əvvəli burada https://kamilinfo.net/?p=19293
– Bir nəfər Sizin haqqınızda deyir ki, məziyyətlərindən biri də “elmi camiədə bir çox hallarda müşahidə edilən “elmi paxıllığın” onda olmaması”dır.
– Nə yaxşı. Amma paxıllıq elədiklərim də var. Məsələn, paxıllığımdan Rabiə əl-Ədəviyyəni uzun müddət tədqiq eləməmişəm. Hipatiyanın hər adı gələndə içimdən bir gizilti keçir. İbn Sinanın, Sührəvərdinin tələbələrinə olan paxıllığımı heç dilimə gətirməsəm yaxşıdı. Amma məni paxıl tanımırlar, qoy elə də bilsinlər.
– Paxıllıq pisdir? Fəaliyyət üçün stimul ola bilmir?
– Fəaliyyət üçün stimullar qəhətəmi çıxıb ki, paxıllığa stimul deyirik? Paxıl ayağının altına, ətrafına baxmadan yeriyən, hətta yeri gələndə qaçan adamdı. Baxır paxıllıq elədiyi obyektə. Onu nə təhlükələr gözlədiyini təsəvvür belə etmək istəməzdim. O qədər də xoş olmayan bir misal çəkim. İtlər arasında yarışma keçiriləndə yalançı bir dovşan, ya da sümük parçası avtomatik hərəkət edir. İtlər özlərini həlak edirlər ki, ona çatsınlar. Axırda qalibin qazandığı bir qab yemək olur, amma sizi inandırıram, uzun müddət həmin sümüyün həsrətini çəkir.
– Təsəvvüflə çoxdan məşğul olursunuz?
– Namizədlik dissertasiyası yazandan.
– Təsəvvüflə məşğul olanda o da adamla məşğul olur?
– Hərdən düşünürəm ki, deyəsən, birinci o mənimlə məşğul olub, yoxsa necə gəlib ora çıxardım? Bunu sonradan anladım ki, o mənimlə hələ mən orta məktəbdə ikən məşğul olmağa başlayıb. Xəbərim olmayıb, olanda artıq gec idi.
– Ağına-bozuna baxmadan?
– Bozu bilmirəm, amma heç bir işdə ağ eləmək olmaz. İfrat təhlükəli şeydi.
– Deyirlər, Quran adamdan küsə bilir. Təsəvvüfdə də belə xasiyyət var?
– Hə, qapıları bağlayır, qoyur səni küçədə. Bir dəfə Yunusun şeiri belə hal almışdı gözümdə:
Bir mən vardır məndə məndən içəri,
Bağlayıb qapıları, buraxmır məni içəri.
Sən də Mövlana sayaq gəzib dolaşıb yenə gəlib qapının ağzında büzüşürsən. O da bir gün dözmür, barışır.
– Sərrac Tusidən başladınız?
– Yox, Yunus və Nəsimidən.
– Niyə əvvəl Sərrac, sonra Mənsur Həllac?
– Bu sıralama mənə aid deyil, ona görə bilmirəm. Mənim kitablarımı nəzərdə tutursunuzsa, Həllacın kitabı Sərracdan əvvəl hazır idi, sadəcə, elmi ad almağa görə Sərracın kitabı ilk nəşr olundu. Adamda bəxt yaxşı şeydi. Sərrac Həllacdan daha qismətlidi.
– Belə bir fikir var ki, Quran araşdırmaları zamanı ayələrin nazil olma ardıcıllığı ilə oxumaq daha yaxşıdır. Təsəvvüfü də əvvəldən (xronologiya ilə) başlamaq yaxşı deyilmi?
– Quranla bağlı fikirlə razı deyiləm. Quran fizika kitabıdır, romandır nədir bəyəm, ardıcıllığı qoruyaq. Quran hikmətlər kitabıdır və bu hikmətlər bir-birindən ayrı şəkildə, bitkin haldadır. “İxlas”ı anlamaq üçün əvvəlcə “Fil” surəsini oxumaq niyə şərt olsun ki? Yaxud “Nəs” surəsini əvvəlcə oxusam, Məryəmin hekayətini anlamağıma mane olacaq? İndi dediniz, təkrar düşündüm, yenə razı olmadım. Təsəvvüfdə kökü öyrənmək vacib şərtdi. Onu mənimsəyəndən sonra xronologiyanı pozsan belə, həqiqət öz yerindən tərpənmir.
– “Vallah, bu xirqənin içində Allahdan başqası yoxdur”. Mənsur belə deyib? Niyə elə deyirdi?
– Yox, Mənsur Həllac deməyib, Əbu Yəzid Bistami deyib. Niyə elə deyib? Nəyi görübsə, onu da deyib. Yalan deməz.
– Amma Məhəmməd peyğəmbər «mənim qəlbim pasla örtülür və gündə yetmiş dəfə Allaha tövbə edirəm» deyib. Mənsurun iddiası təkəbbürlü deyilmi? Yeri gəlmişkən, Quranda deyilir ki, nəfsinizi təmizə çıxarmayın…
– Sualınız əcəb sandal yeməyini xatırlatdı. Bir uydurma hədis, demədiyi sözə görə ittiham olunan Mənsur və Qurandan bir ayə. Əslində, belə nəticə çıxartmaq olar ki, birini ittiham etmək üçün uydurma hədislərə baş vurublar, sonra da sözünə inandırmaq üçün “yeri gəlmişkən”, “söz arası”, “atüstü” Qurandan bir ayə gətiriblər. İnanmıram Həllacla tanış olsanız bunu onun özünə deyə biləydiniz.
– Dərviş “sərxoş” olanda hər şey deyə bilər?
– Bayaq dedim ki, ifrat hər zaman təhlükəlidir. Bunu mənə təmkin əhli Cüneyd, “sərxoş” olanda belə həddini bilən Həllac öyrədib.
– Qəzali Mənsuru qınayıb belə şəthiyyatlara görə. Deyir, qoy camaat işi-gücü ilə məşğul olsun…
– Qəzalidən başqa çoxları qınayıb. Düz deyirlər də, camaat bir qəpik pul qazanmaq qayğısında, bu da deyir, “Mən Haqqam”. Camaat yeməyə çörək tapmır, bu da deyir, “Kəbəni yıx”. Digər tərəfdən baxanda da, Həllac kiminsə yaxasından tutub demir ki, gəl mənimlə bərabər gecəli gündüzlü oruc tutub, namaz qıl. O zatən edam ayağında deyir ki, “Ay Allah, bu camaat mən biləni bilsə, məni edam eləməzdi”.
– “Mənim sevimli cizgi qəhrəmanım Baron Münhauzendir”, – demisiniz müsahibələrinizin birində. Kreativliyinə görə?
– Yox, hər çıxılmaz vəziyyətdən bir çıxış tapdığına, heç vaxt ruhdan düşmədiyinə görə.
– Bu tip Don Kixotla müqayisədə cılız deyilmi?
– Don Kixot heyranının gözündə, bəlkə də, elədi. Münhauzen heyranının da Don Kixot haqqında fikirləri yüksək deyil. Baxır, kim həmin qəhrəmanın hansı xüsusiyyətinin vurğunudur. Bəlkə, eyni şeydir? Biri onu Münhauzendə görüb sevib, o biri də Don Kixotda.
– Yazılarınızın birində deyirsiniz ki, emosiya ağılı passivləşdirən qara pərdədir. Bu, bədii ədəbiyyata meydan oxumaq deyil?
– Görünür, çoxdan demişəm, öz yadımdan da çıxıb. Maraqlıdır, bəs bu qədər vaxta qədər meydanda niyə təkəm? Meydan oxuduğum ədəbiyyat hanı?
– Amma balı emosiyalar idarə edir: onlar idrak prosesini stimullaşdırır, idrakın istənilən hərəkətini doğurur və istiqamətləndirir deyənlər də var…
– – Baxır balın sahibi kimdi… Yadıma nədənsə “Hərb və sülh”dəki bal düşdü. Orda Nataşa Rostova da var, Bolkonski də, güclü emosiyalar, həyəcan da var, dərinlikdə varlığı-yoxluğu düşünmək də. Emosiyaların hər şeyi üstələməsi müvəqqətidir, sonra o, duman kimi çəkilir, yerdə qalır idrak.
– İncəsənət adamı obrazlarla, filosof sillogizmlərlə düşünür. Fəlsəfə təxəyyülü kütləşdirmir?
– Bayaqdan “sərxoş”lardan, maddi dünyanın fövqünə qalmış həmkarlarımı ittiham edirsiniz, indi də deyirsiniz, sillogizmlə düşünürlər. Onu kim deyibsə, görünür, fəlsəfəsi sillogizmdən ibarətdir. Mənim fəlsəfəmdə obraz da var, təxəyyül də, rasionallıq da, irrasionallıq da, təmkin də, sərxoşluq da.
– Təkcə idraka üz tutanda adam “Faust”dakı Vaqner kimi olmaz? (iraq olsun: tuk-tuk)
– O boyda dahi deyirsə, inanıram ki, olar. Necə ki, Qəzali Həllacı ittiham edir, eləcə də Vaqner və Faust üz-üzə gəlir. Neynəsin? Vaqner işi-gücü ilə məşğuldu, Faust da özünü, həqiqətini, Haqqı, nahaqqı düşünür, ölür-dirilir. Hərənin öz arşını var.
Kim BİLİR