- Cəmiyyət

KİV: Rusiya ordusundan fərar etmək istəyənlərin sayı kəskin artıb

2023-cü ilin payızında Rusiya ordusundan fərar etmək üçün yardım müraciətlərinin sayı yay ilə müqayisədə 89 % artıb.

“Report” “The Moscow Times”a istinadən xəbər verir ki, bu barədə rusiyalılara Ukraynadakı müharibədə iştirak etməkdən yayınmağa yardımçı olan “Rədd ol” təşkilatının verilənlərindən məlum olub. Fərarilik hallarının artımını “Vətəndaş.Ordu.Hüquq” təşkilatının direktoru Sergey Krivenko da qeyd edib.

Bildirilib ki, “Rədd ol” təşkilatına sentyabr-noyabr aylarında 577 müraciət daxil olubsa, iyun-avqust ayları üçün 305 müraciət olub. 2023-cü ilin aprel ayından etibarən təşkilatın hüquqşünasları və könüllüləri fərariliyə cəhd edən 1 000-dən çox hərbçiyə məsləhətlər verib.

Layihənin rəhbəri açıqlayıb ki, hərbçilərin əksəriyyəti yaralandıqdan və Rusiya xəstəxanalarına yerləşdikdən sonra sonra fərarilik etmək qərarına gəlir.

“Vətəndaş. Ordu. Hüquq”un direktoru Krivenkonun sözlərinə görə, əgər “qismən” səfərbərlik elan ediləndə kimsə müəyyən xidmət müddətindən sonra evə qayıda biləcəklərinə ümid edirdisə, bir ildən sonra “belə illüziyalar yoxdur”. O izah edib ki, qaçarkən tutulma şansı çox böyükdür, adətən bu cür hərəkətlərə az adam qərar verir. Fərarilər hərbi patrul tərəfindən tutulur, sonra isə cəbhəyə göndərilir, çox vaxt iş məhkəməyə getmir.

Vəkil Maksim Qrebenyuk bildirib ki, öz təcrübəsində fərarilər tez-tez şərti cəza alırlar, bu onları müharibədə iştirakdan xilas etmir. Şərti cəza ilə fərarilər cəbhə xəttinə qaytarılır.