Bir neçə gün öncə bir iş yoldaşımızın toyu oldu. Tam fərqli…Bu toyu digərlərindən fərqləndirənsə bəylə gəlinin toy zalına adət etdiyimiz “Vağzalı” ilə deyil, vətənpərvərlik marşının sədaları altında, Milli bayraqlarımızın əhatəsində daxil olmaları idi. Ən təsirlisi isə, toya dövlət himnimizin ifası ilə start verilməsi oldu.Toyun valideynlərin xeyir-duası ilə deyil, II Qarabağ savaşında canlarından keçən şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükütla anılması bütün zalı titrətdi, kövrəltdi…Böyüklü-kiçikli bütün zal ayaq üstə şəhidlərin xatirəsini ehtiramla yad etdi. Budur vətənpərvərliyin real təbliği. Toy sahiblərinin icazəsi olmadan həmin fotoları paylaşa bilməsəm də, bu addımı əsl azərbaycançılıq, vətən təəssübkeşliyi hesab edirəm!
Bəli, EUROPAMAPAS Beynəlxalq sorğu mərkəzinin bu yaxınlarda dünya ölkələri arasında vətənpərvərlik mövzusunda apardığı sorğuda Azərbaycanın ilk sırada olması təsadüf deyil. Bu gün doğrudan da, hər bir Azərbaycan vətəndaşı öz vətəni uğrunda ölməyə hazırdır! Bu gün hər bir azərbaycanlı şəhidi ilə qürur duyur, xatirəsini ehtiramla yad edir… Elə toy günündə bəylə gəlinin şəhidlərimizi 1 dəqiqəlik sükutla anması da əsl vətənpərvərlik dərsi idi-bütün zala!
II Qarabağ savaşında xalqımızın qazandığı Zəfərdən sonra qəhrəmanlıqla həlak olan şəhidlərin əksəriyyətinin ev-muzeylərinin yaradılması olduqca müsbət tendesiyadır, bu həm yeniyetmələrin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir, onları vətəni sevməyə, qəhrəmanlıqlar göstərməyə ruhlandırır, həm də zərərli vərdişlərdən yayındırır.
Etiraf edək ki, şəhidlərin ev-muzeyləri həm də şəhid ailələrinin ağrısını azca da olsa yüngülləşdirir, onların ürəklərindəki nisgili azaldır, qürurlandırır, fəxarət hissi oğul dağına təsəlli olur…
Bu günlərdə şəhid məzunumuz baş leytenant Vüsal Kazımovun yaşadığı Yuxarı Nüvədi kəndində , doğulduğu evdə yaradılan muzeydə oldum.Vüsal Lənkəran Dövlət Universitetinin həm məzunu, həm də tələbəsi idi. Universitetin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra ikinci ixtisasa yiyələnirdi. LDU-nun qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavriat ixtisası üzrə təhsilini başa çatdırmaq üzrə idi…amma ikinci ixtisas üzrə məzun olmaq qismətində deyilmiş…
Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayan Vüsal Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid oldu, 29 noyabr 2020-ci il tarixində Lənkəran rayonun Yuxarı Nüvədi kəndində doğulduğu torpağa tapşırıldı.
Ölümündən sonra bir neçə döyüş medalına layiq görülən şəhid məzunumuzun doğulduğu ev indi təkcə Lənkəranda deyil, bütün cənub bölgəsində müqəddəs məkana çevrilib. Hər gün bu ocağı onlarla insan ziyarət edir.Yaxın rayonlardan gələn məktəblilər, müəllimlər, idmançılar da az deyil.Axı, Vüsal Kazımov həm də Lənkəran şəhər uşaq gənclər idman məktəbinin direktoru idi…
Muzeydə gördüyüm hər şey mənə Vüsalı xatırladır. Şəhidin şəxsi əşyaları, ailə, iş, hərbi həyatını əks etdirən fotoşəkilləri, aldığı təltiflər, qanlı zabit mundiri, video materiallar, büstü igid döyüşçünün həyat və döyüş yolunun müəyyən məqamlarını özündə yaşadır. Havaların isti keçməsinə baxmayaraq ev-muzeyinə gələnlərin ardı-arası kəsilmir.Şəhid atası, Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov hər birimizə diqqətlə yanaşsa da, yeganə oğlunun itkisindən necə əzab çəkdiyini gözlərindən oxuyuruq.
Şəhidin bizə əmanət iki qız balası isə evə çoxlu qonaq gəlməsindən sevinir. Yenicə dil açan Aynur atasını xatırlamasa da, 6 yaşlı Nuray atasının evə dönəcəyi günü ümidlə gözləyir…Anası, ömür gün yoldaşı, doğmaları da Vüsalın nə vaxtsa qapını açıb içəri keçəcəyinə inanırlar…belə dedilər…
Şəhidi qocaltmaz illərin yaşı,
Şəhid yatan torpaq oyaqdır, yatmaz!
Şəhidi ağlasın bahar yağışı,
Ona – anaların göz yaşı çatmaz…
Şəhidlərin uyuduğu məzarlar, xatirə eksponatlarının toplandığı evlər, onlarla bağlı olan hər şey müqəddəsdir.Bu müqəddəsliyi duymaq , ehtiram etmək hər birimizin borcudur.Vətənpərvərlik elə budur-vətən uğrunda canından keçənlərin xatirəsini daima anmaq, yaşatmaq,ehtiram etmək, ev-muzeylərini müqəddəs məkana çevirmək, ziyarət etmək!…Belə olsa, Vətən heç vaxt yağı qarşısında boyun bükməz, əyilməz!
…Köçüb ürəklərdə qalan oldunuz,
Unutmaq olarmı , sizi, şəhidlər?!
Vətən uğrunda canından keçən, qanları ilə qara torpağı Vətən edən vətən oğulları!Bu vətən durduqca siz də varsınız. Ağrınız, nisgiliniz , xatirələriniz qəlbimizdədir.Rahat uyuyun. Amallarınızı davam etdirən nəsil yetişir.
Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri