Qəzənfər KAZIMOV, professor
Sintaktik bütövlərin komponentləri bir-biri ilə həmişə eyni üsulla əlaqələnmir. Bu cəhəti mətn üzərində praktik şəkildə yoxlayan dilçilər komponentlər arasında məntiqi rabitəni müxtəlif şəkildə müşahidə etmişlər. İki əlaqə üsulu – zəncirvarı və paralel əlaqələr hamı tərəfindən qəbul edilir.
Z ə n c i r v a r ı əlaqənin əsas xüsusiyyəti ondan ibarətdir ki, əvvəlki cümlənin reması sonrakının teması kimi çıxış edir və bu proses sintaktik bütöv boyu davam edir, cümlələr bir zəncirin həlqələri kimi bir-biri ilə bağlanır. Bu prosesdə həlledici rol təkrarların üzərinə düşür. Hətta bə`zən əvvəlki cümlənin reması sonrakında tema şəklində olduğu kimi saxlanılır. Məsələn: İndi Çolu gerçəkdən ağlayırdı. Ağlayırdı ona görə ki, çarəsizliyə uğramışdı burda. (Ş.Həsənoğlu) Ağlayırdı sözü birinci cümlədə “yeni”ni, ikinci cümlədə “mə`lum olan”ı bildirmiş və ikinci cümlədə temaya çevrilərək onu birinci cümlə ilə bağlamışdır.
Köksünü ötürüb gümüldənməyə başladı gəlin. Gümültüsü iniltiyə çevrildi. O da həzinləşib, durulaşıb iyirmi yaşlı, qələm qaşlı, qara baxtlı bir gəlin sevdası ilə çulğaşıb yanıqlıca bir təranəyə çevrildi. (Ş. Həsənoğlu)
Birinci cümlənin reması (gümüldənməyə başladı) ikinci cümlədə gümültüsü şəklində temaya çevrilmişdir. İkinci cümlənin reması iniltiyə çevrildi sözləridir və bu sözlər sonrakı cümlədə “o” sözü ilə ümumiləşdirilmişdir. Son məqamda gümültü – inilti – o silsiləsi yanıqlıca bir təranə sözləri ilə tamamlanmışdır.
Subyekt, obyekt və predikat ideyası cümlədən cümləyə bu cür irəliləyə-irəliləyə hadisələrin bağlanmasına, tematik proqressiyaya səbəb olur. Hər bir yeni cümlədə fikir nüvəsini təşkil edən bir söz olur və belə sözlər “yeni”ni bildirir. Tema isə təkrarlarla, sinonim vasitələrlə, əvəzliklər və şəkilçilərlə yada salınır. Nəticədə cümlədə silsilə rema-nüvələr yaranır:
Yaylanın ortasından gur sulu qıjov bir çay axırdı. Çayın yuxarı başında çox hündür, dəvə beli kimi donqar bir bel dolaylanmışdı. Belin dərəyə çevrilmiş oturacağında çal bir qayalıq görünürdü: baxıb, baxıb bu qayalığa, elə bil ki, bir çimdicik ağıl gəldi qarının başına, tanıdı qayalığı. Ağ kaha adlanırdı bu qayalıq. Orada içi otaq kimi rahat bir kaha vardı. Kaha özünə çəkib, elə bil ki, dartırdı qarını. (Ş.Həsənoğlu)
Bu cümlələri zəncir həlqələri kimi bağlayan sözlər çay – bel – qayalıq – kaha sözləridir. Bu sözlərin hər birinin ortaya çıxması özündən əvvəlkinin tematik gücü ilə bağlıdır.
Zəncirvarı əlaqədə müxtəlif söz-formalardan istifadə edilir, cümlədən cümləyə addayan sözlər müxtəlif dəyişikliyə uğrayır. Hətta bə`zən tema – rema əvəzlənməsi paralelləşə bilir. Sintaktik bütövün ilk cümləsindəki subyekt – predikat ideyası inkişaf etdirilərək cümlədən cümləyə keçirilir. Məsələn:
Gecə göy üzündə ulduzlar yanıb Mil düzü soyumağa başlayanda gürzə qayıdıb bir də gəlir, şappıltıyla özünü qəbrə salıb Turac qarının qoynuna girirdi. Bir yandan qəhərlənirdi qarı bu gəlişə, bir yandan sevinirdi. Qəhərlənirdi ona görə ki, bu gəliş bir ilan gəlişi idi, bir gürzə gəlişi idi, o da nə qədər qoca olub ölmək istəsə də, yenə insan idi. Sevinirdi ona görə ki, ölmək istəyirdi. Bu tənhalıqdansa, bir ilanla qucaqlaşmaq yeydi. Axı necə olsa, bir canlıydı gürzə, nəfəs alıb yaşayırdı, dil çıxarıb məhəbbətindən gecələr yalayırdı onu. (Ş.Həsənoğlu)
Birinci cümlədə əsas ideya gürzə gəlirdi sözləri ilə verilmişdir. Bu sözlər sonrakı cümlədə bu gəliş sözləri ilə temalaşdırılmış, həmin tema həmcins-antonim rema ilə (sevinirdi, qəhərlənirdi) müşayiət olunmuşdur. Üçüncü cümlədə həmin remalar baş cümlə şəklində (Qəhərlənirdi ona görə ki, Sevinirdi ona görə ki…) temalaşdırılmış, səbəb budaq cümlələri rema vəzifəsini yerinə yetirmişdir. Cümlələrin bağlanmasında gürzə – ilan – gürzə silsiləsi əsas və həlledicidir.
