Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri, “Kurikulum” jurnalının bölmə redaktoru Könül Aydın Nəhmətova ilə müsahibə.
– Könül xanım, sizə görə, bu gün təhsilimizdəki başlıca problem nədir?
– Əgər orta məktəbdə təhsildən söhbət gedirsə, mənə görə tədrisin səviyyəsi və keyfiyyəti ilə imtahanın tam üst-üstə düşməməsidir. Orta məktəbdə aparılan məktəbdaxili qiymətləndirmə ilə DİM-in qəbul və buraxılış imtahanı üst-üstə düşmür. Yalnız problemi yox, həlli yollarını da göstərmək lazımdır. Orda problem yaradan nədir? Öz ixtisas fənnim üzrə yeni məzmun gətirilib. Digər fənlər-fizika, riyaziyyat, təbiət elmlərinin hamısının məzmunu dəyişib. Konkret hamısında vəziyyət bizimki qədər çətin, kritikdi, ya yox, bunu deyə bilmərəm, amma bizdə həqiqətən də yeni məzmun gətirilib. Əvvəl Ana dili-Azərbaycan dili qrammatik metodla tədris olunurdu. Xarici dil-ingilis, rus dili-onlar nisbətən kommunikativ metoda yaxın, mətn əsasında öyrədilirdi. Amma indi ana dilinin özü də kommunikativ metodla öyrədilir. Kommunikativ metod nədir? Ünsiyyət əsasında və oxuyub anlama, dinləyib anlama, müəllimlə ünsiyyət və əməkdaşlıq sayəsində tədrisdir. Bu da böyük nitq vasitəsi-mətnlər əsasında öyrədilir. Bunu gətirmişik, bəs, biz buna hazırıqmı? Məsələ bundadır. Bu məzmuna Azərbaycan elmi hazır idi? Mənim müşahidəmə görə, xeyr! Mətnşünaslıq məsələləri var ki, onlar heç Elmlər Akademiyasında da həllini tapmayıb. Orda çox cüzi istiqamətlər var. Onlar da dərin elmi, nəzəri, akademik səviyyədə işlənir və orta məktəbin lazım olan elmi-nəzəri bazası ilə səsləşmir. Bu halda dərslik müəllifləri az bir müddətdə xarici ölkədən əldə edə bildikləri elmi-nəzəri məlumatları dərsliyə gətirməyə məcbur olurlar. Bu da strukturda, məzmunda qarışıqlıq yaradır və elmi dəqiqlik, elmi-nəzəri baza hələ əldə yoxdur. Müəllim çox cüzi məlumatla bunun öhdəsindən gələ bilmir. Müəllimin özü ali məktəbdə bununla bağlı elmi-nəzəri baza toplamır, onu öyrənmir, amma gəlib orta məktəbdə onu tədris edir. Sürətlə, dünya standartları ilə ayaqlaşmalıyıq, amma biz konseptual olaraq məsələ ilə yaxınlaşa bilmirik. Bunun üçün mütəxəssis çatışmazlığı var. Elmi-nəzəri bazanın yararlı olmaması qiymətləndirmə vasitələrinin yararsızlığına gətiib çıxarır. Tutaq ki, dərslik müəllifləri bunu birtəhər düzəldib yazırlar, öz aləmlərində bir qədər məzmunu strukturlaşdırırlar. Onların orta məktəbdə tətbiq etdikləri qiymətləndirmə vasitələrinə, metodik vəsaitdə Kiçik Summativ Qiymətləndirmə (KSQ) nümunələri və yaxud da dərslikdə hər bir bölmənin sonunda ümumiləşdirici dərslərin məzmununa, qoyulan tapşırıqlara baxsaq, görərik ki, bunlar qəbul və ya buraxılış imtahanının sualları, testləri ilə səsləşmir, onlara yaxın durmur. Bunlar daha aşağı səviyyədə, daha bəsitdir. Nə qədər desək ki, şagirdə təfəkküryönümlü, yaradıcılıq bacarığını yoxlayan tapşırıqlar verilməlidir, KSQ-lərə və ümumiləşdirici dərslərin materiallarına baxanda, bunu görə bilmirik. Şagird 11 il ərzində bu cür oxuyur. Bəzən müəllimin öz öhdəsinə buraxırıq ki, KSQ-lər hazırlasınlar. Mən müəllimlərlə sıx təmasdayam və mütəmadi olaraq onların materiallarını görürəm. Hətta özləri belə kömək, dəyərləndirmə üçün göndərirlər ki, materialımıza bax. Onların 10-11-ci sinif səviyyəsində hazırladığı KSQ-lərə baxanda görürsən ki, az qala ibtidai sinif səviyyəsindədir. Bizim təlim nəticələri, standartların fonunda hazırladıqları o qiymətləndirmə vasitələri ibtidai sinif səviyyəsindədir. Yalnız biliyi xatırlama, anlama səviyyəsində tapşırıqlardır, uzaqbaşı müəyyən qədər tətbiq və təhlilə gedib çıxırlar. Amma biliyin dəyərləndirmə və yaradıcılıq mərhələləri var. Bu qiymətləndirmə vasitələrinin hazırlanması idrak taksanomiyası əsasında aparılır. Bura gəlib çata bilmirlər. Amma Dövlət İmtahan Mərkəzi (DİM) neynəyir? DİM bütün bu mərhələləri, xüsusilə dəyərləndirməni, yaradıcılığı nəzərə alır. 11 il şagird həmin imtahana alışmayıb, buna görə də, yavaş-yavaş repetitorluq cavanlaşır. Əvvəl 10-11-ci sinifdən repetitora müraciət edirdilər. İndi imtahanlar şagirdlərə görə qəlizləşir. Çünki, orta məktəb fənlərinin məzmununa verilən standartlar get-gedə yüksəlir. Əvvəllər mövzu üzrə öyrənirdik, indi fənnin məzmunu standartlar üzrə müəyyənləşir. Kurikulum təkmilləşdikcə biz o standarları yüksəldirik. Standart yüksəldikcə DİM-də bununla ayaqlaşır. Amma yenə də şagirdin 11 il ərzində aldığı təhsil ortadan da aşağı səviyyədədir. Bu halda orta məktəbin məzmunu ilə DİM-in qiymətləndirməsinin məzmunu üst-üstə düşməyəndə, təbii ki, məktəbə inamsızlıq, etinasızlıq yaranır, məktəbin yararsızlığı gəlib üzə çıxır. Ən böyük problemi burda görürəm.
