– Könül xanım, Sizin üçün ənənəvi olmayan bir mövzudan – ədəbi dilimizin indiki vəziyyəti və dövlət dili haqqında qanunun icrası vəziyyətindən danışmaq istəyirik. Hardan başlayaq?
– Mənim sahəmdən – fəlsəfədən. İnsan hansı istiqamətdə özünü təsdiq edibsə, o “dildə” də fikrini, özünü ifadə edir. Məsələn, Dantenin qələmlə təsvir etdiyi cəhənnəmi Roden daş üzərində canlandırıb, Ferens List isə musiqi ilə çatdırıb. Həllac deyirdi ki, həqiqətin dili “nə ərəbcə, nə əcəmcədir” və bu səbəbdən onu dilindən, dinindən, zamanında asılı olmadan hamı anlaya bilir. Həqiqət hər kəslə öz dilində danışa, “ünsiyyət qura” bilir. Bu, yüksək yaradıcılığın dilidir və kimliyindən asılı olmadan hər kəs üçün anlaşılandır və həmin əsər demək istədiyini hər kəsə öz dilində deyə bilir.
– Yəni…
– Gələk sizin dediyiniz sahəyə. Dil elə bir sahədir ki, onun qayğısına yalnız dilçilər qalmamalıdır. Bunun üçün fərqli sahələri birləşdirən mütəxəssislərin komissiyası yaradılmalıdır ki, heç bir düyünlü məqam qalmasın. Dövlət dilimiz məlumdur və bütün sualların fövqündədir. Ədəbi dilimizə gəlincə… Haydegger düşüncə sahiblərini və şairləri varlığın evinin – dilin qoruyucusu adlandırır. Ərəb dilinin gələcəyindən narahat olan Cübran Xəlil Cübran da belə hesab edir ki, bu dili “diriltməyin yeganə üsulu şairin ürəyində, dilindədir. Şair xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, bilik dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir”. Bəli, şairlər dili zənginləşdirən, onun saflığını qoruyanlardır. Bəs hansı şair dili zənginləşdirməyə, onu ayaqda saxlamağa qadirdir? Özü belə bir dilə sahibdirsə, zəngin söz bazası, milli kimliyi dərk etmiş, millətin bu günü, modern çağı ilə yanaşı qədim tarixini, mifologiyasını, dastanlarını da bilən şəxsdirsə. Əks halda, həmin adam şair, yaxud yazıçı olmaqdan daha çox dilin düşmənidir. Məqalələrinin birində Üzeyir Hacıbəyov yazır ki, “Şəxsən öz haqqımda bunu deyə bilərəm ki, mən xalq musiqisini əsaslı surətdə öyrənməyincə böyük əsərlər yazmağa tələsməmişəm. Öz işlərim məni bu qənaətə gətirmişdir ki, Azərbaycan xalq musiqisi bir sıra tarixi səbəblərə görə xüsusi bir sistemə malikdir və tamamilə formalaşmış müstəqil bir incəsənətdir”. Eyni şey dilə də şamil olunur. Təməl nə qədər güclü olarsa, onun üzərində təqdim edilən yaradıcılıq da o qədər güclü və aydın olar. Və bu yaradıcılıq həm dilin qoruyucusu, həm də inkişafında xüsusi rol oynaya biləcək şəxsdir. Xatırladım ki, Cəfər Cabbarlı Azərbaycan dilinə neçə gözəl ad qazandırıb: Oqtay, Almaz, Elxan. Yenə Cübrana müraciət edim. O deyir ki, “dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır”. Eyni sözləri mən fəlsəfəyə də aid etmək istəyirəm. Bu gün dilimizin bütün hücumlara qarşı bu qədər qorumasız olmasının məsuliyyəti həm də bu dildə yazıb yaradan şəxslərin üzərinə düşür. Mənim də o cümlədən.
– Qaldığımız yerdən davam edək…
– Fəlsəfədə qalmışdıq. Dil var düşüncənin ifadəçisidir, düşüncədəkiləri ətrafa çatdırır və əksinə, ətrafda olanları düşüncəyə ötürür. Şüurun qavradığı hər informasiya mütləq dil süzgəcindən keçir. Dil həm də mədəniyyətin zərrələrini ehtiva edir. Məsələn, öz dükanının üstündə ingilis dilində reklam yapışdıran bir şəxs bununla özünün ingilis mədəniyyətinə aid olduğunu, buralara gələn turistlərlə “doğma” olduğunu çatdırmaq istəyir. Öz mədəniyyətini bunun üçün yararlı, yetərli hesab etmir. Əlbəttə, həqiqətdə həmin şəxs nə öz mədəniyyətini dərindən bilir, nə də ingilisin. Adı üstündə: bu, reklamdır. Malından çox özünün. Bir tərəfdən, dil “mən”in ifadəsidir, digər tərəfdən kənar dünyanın bu “mən”dəki inikasıdır. Bir növ dil – iki dünyanın ehtivasıdır. Bu baxımdan, dil və düşüncə faktorlarının bir-birini tamamlaması xüsusi əhəmiyyət daşıyır. Aradakı tarazlıq pozulanda, əlaqə itəndə, gördüyümüz xaotik mənzərə yaranır.
– Burda dayanaq. Yəni dil təkcə verbal kommunikasiya vasitəsi deyil?
