- Manşet, Mədəniyyət

“Kitabi-Dədə Qorqud” dastanının özbək dilinə tərcüməsi başa çatıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi əsasında ən qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanı özbək dilinə tərcümə olunub.

AZƏRTAC xəbər verir ki, “Kitabi-Dədə Qorqud” dastanını orijinaldan özbək alim və tərcüməçisi Babaxan Şarif çevirib.

Dastan yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran möhtəşəm sənət nümunəsidir. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır.

AMM-in direktoru Samir Abbasov bildirib ki, Mədəniyyət Mərkəzi bu il “Kitabi-Dədə Qorqud” dastanı – Azərbaycan və türk dünyasının şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsini, habelə kitabın Daşkənddə nəşrini planlaşdırır.

AMM xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, adət və ənənələrini təbliğ etmək məqsədilə “Kitabi-Dədə Qorqud” dastanı haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə də yaradıb.