– Bəs, bu problemi necə aradan qaldırmaq olar?
– Burda böyük əzm, güc, maliyyə dəstəyi, maddi dəstək tələb olunur ki, bu çətinliyin öhdəsindən gəlinsin. İlk növbədə məzmundakı boşluqları aradan qaldırmaq lazımdır. Uşaqlar, müəllimlər üçün kommunikativ metod elə bir metoddur ki, orda bütün nəzəri məzmunu dərsliyə vermirik. Cəmiyyət buna hazır deyil. Nəyə hazır deyil? Müəllimin elmi-nəzəri bazası imkan vermir ki, o, bu metodla o dərsi tətbiq etsin. Hələ öz ixtisas fənnim üzrə danışıram, digər fənlərdə də bənzər problemlər var. Kiçik Summativ Qiymətləndirmə (KSQ) ilə DİM-in qiymətləndirməsi arasında bütün fənlər üzrə şagirdlər çətinlik çəkir. Problemin əsaslı şəkildə həll olunması üçün ilk növbədə məzmunun əlçatanlılığını təmin etmək lazımdır. İstər müəllimlər, istər şagirdlər üçün. Müəllim üçün o zaman əlçatan olacaq ki, o bu elmi-nəzəri bazanı ali məktəbdə alsın. Orda həm nəzəri baza, həm metodoloji məsələlərə tam yiyələnmədikdə müəllimin problemləri əskilməyəcək. Çünki, 4 il təfəkkürün formalaşması üçün az bir müddət deyil. İllərlə oxuyub o məzmunu mənimsəməlidir. Məzmunu bilməyən adamın əlinə nə qədər istəyirsənsə alət ver, o, qənaətbəxş səviyyədə dərs keçə bilməyəcək. İnsanın özündə müəllimlik bacarığı varsa, onun dərin bilikləri olarsa, sən ona metodika verməsən belə, o, gedib özü müəyyən metodları sövq-təbii şəkildə düşünəcək və müəyyən metodologiyadan istifadə edəcək. Ola bilsin ki, heç o alətləri tanımır, amma nələrisə şagirdə çatdırmaq yollarını özü tapacaq.
– Burda da məktəbdənkənar repetitorluq fəaliyyəti ortaya çıxır.
– Əlbəttə ki, məsələ də ondadır ki, məzmunu orta məktəbdə kifayət qədər verməyəndə, şagird DİM qiymətləndirməsi ilə orta məktəb qiymətləndirməsinin arasındakı uçurumu görəndə repetitoru seçəcək. Ali məktəblərdə proqramlar təkmilləşdirilməlidir. Orta məktəbin tədrisi ilə ali məktəbin verdiyi bilik üst-üstə düşmür. Mən, keçən ilə qədər ali məktəbdə çalışırdım. 10 il ali məktəbdə Azərbaycan dilinin metodikası, məzmunu ilə bağlı praktik Azərbaycan dili, Kurikulum əsasları və müxtəlif fənləri tədris etmişəm. Proqramlarla yaxından tanışam və bilirəm ki, Azərbaycan dili fənninin metodikası hələ də ali məktəblərdə qrammatika əsaslı öyrədilir. Bəzi universitetlərin proqramlarına baxıb araşdırmışam, yalnız Xəzər Universitetinin proqramında müasir orta məktəbin məzmununa uyğunluğu görmüşəm. Amma digərləri, məsələn Naxçıvan Universitetinin proqramına baxa bilmədim. Amma Bakıda müəllimlik ixtisası üzrə Azərbaycan dilini tədris edən universitetlərə baxdıqda gördüm ki, onlar yenə də qrammatik metodla proqram hazırlayır, Xəzər Universitetindən başqa. Yalnız Xəzər Universiteti ilə bütün Azərbaycanı təmin etmək olmur. Gərək hamısında vəziyyət eyni olsun. Buna görə də, müəllimlər hazırlıqsız gəlir. Fənnin məzmununa baxır, onu necə tədris edəcək, necə çatdıracaq? Elmi-nəzəri bazaya subyektiv yanaşmaq olmaz. Dərslik müəlliflərinin özlərinin də elmi-nəzəri hazırlığı olmadığına görə, burda böyük problemlər var. Nə qədər doğrudur məsələsi var. Bizim keçdiyimiz, tədris etdiyimiz mövzularda da boşluqlar çoxdur. Söhbət Azərbaycandan gedir, biz Avropa ölkəsi deyilik. Bizim müəllimlər hələ ki, dərslikdən asılıdırlar. Dərslik öyrədici olmayanda, müəllimlər də öz könüllərincə dərs keçirlər. Dərslik nə deyir, nə demək istəyir, onlar nə tədris edir? Təhsildə Keyfiyyət Təminatı Agentliyi var, monitorinqlər təşkil edir. Bakı şəhəri üzrə Təhsil idarəsi, Təhsil İnstitutunda monitorinqlər təşkil olunur və görünür ki, mənim dediyim problemlər həqiqətən də var. Məzmun kiyafət qədər qənaətbəxş şəkildə əldə olunmur. Ən yaxşı nəticə kafidən o tərəfə keçmir. Qiymətləndirmə əlaya qədər olmalıdır, qeyri-kafi və kafi. O monitorinqlərin hesabatını oxuyanda görürəm ki, Azərbaycan dili fənni üzrə kafidən o tərəfə keçmir.
– 5-ci sinif dərsliklərindən başlayaraq kiçik hissələrdə qrammatik məlumatlar verirlər. Uşaqlar repetitor yanına gedəndə isə əlavə qrammatik məlumatlar olan kitablardan istifadə edirlər. Çünki, orda daha ətraflı məlumat tapırlar.
– Mən ümumiyyətlə təhsili ənənəvi və müasir təhsilə bölmürəm. Təhsil təhsildir. Sadəcə qrammatik metodlar dəyişir. Repetitor qrammatik metodla keçir. Niyə? Götürüb qrammatik bazanı əzbərlədir. Dil qaydalarını əzbərlədir və şagird gedib testləri həll edir. Amma orta məktəbdə siz dediyiniz kimidir. Əvvəllər isim bəhsi 6-cı sinifdə tədris olunur və bitirdi. İndi isə isim başlayır 1-ci sinifdən 11-ci sinifə qədər. Çətinlik dərəcəsi arta-arta, mövzunun inkişaf dinamikasına əsasən mövzu 11 ilə parçalanır. Şagirdə isə bu, maraqlı gəlmir və izləyə bilmir. Hətta orta məktəbdə belə dərsliyi kənara qoyub öz bildiyi kimi uşağa mövzunu yazdıran müəllimlər də var. Müəyyən vəsaitlərin, kursların kitablarını və ya DİM-in öz vəsaitini tədris edirlər. Kommunikativ metod şagirdin nitq bacarıqlarını inkişaf etdirməyi hədəf qoyur. Amma hanı? Biz edirikmi onu? Şifahi nitqə önəm verilmir, çünki, şifahi nitq ümumiyyətlə yoxlanılmır. Yazılı nitq çox cüzi səviyyədə yoxlanılır. Esselər, ifadələr və s. yazdırılır. Amma bunların heç biri əsaslı şəkildə öyrədilmir. Böyük əksəriyyətlə müəllimlər bunu etmir. Yalnız müəyyən qisim müəllimlər var ki, həqiqətən şagird yetişdirmək istəyir, gələcəyə vətəndaş yetişdirmək istəyir. Özünün xarakteri bunu tələb edir. Məsuliyyətli və fədakar müəllimlər var ki, böyük əksəriyyətin müqabilində yalnız onlar şagirdi yaradıcı istiqamətə salır. DİM uzaqbaşı fikrin əsaslandırılması səviyyəsində kiçik bir mətn tələb edir, qəbul və ya buraxılış imtahanında. Buna görə də orta məktəbdə yazı işləri, şifahi nitq kənara qalır. Uşaq 11 il özünü həsr edir testə və qısa şəkildə yazılan açıq sualların cavablandırılmasına. Bu da Azərbaycan dilinin öyrədilməsi deyil. Heç olmasa əvvəllər qrammatika yönümlü olanda dərin baza vardı. İndi şagird ondan da məhrum olub. İmla, ifadə, inşa vardı və yoxlanılırdı. Bunların hesabatlılıq məsələsi vardı. Hazırda orta məktəbdə dərs deməsəm də, müəllimlər mənə nəsə sübut etməsələr də, evdə uşaq var və buna görə də, özüm şahidəm. 5-ci sinifdən 9-cu sinifə qədər yalnız 5-ci sinifdə 1-2 esse yazdığının şahidi olmuşam. Yazı işi tamamilə kənardadır.
Ardı var
olaylar.az