Bu günlərdə ali təhsil ocaqlarında fəlsəfənin tədrisinin azaldılması söhbəti təkrar aktuallaşdı. İlk dəfə fəlsəfə seçmə fənn kimi tədris olunmağa başlayanda da belə bir həyəcan təbili çalınmışdı.
2009-cu ildə akademik Ramiz Mehdiyev “Fəlsəfə və onun ictimai həyatda yeri” adlı məqaləsində yazırdı ki, “Son illərdə Azərbaycan ali məktəblərinin tədris planlarında fəlsəfəyə və ictimai-siyasi fənlərə ayrılan saatların azaldılması, bu fənlərin bir çoxunun ixtisar edilməsi, orta məktəblərdə “İnsan və cəmiyyət” fənninin tədrisi üçün hələ də müəllim kadrlarının hazırlanmaması, kütləvi informasiya vasitələrində fəlsəfi fikir tariximizə və ümumiyyətlə, mənəvi təkamülə, dünyagörüşünün genişlənməsinə xidmət edən verilişlərə çox az yer ayrılması, habelə, mədəniyyətşünaslıq və maarifçilik yönlü verilişlərin azlığı, mədəni-mənəvi dəyərlərin yetərincə təbliğ olunmaması – bütün bunlar bizi narahat edir”. Bir cümlədə problemin mahiyyəti üç istiqamətdə açılır: a) kadr hazırlığının olmaması, b) tədris proqramında lazımi materialların diqqətdən kənar qalması və c) fəlsəfənin kifayət qədər təbliğ olunmaması. O vaxt məsələ İTV-də “Açıq dərs” verilişində geniş müzakirəyə çıxarıldı və Səlahəddin Xəlilov öz mövqeyini “525-ci qəzet”də “Fəlsəfə bizə lazımdırmı?” məqaləsi ilə bildirdi: “Bu gün fəlsəfə mənim deyil, bizim deyil, çünki fəlsəfə onu yaradanın, ona sahib çıxanındır. “Fəlsəfə heç kimin deyil” fikri ilə də razılaşmaq olmaz. Çünki fəlsəfənin sükanı hələ də Qərbin əlindədir. Bəli, dünya onu anlayanındır. Fəlsəfə kimindirsə, dünya da onundur”. Səlahəddin müəllim fəlsəfənin yalnız mütəxəssislər üçün deyil, hər kəs üçün zəruri olduğunu xatırlatmaqla bu laqeydliyin nəticədə naqis şəxsiyyətə və naqis cəmiyyətə gətirə biləcəyinə də eyham vururdu. Fəlsəfəsi olmayan bir xalqın öz fəlsəfəsi də qələmə alınmayacaq və beləcə, o, daim Qərbin, xarici qüvvələrin yedəyində getməli olacaq. Əlbəttə, məsələ bununla bitmədi. 2010-cu ildə akademik Ramiz Mehdiyev fəlsəfəyə aid yeni bir dərs vəsaiti təqdim etdi və həmin dərsliyin “İnsan fəlsəfəsi” fəslində cəmiyyətin qarşılaşdığı “fəlsəfə böhranının” səbəbini belə açıqlayırdı: “Tədris vaxtından səmərəsiz istifadə edilməsi ona gətirib çıxarır ki, zəruri sosial-mənəvi hazırlıq, estetik və fiziki inkişaf üçün ayrılan saatlar minimuma endirilir, bu isə şəxsiyyətin tərbiyəsi və inkişafı məsələlərinin optimal həllini təmin etmir”. Fəlsəfənin sadəcə bir fənn olmayıb, sağlam düşüncəli, düzgün əqidəli vətəndaş yetişdirməklə möhkəm cəmiyyətin quruluşunu təmin edən qüvvə olduğu vurğulanırdı. Təqribən bir il sonra problemin müzakirəsi beynəlxalq miqyasa qədər böyüdü və 2011-ci ildə “Şərq-Qərb Tədqiqat Mərkəzinə”, qısa desək, “Fəlsəfə dünyası”na toplaşan fərqli ölkələrdən gələn filosoflar bir neçə saat ərzində fəlsəfənin tədrisini “elmiliyin meyarları” kontekstində təhlil elədilər. Burada Azərbaycandan Səlahəddin Xəlilov, Türkiyədən