– Heç bilmirəm, neyləyim…
Başımı qaldırıb pilləkəndə yanımca addımlayan ağsaç, ortaboylu adama baxdım. O da xırda, qıyıq gözlərini üzümə zilləmişdi. Yaşlı olduğu hiss olunsa da, üzündə bir dənə də qırış yoxdur. “Arsız adama oxşayır. İlişdim də…” – deyə düşünsəm də, dilim başqa söz dedi:
– Mənimləsiz?
– Bə kimnənəm? Səndən başqa adam var burda?!
“Mənimlə necə danışır ey… Elə bil çoxdan tanıyır. Di gəl də…”
– Onu demək istəyirəm də… Heç bilmirəm, necə yaşayım. Voobşe, yox e.., deginən, mən yaşayırammı?
– Mən?
– Nə fərqi var, kim? Dedim, alim adamsan…
“A.. Haradan bildi elm adamı olduğumu?.. Yox… Ola bilməz, yəqin istehzayla deyir… Bəlkə, ekstrasensdir? Nə desən, olar. Elə görünüşü də birtəhərdir – qəribədir…”
Səsindəki istehza xoşuma gəlmədiyindən üzümə bir az sərt ifadə verib başımı saldım aşağı, yəni: “Məni narahat eləmə.” Amma adam da o qədər həssas olana oxşamırdı. Çənəsi öz işindəyidi:
– Altmış il yaşadım, bir dərdə dərman ola bilmədim. (“Yaxşı ki, hələ qadın olduğumu nəzərə almağa mədəniyyəti çatır… Bu fikri bizimki daha sərt ifadə edir…”) Kimə nə elədim, razı qalan olmadı. Özümü bilə-bilə yedizdirdim bu acgöz dünyaya… Eh!… İnsanın nəfsi nəymiş, balam, nəymiş… Doğru oldum, əyri gördülər məni. Əyri oldum, dedilər, səndən düzü yoxdur, amma nəticə düz çıxmadı. Doğru oldum, hamı qaçdı məndən. Gördüm olmur, kişiyəm axı, gərək mənim də dostum-tanışım olsun. Dar gündə qapımı döyən olsun. Oldum əyri. E… Bilsən, nə həngamədir. Kef çəkdilər ey… Mən də dedim, day dünyanın yiyəsi mənəm… “Dərə xəlvət, tülkü bəy”. Elə bildim, görən yoxdur, yedim də, yedizdirdim də. Amma demə, kim görməsə də, O görürmüş… – baş barmağı ilə yuxarı işarə etdi. Elə bildim, blokun tavanına kamera yerləşdiriblər, başımı qaldırıb yuxarı baxdım. Yox…
– Ora nə baxırsan? Orda kim var ki? Başımızın üstündəki O gözəgörünməzi deyirəm, ay alim…
“Of, yenə… Bu, mənə niyə istehza edir?”
– Hə…
– Hə! Çırpdı məni yerdən yerə. “Nə yemisən, turşulu aş”. Allah ölənlərinizə rəhmət eləsin, nənəmin sözü idi. Biz anamıza “nənə” deyirdik.
– Allah rəhmət eləsin.
Gözləri doldu birdənbirə.
– Qocalıq da bir kopolu iş deyilmiş… – deyib əllərinin arxasıyla gözlərini ovxaladı. Sonra şalvarının yanlarına sildi əlinin arxasını.
– Hə, qızım, dedim, adam olum, adamlarım olsun. Adam nə gəzirmiş… Hamısı yal… Tövbə, Əstəğfrullah. Nə isə, Allah şeytana lənət eləsin. Yazıq şeytan, şeytanın nə günahı var?! Görəsən, indi yer üzündə diş qurdalamağa şeytan qalıb? Özümüz şeytanıq də… Şeytan qələt eləyir yanımızda. Şeytan istefaya çıxmış olar, həm də çoxdaan… – deyib çənəsini irəli uzardaraq uzağa işarə etdi.
Dördüncü mərtəbəyə çatıb:
– Üzr istəyirəm, mən çatdım, – deyib saxta bir təəssüflə üzünə baxdım.
– Bir az dur, sözümü tamamlayım, gedərsən. Vaxtını çox almaram. Bilirəm, o çolpalar səni gözləyir. Kişi kimi bütün günü çalışırsan.
– Nə bildiniz? Tanıyırsınız məni?
– A… Ayıb söhbət deyilmi? Qonşu deyilikmi?
– Qonşuyuq?
İndi o, mənə dəli kimi baxırdı.
– Qulağının dibində yaşamıram, burada?! – deyib qapıbir qonşuluğumu göstərdi.
– Bağışlayın, mən elə bilirdim, orada adam yaşamır.
– Bax, atan rəhmətlik. Gəldinmi mən deyənə? Axı nəyinə də lazım, biləsən ki, burada adam yaşayır. Vobşşe, mən yaşayırammı?! Bəs bayaqdan səndən soruşduğum nədir? Bayaqdan soruşmurammı, mən niyə yaşayıram, vobşşe, yaşayırammı?
Heç vaxt görmədiyim qonşumu o gündən sonra da bir daha heç vaxt görmədim.