“Kiyevə növbəti hava hücumu paytaxt üçün may ayının dörd günü ərzində artıq üçüncüsüdür. Şəhərimiz bu ilin əvvəlindən bu qədər hücum intensivliyi ilə üzləşməmişdi”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Kiyev şəhəri hərbi administrasiyasının mətbuat katibi Mixail Şamanov ötən gecə paytaxta hava hücumunun detallarını açıqlayarkən bildirib.
“Bu gecə təcavüzkar düşmən yenidən kompleks hava əməliyyatı həyata keçirib. Paytaxtda həyəcan təbili 3,5 saatdan çox davam edib. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popkovun sözlərinə görə, Kiyevə “Şahed” tipli baraj sursatları və, ehtimal ki, ballistik raketlərdən istifadə etməklə hücum ediblər”.
Onun sözlərinə görə, istifadə olunan raketlərin son növü yalnız qalıqların tədqiqindən sonra müəyyən ediləcək:
“İlkin məlumata görə, Kiyevdə hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən düşmənin bütün raketləri və PUA-ları məhv edilib. Paytaxtın Şevçenkivski, Peçerski və Podolski rayonlarında düşmənin aviasiya obyektlərinin vurulması nəticəsində müxtəlif küçələrdə 10-a yaxın bina uçub, dağıntıların nəticəsində park edilmiş avtomobillər (sayı dəqiqləşdirilir) və yollara qismən ziyan dəyib. Xəsarət alan vətəndaşlar barədə məlumat yoxdur, insanların həyat və sağlamlığına ciddi ziyan dəymədiyi bildirilir”, – deyə, o əlavə edib.