Kənan Gürsoy, Avstriyadan Hans Köxler, Qazaxıstandan Nısanbayev, Rusiyadan Aleksandr Çumakov kimi düşüncə sahibləri vardı. Müzakirədən belə anladım ki, mövqelər fərqli olsa da, coğrafiyadan asılı olmadan hamının dərdi birdir və hamı dərman axtarır. Məsələn, Çumakov dedi ki, “Fəlsəfəni öyrətmək mümkün deyil, ona yalnız həvəs, maraq oyatmaq, təhrik etmək olar”, Hans Köxler isə öz təcrübəsini misal çəkdi: “Avstriyada, məsələn, bizim universitetdə iki fəlsəfə departamenti var, xristian fəlsəfəsi (teologiya) və fəlsəfə. Bu yaxınlarda bizim rektorumuz maliyyəyə qənaət məqsədi ilə iki fakültəni birləşdirmək istədi. Mən etiraz etdim ki, bu, mümkün deyil, xristian inamına əsaslandığımıza görə bizim fəlsəfəmiz də həmin inama əsaslanır”. Bir sözlə, hər biri haqlı olaraq fəlsəfənin tədrisindən daha çox diqqəti nəyin və necə tədris olunmasına fokusladılar.
O vaxt müzakirələri diqqətlə izləyəndə məndə də bir sual yaranmışdı: fəlsəfənin seçmə fənn olması niyə dəhşət doğurur? Düşünməyi bacaran və seçən tələbə zatən fəlsəfəni seçəcək, yox, düşünmək onun üçün bir yükdürsə və o, “düşünən insan” anlayışından uzaqdırsa, ona məcburi fəlsəfə kursu nə verə bilər ki? Əslində, cavab Ramiz müəllimin məqaləsində var idi: hələ orta məktəbdə gəncə düşünməyi öyrətmək lazımdır ki, sonra da universitetdə onun davamını axtarmaq istəsin. Təəssüf ki, o vaxt qoyulan problemlər həllini tapmadı, nəticədə fəlsəfə daha dərin bir böhrana girməkdə davam elədi və bu gün onun ümumiyyətlə, tədrisdən yığışdırılması söhbəti aktuallaşıb. Hətta bu sadəcə söz-söhbət olsa belə, fəlsəfənin “yiyəsiz yetim” kimi hər yerdən sıxışdırılması, haqqında artıq-əskik ifadələrin işlədilməsi heç xoş mənzərə deyil. Haradan gəldik bu vəziyyətə? Hara gedirik? “Elmlərin anasını” niyə ağlar günə qoyurlar?!
Tədris olunan fəlsəfədirmi?!
Ali məktəblərdə fəlsəfənin tədrisinin sıxışdırılmasına bəzən siyasi rəng verib, “düşünmək qabiliyyətinin qarşısını almaq” kimi təqdim edirlər. Fəlsəfə inanmağı, öz inancın üçün hər təhlükəyə cəsarətlə sinə gərməyi, öz düşüncəni əsaslandırmaq üçün durmadan, davamlı şəkildə savadlanmağı, bilik toplamağı, ən vacibi isə özünün, öz düşüncənin, deməli, öz şəxsiyyətinin sahibi olmağı öyrədir. Qısa desək, fəlsəfə azad təfəkkürün bələdçisidir. Dövlət bunun əleyhinədirmi? Sanmıram. Ölkə Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin yubileyindəki çıxışında deyir: “Onlar (Azərbaycanı sevməyənlər – K.B.) gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər”. Deməli, dövlət heç də şüursuz, biliksiz gənclərin yetişməsini dəstəkləmir, çünki məhz eləsinin xarici qüvvələrin “xammalına” çevrilmək təhlükəsi var. Ölkə başçısı milyonların qarşısında tələb edir ki, “Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”. Bəli, Vətən düşüncəli gənclərlə güclüdür və dövlətin müstəqilliyini qoruyan siyasətin prioritet xətti məhz müstəqil düşüncənin formalaşdırılmasıdır.