Zəncirvarı əlaqə rabitəli nitqdə fikrin ardıcıl inkişafını tə`min edir. Ardıcıl işlənən cümlələrdə zəncirvarı əlaqədə ən çox müşahidə olunan hallar “mübtəda – mübtəda”, “mübtəda – tamamlıq”, “tamamlıq – tamamlıq”, “tamamlıq – mübtəda” və s, istiqamətləridir. Məsələn:
Dostu bəy belə-belə incəliklərdən yaxşı baş açan usta bəylərdən idi. O, dikdir üstündə xalça saldırıb oturmuş, dirsəyi altına bir çuval təzə yun qoydurmuşdu. (Ş.Həsənoğlu) Elat qızı heykəl kimi xalça üzərinə düşüb qalmışdı. Atlı ona çatdıqda güclə ayağa qalxa bildi. (Ş.Həsənoğlu)
Birinci misalda əlaqə “mübtəda – mübtəda” (Dostu bəy – o), ikinci cümlədə “mübtəda – tamamlıq” (Elat qızı – ona) istiqamətindədir.
Zəncirvarı əlaqə təkrarların, sinonim sözlərin və əvəzliklərin köməyi ilə formalaşır və bu əlaqə üsulundan bütün üslublarda istifadə edilir. Xətti ardıcıllıqla qurulan, sonra gələn hissəsi əvvəlkini mə`na cəhətdən genişləndirən mətnlərdə zəncirvarı əlaqədən istifadə edilir.
Sintaktik bütövlərin tərkibində cümlələrin məntiqi-semantik əlaqə üsullarından biri də p a r a l e l əlaqələrdir. Paralel əlaqələr əsasında qurulan mətnlərdə əvvəlcə ümumiləşdirici bir cümlə verilir, sonra həmin cümlədəki subyekt ideyası paralel cümlələrlə müxtəlif cəhətdən şərh edilir, ümumi fikir konkret mə`na ifadə edən cümlələrə paylanır. Açıq sıralı olduğundan cümlələrin sayı müəllif istəyindən asılı olur. Bu cür mətnlərdə bir cümlənin reması o birinin temasına çevrilmir, ümumiləşdirici cümlədəki fikir əsasən eyni quruluşlu (və ya əksər üzvləri paralel olan), eyni tipli, eyni söz sırasına malik olan cümlələrlə hərtərəfli izah edilir, anafora və epiforadan geniş istifadə edilir. Cümlələr eyni dərəcədə həm bir-birinə, həm də ilk cümləyə aid olur. Zəncirvarı əlaqədə cümlələr mətndən daha çox asılı olur. Paralel əlaqəli mətnlərdə komponentlərin müstəqilliyi daha çox olur. Bu cür cümlələrdə daha çox eynizamanlılıq, eyni yöndən səciyyələndirmə, qarşılaşdırma, müqayisə, tutuşdurma mə`naları, eyni səviyyədə modallıq müşahidə edilir. Zəncirvarı əlaqədə, demək olar ki, hər bir yeni cümlədə bir subyekt digərini çəkib gətirdiyi halda, paralel əlaqədə bir subyekt təfərrüatına qədər çözələnir. Zəncirvarı əlaqədə subyektlər üst-üstə qalanırsa, paralel əlaqədə bir subyekt xırdalanıb yan-yana düzülür. Məsələn:
Dəvə tərəkəmələrdə müqəddəs heyvan sayılardı. ”Dəvə – heykəldir” – deyərdilər. Dəvəyə acıqlanıb söymək, döyüb-incitmək günah sayılardı. Dəvə başına and içər, “uğuruna dəvə çıxsın” deyərdilər, mübarək diləklər üçün dəvəyə minib gedərdilər. (Ş.Həsənoğlu)
İlk cümlədə verilmiş dəvə müqəddəs heyvandır hökmü sonrakı hər bir cümlədə dəvə sözünün tema kimi saxlanması ilə müxtəlif istiqamətlərdə, müxtəlif yöndən bu müqəddəsliyin izahı verilmişdir. Eyni xüsusiyyət paralel əlaqəli aşağıdakı mətndə də müşahidə olunur:
Gəlinin ciyərlərindən qopub gəlmiş bu qeyri-ixtiyari öyküdən hər ikisi məst oldu. Özlərini unutdular. Dünya yaddan çıxdı. Yer-göy, Mil düzü unuduldu; bəylik, çobanlıq, haramlıq, halallıq yaddan çıxdı. (Ş. Həsənoğlu)
Paralel əlaqədə də təkrarlar əsas əlaqələndirici vasitələrdəndir. Lakin paralel əlaqədə çox zaman subyekt ideyası növbəti cümləyə əvəzliklərin köməyi ilə ötürülür. Məsələn:
Oğlan Sarayın əlindən tutub çəkdikdə, qız bir kəniz kimi onun ardınca düşdü. O (qız), əsim-əsim əsirdi, güclə ayaq üstə dururdu. (Ş. Həsənoğlu)
Bədii mətnlərin təhlilindən aydın olur ki, bə`zən sintaktik bütöv üçün ümumiləşdirici cümləyə ehtiyac olmur, paralel cümlələrin əlaqəsi üçün ümumiləşdirici vasitə mövcud situasiya ilə müəyyənləşir. Məsələn, elçiliyə gələn adamın ortaya qoyulmuş xörəyə əl vurmadan inciyib getməsi belə təsvir edilir:
Süfrə sərili, qoxusu obanı bürümüş kabab şişləri yeyilməmiş qaldı. İncə-incə şüşə qablara süzülüb gətirilmiş çaylar içilməmiş qaldı. Enli-ensiz dövrələrə çəkilib ortaya qoyulmuş şalampırlar əl dəyməmiş qaldı. (Ş.Həsənoğlu)
Bu cümlələrin hamısı konkret mə`nalı, bərbərhüquqlu cümlələrdir. Başlanğıcda ümumiləşdirici (giriş) cümlə yoxdur. Süfrəyə əl vurulmamasının səbəbi bu epizoddan əvvəlki situasiya ilə bağlı izah oluna bilir. Buna bənzər vəziyyət subyekt ideyasında da özünü göstərir. Əvvəlki sintaktik bütövlərdə – makromətnin əvvəlki abzaslarında haqqında danışılmaqda olan subyekt bə`zən bir sintaktik bütövdə buraxılmış olur, yalnız yekun cümlədə özünü göstərir:
Sabah açılınca, toyuq damına gedib iki yumurta götürdü; çaxmaq çəkib ocaq qalayıb yumurtaları bişirdi, yeyib-içib bir də qəbiristanlığa yönəldi. Günortaya qədər lal-dinməz qəbrə uzanıb ölümünün gəlməyini gözlədi. Ölümü bu dəfə də gəlmədikdə badyanı götürüb Kür üstünə gəldi. Badyaya su doldurub qəbir üstünə qayıdarkən bir çimdicik qalmış ağlına yeni bir yaşamaq amalı gəldi. Kür üstündə şumal çaylaq daşları görüb bu daşlarla təzə qəbrin üstünü döşəmək fikri doğdu başında. Beləcə, Turac qarı indi də günlərini Kür üstündə daş toplamaqla keçirməyə başladı. (Ş.Həsənoğlu)
Bütün bu cümlələrin subyekti eynidir – son cümlədə qeyd edilən allahın ölümünün də bezar olduğu Turac qarıdır.
Sintaktik bütövlərin qarışıq tipi də vardır – eyni bir sintaktik bütövdə həm zəncirvarı, həm də paralel əlaqədən istifadə edilir. Məsələn:
Sultanəli ata minmiş, başına qızılbaş çalması qoymuşdu. Bu çalmanı neçə illərdi Hüseyn Lələ bəy saxlayırdı. Dostu Heydərin çalması idi, oğlu üçün qoruyub saxlamışdı. (F.Kərimzadə)
Bu mətndə ilk iki cümlə zəncirvarı əlaqələnmişdir, birinci cümlədəki rema – qızılbaş çalması ikinci cümlədə bu çalmanı şəklində temalaşdırılmışdır (zəncirvari əlaqə). İkinci və üçüncü cümlələr paralel əlaqə əsasında qurulmuşdur və paralelliyi tə`min edən əsas vasitə saxlayırdı sözünün təkrarıdır.