Beynəlxalq Muğam Mərkəzində özbək dilinə tərcümə edilmiş “Kitabi-Dədə Qorqud” dastanının təqdimat mərasimi keçirilib.
APA xəbər verir ki, təqdimat mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə yanaşı, bir sıra dövlət və mədəniyyət xadimləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Kitabi-Dədə Qorqud” dastanının türk xalqları üçün əhəmiyyətindən danışıb: “Xalq və mədəniyyət eyni anlayış altında birləşir: mədəni kimlik. Hər bir mədəniyyət sözlə başlayır, daha sonra söz cümlə, cümlə isə kitab olur. Böyük xalqlar isə bu kitabı dastana çevirir. “Kitabi-Dədə Qorqud” dastanı böyük türk toplumunu, türk xalqlarını, onların tarixini, coğrafiyasını özündə ehtiva edir”.
Nazir müavini həmçinin sözügedən dastanın özbək dilinə tərcümə olunmasının iki dövlət arasındakı qarşılıqlı mədəni əlaqələrini möhkəmləndirəcəyini qeyd edib.
Çıxış edən professor İsa Həbibbəyli kitabın özbək dilində nəşrini böyük mədəni hadisə adlandırıb: “Hesab edirəm ki, dünya dastanlarını tərəzinin bir gözünə, “Kitabi-Dədə Qorqud”u isə digər gözünə qoysaq, sözsüz ki, “Kitabi-Dədə Qorqud” daha ağır gələr. Bu dastan böyük bir mədəni və bədii hadisədir və bu dastanın tərcümə olunması olduqca ciddi əhəmiyyətə malikdir”.
Qeyd edək ki, dastan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi əsasında tərcümə edilib.