Tədris ocağının özünə baxaq. İki il əvvəl Fəlsəfə İnstitutuna BDU-nun fəlsəfə fakültəsinin təqribən 20 tələbəsi təcrübəyə gəlmişdi. Hər biri ilə tanış olub, maraq dairələrini öyrənib, müzakirə üçün mövzular axtarmağa başladım. Elə ilk görüşdə laqeyd baxışlar, danışıq yerinə anlaşılmaz mızıltılar, orta məktəb uşağı kimi dərsi pozmaq cəhdləri, şit zarafatlar məni sözün həqiqi mənasında şoka saldı. Amma ruhdan düşmədim və onları həvəsləndirmək üçün 2 həftə müddətində söhbətlər apardım, fəlsəfənin əhəmiyyətindən, düşüncənin necə bir gizli xəzinə, böyük güc olmasından danışdım. Nəhayət, zaldakı kürsünü göstərib onlara belə bir təklif etdim: “Sizə buradan bir saat ərzində azad söz demək hüququ veriləcək. Mövzunu özünüz seçin. İnstitutun elmi kontingenti dinləyiciniz olacaq”. Təsəvvür edin, heç kim istəmədi! Heç kim! Bir az cəsarət verəndən sonra 5 nəfər öz mövzusunu təklif elədi. 20 nəfərdən 1-i də olsa, mənim üçün qələbə idi. Seminar günü gəldi, İnstitutun əməkdaşları toplaşdı və… tələbələr gəlmədilər. Onlar bilirdilər ki, bu, imtahan deyil və qiymət kitabçasına heç nə yazılmayacaq. 4-cü kurs tələbəsi azad söz demək istəmədi! Heç cəhd də eləmədi. 21 yaşında gənc yalnız məqbul müqabilində ağzını açırmış! Bir müddət sonra sözün həqiqi mənasında bədbəxt edilmiş bu gənclərin apatik halının səbəbini anladım: fəlsəfə proqramı adına nə gəldi tərtib edənlər, fəlsəfi mühazirə adına auditoriyaya gənclik xatirələrini danışanlar əllərindən gələni edirlər ki, tələbələr fəlsəfəyə nifrət etsinlər. Mənim BDU-da çox hörmət etdiyim fəlsəfə müəllimləri var, o ali məktəbdən bir çox istedadlı gənclər çıxıb və çoxu hazırda hörmət bəslədiyim həmkarımdır. İnanmaq istəyirəm ki, təcrübəyə gələn həmin gənclər sadəcə kiminsə “uğursuz təcrübəsinin” qurbanları idilər. Əlbəttə, azad düşüncə yalnız parta arxasında öyrədilmir; filosof olmaq fəlsəfə kursunu məcburi keçib məqbul almaq da deyil. Neçə tanınmış fikir sahibi tanıyıram ki, tamamilə başqa sahənin – riyaziyyatın, fizikanın, tarixin yetirməsidir. Lakin bu da faktdır ki, Fəlsəfə dərsləri gəncin həyatının ən əhəmiyyətli hissəsində – öyrənmək, şəxsiyyətinin formalaşdığı bir mərhələsində kamil bələdçidir. Ancaq zaman və məkana meydan oxuyan həqiqi Fəlsəfə! Kiminsə mənasız xatirələri, “vaxt öldürən” söhbətləri yox!
Dediklərimlə mən zatən yıxılmış fəlsəfəni baltalamaq istəmirəm, əksinə, məqsədim onu yıxan, indi də ayağa qalxmağa mane olan səbəbləri araşdırmaqdır. Və belə məlum olur ki, səbəb elə tədrisin özündədir. Başqası yox, elə özümüz durmuşuq Fəlsəfənin qəsdinə.
