründən illərin kəsilib övladının ömrünə calanmasını istəyən, canını, ömrünü övladına bağışlamaq istəyən ana övladını təkcə Vətənə güzəştə gedir, onu Vətənə qurban verir, Vətənə qıyır. Laylasında da:

Vətənə gərək olan

Bir igid görüm səni, – deyir

Laylanın hər xalı bir ümid, güman,

Onun ahənginə qaynadı qanım.

Anamın yanıqlı laylalarından

Süzüldü ruhuma Azərbaycanım.

Bizim anaların laylalarından

Axdı ruhumuza Vətənin özü.

Beşik kökümüzdür, ucalıb ordan

Tanıdıq dünyada öz kökümüzü.

Vahabzadənin anaya, ana laylasına önəm verməsinin əsl səbəbi məhz bu idi. Vətənə sevgi, soyumuza, kökümüzə bağlılıq məhz buradan gəlirdi.

Bu dil – bizim eşqimiz, ruhhmuz, canımızdır,

Bu dil – bir-birimizlə əhd-peymanımızdır

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Onu gözlərimiztək qoruyub,

Nəsillərə biz də hədiyyə verək !

B Vahabzadəni düşündürən ən vacib məsələ məhz bu idi.

Sovet dönəmində dilimizin sıxışgırıldığı vaxtlarda da o daim dilimizin saflığı, qorunub gələcək nəsillərə ötürülməsi qeydinə qalırdı. “Latın dili” şeirini yazanda da şair məhz bunları anlatmağa çaıışırdı.

Bu haqda özünün “B.Vahabzadənin yaradıcılığında

ana dilimizin mövqeyi” məqaləsində Şabizadə Vüsal Əli oğlu yazır:
“Aşağıdakı misralarla şair xalqı mövcud ola-ola dilimizin ölməzliyini və təmizliyini təmin etməyə çalışmışdır. Latın dilindən örnək gətirmişdir.

Latın dili!

Hər sözündə dünya boyda yük daşıyır,

Latın dili! – Millət ölüb,dil yaşıyır.

“Ana”deyən,”torpaq”deyən,”Vətən”deyən yox bu dildə.

Ancaq yenə yaşar bu dil.”

B.Vahabzadənin dilə münasibətdə mövqeyi XX əsr ziyalıları ilə üst-üstə düşürdü. Belə ki, C.Məmmədquluzadənin “Anamın kitabı” əsərində ortaya qoyulmuş problem o cəmiyyətin ana dilinə olan münasibətini gözəl şəkildə təsvir edirsə, B.Vahabzadənin bu gün çox məşhur olan aşağıdakı misraları da bu günün dil mənzərəsini, insanlarımızın doğma dilə münasibətini açıq aydın ortaya qoyur:

Bir vaxt rusca idi, bütün reklamlar,

Indi ingiliscə dürtülür gözə.

Itin də dilinə hörmətimiz var

Bircə öz dilimiz yaramır bizə!

Böyük şairin bu sözlərinin doğru olduğunu, çox təəssüf ki, FADMM əməkdaşlarının şəhərimizdən çəkdiyi şəkillər 100% təsdiqlədi.

B Vahabzadə təkcə şeirlərində deyil, özünün “Ana dilim – ana köküm”, “Tarix. Dil. Ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Ana dili ,Dövlət dili” məqalə və publisistik yazılarında da ana dilindən sonsuz məhəbbət və hərarətlə bəhs etmiş, onun müqəddəsliyini, əzəmətini, toxunulmazlığını dilə gətirmişdir. Filosof şair yazırdı:

 “Ana dili xalqın ruhudir, mənəvi dünyasıdır”.

Ona görə də biz bu dili öyrənməli, sevməli və qorumalıyıq! Təkcə ona görə yox ki, bu dil bütün elmləri öyrənməyimizin açarıdır. Azərbaycan Respublikasının dövlət dilidir. Həm də ona görə ki, anamızı, vətənimizi sevmək, soyumuzu, kökümüzü tanımaq, əsl vətəndaş olmaq üçün ana dilini mükəmməl bilməliyik və bu “qiymətli xəzinə”ni gözlərimiztək qoruyub gələcək nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur.