- Manşet, Müsahibə

Könül BÜNYADZADƏ: “Onlara baxanda elə düşünmək olar ki, mən bal arısıyam” 

 Əvvəli https://kamilinfo.net/?p=19293
İkinci hissə https://kamilinfo.net/?p=19406

– Deyirlər, ibn Sina uşaq olanda oyuncağı düşüb sınıb və ilk sualı “niyə?” olub. Beləliklə, ömrü boyu “niyə?”lərə cavab axtarıb. Siz nədən fəlsəfəni seçdiniz?

– Elə o “niyə?”lərin oduna düşmüşəm. Təsəvvüfü öyrənmək istəyirdim, qabağıma fəlsəfə çıxdı. Filmdəki kimi, “oğlumu axtarırdım, dostumu tapdım”.

– Qorkinin bir qəhrəmanı deyir, fəlsəfə ilə məşğul olmaq tum çırtlamaq qədər əyləncəlidir… Elə bir o qədər də faydalıdır. Filosofluq insana kömək edirmi? Məsələn, qohumu və ya qonşusu filosof olanı xoşbəxt (ən azı qonşudan yarımış) saymaq olarmı?

– Qohum-qonşuda filosof yoxdu deyə, o sualınız cavabsız qalacaq. Qorki «Fəlsəfənin zərəri”ndən yazanda Vasilyevin dili ilə deyir. O, əyləncəli demir, maraqlı deyir. Təhrif eləməyin. Bizim dilimizdə ona iki adekvat söz var. Birinci “iynəynən kor qazmaq”dı. Düşüncə dənə-dənə, fikir-fikir mənimsənilir. Şorba deyil ki, qaşıqlayıb yeyəsən. İkincisi, “dama-dama göl olar”. Günəbaxan tumu çırtlamaqda xeyir var. Səbirlə oturmağı öyrənirsən, əlin bir işlə, başın başqa şeylə məşğul olur, Sezar kimi, ən vacibi də dənə-dənə xeyli xeyirli maddə qəbul edirsən. (gülür).

– Deyirlər ki, fəlsəfə oğlu öylü, qızı göylü yaşlı adama bənzəyir. Artıq tənha qalıb…

– Məncə, dediyiniz fikirdə qız göylü yox, köylü olmalıdır. Bizdə bir misal da var: öylü öyünə, köylü köyünə. Göylü nədi? Gələk sualın məğzinə. İndi guya mən Kral Liri xatırlamalıyam, vəfasızlar haqqında sonata deməliyəm? Demirəm. Hə, fəlsəfə tək qalıb, bəlkə, indi vaxt tapa öz işi ilə məşğul ola. Gör, neçə övlad böyüdüb ərsəyə çatdırıb. Fəlsəfə nə çiçək deyil, nə böcək, heç qoca çinar da deyil. Fəlsəfə məhsuldar, qara torpaqdır. Tapdalayırlar, əzirlər, üstündə göydələn tikib çıxıb 101-ci mərtəbədən ona yuxarıdan aşağı da baxırlar, daha nə bilim nələr. Amma o, öz işindədi. İstəyir çiçək, ya da bir toxumdan nəhəng ağac bitirir, istəyir içində qızıl, yaqut böyüdür, istəyir lap dərinliyindən neft, ya dumduru su verir, ya da od püskürür. Öz əli, öz başı. Bax belə!

-Xeyr, “köylü” deyil. Bu söz indi də kürəkən mənasında işlənir. “Kitabi-Dədə Qorqud”da var. “Güyəgü” və “göygi” kimi transliterasiya olunub. Oğlu öylü, qızı göylü – yəni oğlu evlənib, qızı isə ərə gedib.

– Bizdə, yəni Göyçədə o söz işlənmir. Eşitməmişəm. Yeni söz öyrəndim, təşəkkür. Amma mənim cavabıma bunun bir istisi-soyuğı olmadı.

– Elmlərin differensasiyası, sonradan isə bəzilərinin inteqrasiyası fəlsəfəyə nə verdi, nə aldı?

– Fəlsəfə təməldir, öz yetişdirdiyi ondan nəyi isə əskildə, nə də verə bilməz. Mən Sizdən soruşuram: bir dənə alma təsəvvür edin. O, alma ağacına nə verir? Həmin elmlər meyvə kimidirlər, yetişirlər, budağından qopub gedirlər. Sağlam olanı öz yolunu davam etdirir, çürük olanı yarı yolda qalır. İlk baxışda nəzərə çarpmayan, amma əhəmiyyətli bir şeyə diqqətinizi yönəldim. İstənilən elm, istənilən sahə, hətta şou-biznes əhli də öz sözünün ciddiliyini vurğulamaq, fikirlərini əsaslandırmaq üçün fəlsəfəyə müraciət edir, ən azından adını çəkməklə neçə ağıllı olduğunu göstərməyə çalışır. Fəlsəfə bir növ bütün sahələrin “cəddinə” çevrilib, hamı onu çağırır. Mən “cədd” deyəndə baba nəzərdə tuturam.

– Min il…, yox, çox oldu, yüz il bundan sonranı necə təsəvvür edirsiniz? Texnologiya və mənəviyyat cəhətdən. Birincinin ikinciyə nə kimi təsiri olacağını düşünürsünüz?

– Gələcəyi düşünmək, təsəvvürlərdə, xəyallarda uçmaq şakərim yoxdu. Necə olacaq? Min il qabaq necə idi, min il sonra da elə olacaq. Mənəviyyatı öldürən texnologiya deyil. Texnologiya cansız, iradəsiz bir şeydi. Mənəviyyatı öldürənlər onun yerini bir şeylə doldurmağa çalışırlar. Dovşanı öldürüb dərisinə saman təpib müqəvva düzəltmək kimi. Sual verməyin ki, niyə dovşan? İlk ağlıma gələn o oldu. Dovşanı öldürən qalıb qıraqda, samanı söyürlər. Hipatiyanı edam edib 9 əsr qadınları fəlsəfəyə, düşüncəyə yaxın buraxmayan texnologiya olub? Yoxsa “Platonik eşq” dediklərinin müəllifinin əslində qadın-filosof, Sokratın müəllimi Diotima olduğunu dilinə gətirməyən texnologiyadır? Bəlkə, bir əsrdə iki dünya müharibəsi qaldırıb insanların psixologiyasını məhv edən də texnologiyadır? Misallar, yəni müqəvvalar çoxdur, amma samanın günahı yoxdur, heç o bədbəxt heyvanlara dəyən qurğuşunun da günahı yoxdur. Sadəcə, əvvəllər həmin samanı əllə təpirdilər, indi müasir texnologiya ilə. Nəticədə müqəvvalar lap canlıya oxşayır. Günahkarı düz tanıyın. Nə çox danışdım?!

– 30 il bundan sonra ailə institutunun dağılacağını iddia edənlər var…

– Eləsinlər də. Gedib Marsda su tapıb orda yaşayacağını iddia edənlər də var. Bilirsinizmi, olmayacaq, yaxud qorxulu, təhlükəli bir şeyin olması üçün atılan ilk addım həmin iddianı qaldırmaq və onu tirajlamaq əsas şərtdir. Tədricən hər kəs inanacaq və o, həyata keçəcək. O iddia Sizə aid olmasa da, Siz indi onu tirajlayırsınız. Mən Sizə qoşulmayacam.

– İkinci Qarabağ müharibəsindən sonra qəddimiz düzəldi. Bu qələbədən sonra Azərbaycan başqa Azərbaycan olacaq deyə ümid edirdik. Bunun ilkin şərtləri var, amma nəticələri varmı, olacaqmı? Olacaqsa, nələr olacaq?

– Azərbaycan niyə başqa Azərbaycan olsun axı?! Bir anlıq dediyinizi nümunə ilə Sizə təkrar çatdırım. Bu Azərbaycanın oğlu Vətəni üçün canından keçir, qələbə qazanır. Mən də ümid edirəm ki, indi mən başqa (!) Azərbaycanda yaşayacam?! Həmin övladı yetişdirən Vətənin nəyə dəyişməsinin arzusundayam?! Səbəb dediyiniz əslində Azərbaycanın çox gözəl bir Yurd olduğunun sübutu oldu. Üzdə haramlar, nadanlar gəzsə də, mahiyyətdə halal, müdrik bir Xalqımızın olduğunu xatırlatdı. Dəyişim kimə oxşayım? Gül kimi orijinal, qədim tarixə, mədəniyyətə, gözəl dilə, hikmətə sahibəm, gedim kimi yamsılayım?!

– Yamsılamaq mənasında demədim. Əksinə, məğlub olanda qalibləri yamsılamaq ehtimalı yüksəkdir. İbn Xəldun deyir, məğlub xalqlar onlara qalib gələnləri yamsılayır (yeri gəlmişkən, bu fikir Qurandan qaynaqlanır). Biz qalib gəldik. Özümüzə hörmətimiz artmalı, şəhid və qazilərimizin fədakarlaığı hər kəsi öz sahəsində daha çalışqan olmağa həvəsləndirməli deyilmi? Yeri gəlmişkən, Lev Qumilyov deyir ki, etnos kataklizmlərdən salamat çıxanda passionar qızışma (перегрев) dövründəkindən daha böyük uğurlar qazanır. Bunu nəzərdə tuturam…

–  Bunu qəbul edirəm. Son illər avropalaşma, müasirləşmə adı ilə təqlidçilik artmışdı. Ümid edək ki, o ənənə zəifləyəcək. Mən də elə düşünürəm ki, bu qələbədən sonra yaradıcılıq enerjisi aşıb daşacaq və yaradılan daha çox milli ruhda, yüksək mənəvi dəyərlərə həsr olunacaq. Bunu 2-3 il sonra görəcəyik. İndi nə isə demək tezdi.

– Çox yazırsınız? Niyə? (az yazıram desəniz də, eyni sual veriləcək)

– Cavabın əhəmiyyəti yoxdursa, niyə belə sual verirsiniz? (qaşlarını çatır) Hər şey nisbidir. Deyilənə görə, İbn Sina 450 əsər yazıb, onun ancaq 270-si bizə çatıb, Bağdad alimləri Mühyiddin İbn Ərəbinin biblioqrafiyasını tərtib ediblər – 500 səhifə, Şihabəddin Sührəvərdi cəmi 37, Eynəlqüzat Miyanəci isə 32 il ömür yaşayıblar, ancaq onlar fəlsəfə tarixində iz qoyan əsərlər yazıblar. Onlara baxanda mən nəinki az yazıram, ümumiyyətlə, papağımı günə yandırıram. Amma eləsi də var ki, yalnız namizədlik və doktorluq tədqiqatı yazır, sonra da başı qarışır elmi adları almağa. Onlara baxanda elə düşünmək olar ki, mən əməli-başlı bal arısıyam.

– Hansı meyvəni daha çox xoşlayırsınız? (hərəsinin öz yeri var tipli cavab verəcəksinizsə, əlavə sual: Evdə hərəsindən bir səbət olsa, hansı tez qurtarar?)

– (Düşünür) Əvvəllər mandarin idi. İndi çiyələk olar. Narı yeməyə baslayanda dayanammıram. Əlimdən almaq lazımdı. Zəhləm banandan gedir. Aha, tapdım. Gilas olsa, tez bitər.

– Sıra ilə sadalayım. Belə bir mənzərə alınır: Qonaqlığı və kampaniyaları sevir, insanlarla dil tapmağı yaxşı bacarır. Şən və qonaqpərvərdir. Heç kəsin paxıllığını çəkmir, xırda şeylərə görə əsəbiləşmir (çiyələk). Bu şəxsə borc vermək olmaz (nar). Yumşaq xasiyyətli, xoş rəftarlı və rəhmlidir. Özünü başqalarının naminə qurban da verə bilər. Uşaq kimi safdır. Kiçik sürprizləri və heç kəsi inçitməyən dəcəllikləri sevir (gilas). Eləsinizmi?

-Yaxşı şeyləri seçib yazdınız. Kim yox deyər? (gülür) İnsanın necə olmağını özü bilməz ki. Ətrafımdan soruşsanız, biri deyəcək rəhmlidi, o biri deyəcək, zalım, biri deyəcək sürprizləri sevir, biri deyəcək qətiyyən arası yoxdu. Hər biri də haqlıdı. Qısası, mən meyvə səbəti ilə xarakterizə olunan biri deyiləm!

– Hansı bürcdənsiniz?

– Demək çətindi. Çünki ad günüm ildə iki dəfə olur: yayda və payızda: de-yure və de-fakto. Kimsə məni xərçəng kimi təbrik edir, bir başqası da əqrəb kimi. Hər ikisi qəbulumdu.

– Buğa bürcündən olmadığınız üçün çox üzülürsünüz?

– Elə bürc də var?! Mənə elə gəlir, başqa bürclərin qəbul etmədiyi, donkixotsevərləri, israrla payızın müdrikliyini qəbul etmək istəməyənləri, rənglər arasında ayrı-seçkilik salanları, tərsa qızlarının ətəyindən tutub kəlisa axtaranları yığıblar bir yerə, buğa adlı bir bürc yaradıb bağışlayıblar onlara ki, qoy sevinsinlər. Mən paxıl deyiləm, onların da haqqı var sevinməyə.

– Arzu olunan, amma vermədiyim sual varmı? Varsa, hansıdır?

– Arzu olunsa, verərdiniz. Verməmisiniz, deməli, verilməməyi məsləhətdi. Sabir demiş, “Səs salma, yatanlar oyanar, qoy hələ yatsın”. İndi biz də yatan sualları oyatmayaq.

– Mənə sualınız?

– Bayaq meyvələrdən danışdınız, amma mandarin qaldı axı, demədiniz. Maraqlıdı, əvvəllər necə olmuşam ki, sonralar kamilləşib meyvə səbətinə dönmüşəm?! (gülür)

– Ətraflı cavablara görə sağ olun. Mandarinin sirrini açmaq üçün xüsusi icazə – lisenziya tələb olunur. Baha olduğu üçün ala bilmirəm.  

-Mən də Sizə təşəkkür edirəm

Kim BİLİR