Nə etməli?
Nikolay Çernışevski kimi, sualı birbaşa qoyub mətləbə keçmək istəyirəm. Hər şeydən əvvəl qeyd edim ki, belə bir əhəmiyyətli məsələni bir neçə fikir sahibi ortaq şəkildə müzakirə etsə, daha məhsuldar olardı. Mən istənilən müzakirəyə açığam. Bu problemlə bağlı mən də ara-sıra məqalələr yazıb, ixtisasından, aldığı təhsildən asılı olmayaraq hər kəsi düşünməyi öyrənməyə çağırmışam. İndi yalnız konkret təkliflərimi yazacağam.
1. Hər şeydən əvvəl vurğulayım ki, yükün hamısı yalnız ali məktəblərin üzərinə düşməməlidir. Orada tələbələr yetişir, Elmlər Akademiyasında isə həmin tələbələri yetişdirən müəllimlər. Fəlsəfə və Sosiologiya İnstitutu fəlsəfə mərkəzi olduğunu təsdiqləməlidir.
2. Tədris proqramlarında mütləq milli fəlsəfə, milli təfəkkür ağırlıq təşkil etməlidir. Antik Yunan, Orta əsr Renessans, Yeni Dövr və daha hansı isə fəlsəfəni öyrənən tələbə əvvəlcə özünü tanımalı, öz kökünü, hikmətini dəyərləndirməyi bacarmalıdır. Nə qədər acı da olsa, etiraf etməliyik ki, bugünkü bazar şəraitində fənn olaraq fəlsəfənin “alıcısı” azdır, ona görə də onun “istehsalını” azaldırlar. Üstəlik, nəzərə alaq ki, bizim bu bazarda əsasən “xarici mal” satılır. Həqiqi alıcı zatən gedib onu elə yerindən almaq istəyir, əldən ələ sərf eləmir. Kantı seçən, yaxud Çin fəlsəfəsini sevən daha dərin bilik axtarır və bizim tədrisdə onu ala bilmir. Bu, dərdin yarısıdır. Başqa yarısında da həmin tələbə elə öz fəlsəfə müəlliminə, elmi rəhbərinə sual verir, daha doğrusu, irad tutur: “Bizdə filosof var ki?” Əgər bu sualı verirsə, deməli, düşüncə müstəvisində həmin gənci artıq itirmişik. Ona Sührəvərdini də gətirsək, inanmaz, onu başqa millətə aid edər. Bəli, mütləq bütün yüksək fəlsəfələri öyrənək, qədimdən bu günə uzanan bütün hikmətləri mənimsəyək, … ancaq öz fəlsəfəmizin, hikmətimizin təməli üzərində. Həm gənclər öz kökünü tanısın, qürur duysun, inansın, həm də formalaşan yeni təfəkkür sahibi, yeni şəxsiyyət ilk növbədə öz millətinə, cəmiyyətinə xeyir versin.
1. Dünya fəlsəfə irsi Azərbaycan dilinə tərcümə edilməlidir və bu, həvəskar, pərakəndə halda deyil, mütəxəssislərin nəzarəti altında olmalıdır. Bura Şərq və Qərbin həm klassik, həm də müasir müəllifləri aiddir. Bununla həm milli fəlsəfənin dili inkişaf edəcək, həm də tələbələr, araşdırmaçılar fəlsəfi irslə tanış olmaq imkanı qazanacaq. Bununla aspirant və doktorantların tədqiqat sahələri də genişlənəcək.
2. Azərbaycan filosofları haqqında sənədli filmlər çəkilməlidir. Bu, yalnız fəlsəfənin təbliğatına deyil, həm də maariflənməyə xidmət edəcək. Xalq öz mütəfəkkirlərini tanımalıdır. Xalq bilməlidir ki, o, yalnız çalıb oynamağı yox, həm də düşünməyi bacarır.