– Əlbəttə deyil. Bir var dil təfəkkürün ifadəçisi olur, bir də var dil təfəkkürün istiqamətləndiricisi. Konkret şeylərin, şəraitin tələbləri arasında dilə də qoyulan şərtlər var. Dil şüurun qəbul etdiklərini həmin tələblərə uyğunlaşdırmalıdır ki, cəmiyyət, çoxluq onu qəbul edə bilsin. Dil bu zaman hakim mövqe tutur, təfəkkürü də istiqamətləndirir. Digər tərəfdən, şüur ruhun köməkliyi ilə ilahi aləmə, sonsuza keçə bilir. Bu səbəbdən yaradıcılığı çox vaxt ruha şamil edirlər. Oradan qaynaqlanan əsərin “dili” də ruhun dili olur. Bu zaman sözlər, cümlələr yalnız xidmətçi rolunu oynayır. Məsələn, dövrün tələbinə uyğun olaraq və səsini daha geniş auditoriyaya çatdırmaq üçün Məhəmməd İqbal “İslam düşüncəsinin rekonstruksiyası” əsərini ingiliscə yazıb. Mütəfəkkir öz düşüncələrini məhz hakim dilin tələblərinə uyğunlaşdırıb. Amma “Cavidannamə” əsərini, yaxud şeirlərini urduca – ruhunun dilində yazıb. Hər ikisi eyni təfəkkürün məhsuludur, ancaq birində hakim mövqe dilə, digərində ruha aiddir.
– Gələk şüurun dilinə…
– Bayaqdan elə ondan danışırıq. İndi də konkretləşdirək. Şüurun iki dili var: konkret, maddi dünyaya aid və mücərrəd, yaradıcılığına, ruhuna aid. Bunlar bir-birini tamamlasa da, eyni olmaya bilər. Əgər birinci olan dövrün şərtlərinə, qanunlarına görə dəyişə bilirsə, ikinci – ruhun öz dilidir və sabitdir. Bundan başqa, bütün yaradılmışların öz “dili” var ki, şüur fitrən onları bilir və obyektlə ünsiyyətdə olandan sonra onu öz dilinə çevirir. Beləcə, insanın dünyası genişlənir, şedevr sənət əsərləri yaradır, bütün dünya ilə bir harmoniya halında yaşayır.
– Deyirlər, dil həm də xalqın mentaliteti, milli xarakteri, ənənələri, əxlaqı və dəyərlər sistemini əks etdirən bir güzgüdür. Bu baxımdan yanaşanda Bakının və ardınca digər şəhərlərin əcnəbi dillər tərəfindən işğalı hansı mədəni təhdid ünsürləri daşıyır?
– Bu suala az əvvəl cavab verdik. Bəli, dil güzgüdür. Bu baxımdan, Bakının küçələrini bir az əyri güzgülər krallığına da bənzətmək olar. Onlara baxıb nə isə anlamaq, millətin simasını görmək olmur.
– Bakı Şəhər İcra Hakimiyyətində dövlət dilinin qorunmasına məsul rəsmilərlə ziyalıların görüşündə Siz də iştirak edirdiniz. Problemlərin etiraf edilməsi yaxşıdır. Tədbir görüləcəyinə inanırsınızmı?
– Bəli, bu işə can yandıran ziyalılarla getdik həmin görüşə və bəzi suallara aydınlıq gətirdik. Bilirsinizmi, bu problemin həlli sadəcə bir idarədən asılı olsaydı, gedərdik, tələb edərdik, mütəxəssis kimi əlimizdən gələn köməyi edərdik, yetər ki, bəlli zaman içində problem artıq tamamilə yox olsun ortadan. Ancaq həmin görüşdən də aydın oldu ki, məsələnin həlli kompleks yanaşma tələb edir. Daha dəqiq desək, kökündən mövqe dəyişməlidir. Gərək dil haqqında qanun elə bir qüvvəyə malik olsun ki, onu pozmaq, əymək, təhrif eləmək kiminsə ağlına gəlməsin. Maraqlıdır ki, Türkiyədə bizim təşəbbüsdən sonra bənzər addım atıldı. İnanıram ki, bizdə də məsələ kökündən həll olunacaq, bu problem keçmişdə qalacaq.
– Araşdırmalara görə, 7 il əvvəl Bakının mərkəzi küçələrində ticarət, və xidmət obyektlərində lövhələrin 43 faizi əcnəbicə imiş. Bu gün mərkəzdə bu göstərici 70-80 faizə, Rəsulzadə küçəsində 99,99 faizə çatıb. Paytaxtın belə sürətlə “işğalı”, Sizcə, nə ilə bağlıdır?
– Düşüncələrin işğalı ilə. Məsələn, düşünürəm ki, böyük Qələbəmizdən sonra düşüncələrdə milli kimlik önə çıxacaq və bu, öz əksini ticarət və xidmət obyektlərinin adında da öz əksini tapacaq. Yəni hər şeydən əvvəl insan öz millətini, öz kökünü sevməlidir ki, onun dilini də sevsin, onu hər şeydən üstün bilsin, onu eşitməkdən, eşitdirməkdən qürur duysun. Vətən müharibəsi müddətində bütün fəxr olunası hadisələr, adlar, yerlər məhz öz dilimizdə olduğuna görə, Qələbədən sonra bir növ düşüncələr də “işğaldan” azad olacaq. Buna əminəm.