3. Fəlsəfə İnstitutu ali məktəblərlə əməkdaşlığını sıxlaşdırmalı, ən aktual mövzular ətrafında birgə fəlsəfi konfranslar seminarlar keçirməlidir və geniş auditoriya üçün açıq olmalıdır. Bu seminarlar yalnız dost-tanış, institutun əməkdaşları üçün deyil, geniş auditoriya üçün açıq olmalıdır. Məsələn, nümunə üçün deyim ki, mən 3 il ərzində Amerika Mərkəzində “Özümüzlə üz-üzə” adlı fəlsəfi məsləhətləşmə xarakterli seminarlar aparmışam və ən fərqli yaş kateqoriyalarından olanların necə həvəslə gəlib dinlədiklərinin, maraqlı fikirlər söylədiklərinin şahidi olmuşam. Azad düşüncə sahibləri hər yerdə var və onları səfərbər etmək lazımdır. Düşüncə dinlənilməli və dəyərləndirilməlidir. Əks halda, axarı olmayan su kimi tədricən sahibinin mənəviyyatını bataqlığa çevirəcək, bu isə cəmiyyətdə əks olunacaq. Necə ki, uşaq yaşında şahmat oynamağı öyrənmək onun məntiqinin, fikir ardıcıllığının inkişaf etməsinə kömək edir, eləcə də fəlsəfi təfəkkür insanın bütün həyatında işıq ola bilir, düyünə düşmüş işləri anlamağa kömək edir.
Son söz yerinə
Xalqların inkişaf yolu heç də həmişə hamar olmur. Bunu tarixin zərurəti kimi də qəbul etmək olar. Ancaq yalnız öz düşüncəsinə əmin olan, öz varlığını dərk edərək bunu dünyaya bəyan edə bilən xalqlar taleyin çətin məqamlarından çıxa bilir. Məsələn, bu gün alman xalqı az qala Fəlsəfənin anası kimi tanınır. Halbuki XIX əsrdə almanlar dərin bir böhran içindəydilər və bunu ilk növbədə onun düşüncə sahibləri görür və həll yolları axtarırdılar. Hegel dövrünün reallığının boğucu olduğunu, insanların get-gedə mənən rəzilləşdiyini görüb bildirirdi ki, “alman həyatı indiki vəziyyətində qala bilməz, çünki hər şey bütün qüvvəsini, bütün ləyaqətini itirib, nə isə mənfi bir hadisəyə çevrilib”. Eyni proses XX əsrin əvvəllərində Azərbaycanda da gedirdi: aydınlar səfərbər olunaraq nəşr etdikləri jurnallar, məqalələr vasitəsilə xalqı sanki xəstəlik kimi bürümüş cəhalətdən xilas etməyə çalışırdılar. Və Azərbaycanda bütün sahələrdə yüksək bir dirçəliş yaşandı.
Elmin, mədəniyyətin, dinin – hərəsinin öz missiyası var. Fəlsəfənin missiyası düşüncəli, özünü dərk etməyə qadir İnsan yetişdirməkdir. Şübhəsiz ki, bu gün Fəlsəfə katarsıs yaşayır. Yalnız bizdə yox, bütün dünyada. Düşüncələr, maraqlar ələnib ələkdən keçir. Əslində, bu gün insan özü bir böhran halı yaşayır. Bu səbəbdən onun əlaqəli olduğu hər bir sahə, hər bir istiqamət böhran-dadır. Belə böhranlar tarixdə çox olub və məhz böh-ranların əsası olan insan böhranının kökünü, səbəblərini, xüsusiyyətlərini öyrənməklə onların öhdəsindən gələ biliblər. Bütün istiqamətləri böhrandan çıxartmaq üçün məhz insanın özü, təfəkkürü böhrandan çıxmalıdır. Bu isə fəlsəfənin missiyasıdır.
Bəli, hikmət və hikmətə sevgi olan Fəlsəfə həmişə risk zonasında olub, qədimdə də, indi də. Elə insanlığın özü kimi. Amma o, təməl olduğuna görə, onu yox eləmək mümkün olmayıb, yenə də olmayacaq.