Hər birimiz heç olmasa bir dəfə bu sualın cavabını axtarmışıq: xalq mahnılarını kim bəstələyib? Yaxud yenə sual veririk ki, bəs bu gün o xalq niyə mahnı yazmır? Cavablar sadədir. Məlum məsələdir ki, camaat yığılıb mahnı yazmayıb. Bir nəfər həmin musiqini züm-zümə edib, digərlərinin də könlünə yatıb, sümüyünə düşüb, beləcə yayılıb. Əvvəllər müəllifi bəlli olan bu mahnılar dildən-dilə keçdiyinə və imza qoyulmadığına görə, növbəti nəsillər onların ilk ifaçısını ya tanımayıb, ya da unudub. Bu gün də yazılır belə mahnılar, sadəcə indi imza qoymaq, musiqini qeydə almaq, nota köçürmək imkanı olduğuna görə, daha xalqın adına yazmırlar.
Xalq mahnılarının bir neçə xüsusiyyətindən danışım. Əvvəla, bu mahnılar çox sadə olur və məhz buna görə də, tez dillərə düşür, tez əzbərlənir. Məsələn, “Sudan gələn sürməli qız” cəmi 3-4 notda ifa olunur, amma bir yekə dastan nəql olunur:
Kuzənə ipək duzərəm,
Eşqinlə çöllər gəzərəm,
Sənsiz mən necə dözərəm,
Ax, di dur, gəl aman günüdür,
Sevgilim, yaman günüdür.
Xalq mahnılarında ilk yaranan musiqi olur. Sonralar bu musiqiyə uyğunlaşdırılan sözlər dəyişə də bilir, ümumiyyətlə, sözsüz də oxunur. Dövrə, şəraitə uyğun fərqli bayatılar qoşulur, nəsildən nəslə isə musiqi adlayır. “Laçın” mahnısında sözlər də kədərli musiqiyə uyğun seçilib. Bir baxırsan bu, iki sevgilinin həsrətindən danışır:
Bağçaların barı gül,
Yarı qönçə, yarı gül
Tez açıldın, tez soldun,
Gəlməyəydin barı, gül.
Bir başqa vaxt isə bu mahnı iki xalqın faciəsinin tarixini nəql edir:
Arazı ayırdılar,
Lil ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Güc ilə ayırdılar.
Xalq mahnısı güclü bir hissin təzahürü kimi yaranır: həsrət, sevgi, nifrət, sevinc, yalnızlıq. Yəni, bir ürək həmin duyğuları daşımaqda aciz olanda, dil köməyə gəlir və züm-zümə eləməyə başlayır.
Vətən bağı al-əlvandır,
Yox üstündə xarıbülbül.
Nədən hər yerin əlvandı,
Köksün altı sarı, bülbül.
Yəni, “Sarı bülbül”ün sözlərinin müəllifi də, yaranma tarixi də məlumdur, hətta bayatılardan belə güman olunur ki, Qarabağ xanının qürbətdə qalan qızı Ağabəyim ağa musiqi alətində çalmağı da bacarıb:
Oxu, quşlar dilə gəlsin,
Xoş nəfəsin elə gəlsin,
Yarım gülə-gülə gəlsin,
Mən çalanda sazı, bülbül.
Xalq mahnıları rəsmi qadağa olunmuş, məcbur unutdurulan həqiqətlərin ən rahat “yaddaş kitabıdı”. Neçə tarixi məkanlarımız, qürbətdəki Vətən parçamız məhz xalq mahnılarında qorunur: o tərəfdən “Təbirizin küçələri dolanbadolan”dı, “Dərbənd aralı, könlüm yaralı”dı, bu tərəfdən də “İrəvanda xal qalmaıb”, “Arpaçayı aşıb-daşıb”. Məsələn, hazırda “Apardı sellər saranı” mahnısının musiqisi əvvəllər Bülbül tərəfindən fərqli sözlərlə oxunub və mahnı “Bağçası güllü bəxtəvər” adı ilə tanınıb:
Səhərdən seyrana varam,
Yarı gördüm bağ içində,
Dərə-dərə dəstə bağlar,
Qızılgül yarpaq içində.
Sonralar musiqinin sözləri bu torpaqlarda baş verən bir zülmün – işğalçılar əlindən nakam qalan bir cavan gəlinin faciəsi ilə dəyişdirilib:
Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana,
Muğan batıb nahaq qana,
Apardı sellər Saranı, bir alagözlü balanı.
Burda yenə də kiçik bir gümana gedək. Arpa çayı Qərbi Azərbaycandadır, yəni Anadoluya yaxın ərazidədir. Məsələ burasındadır ki, Anadoluda xalq türkülərinin əksəriyyəti ağılardır. Azərbaycanda isə ağılar xalq mahnısına nadir halda keçib, yaxud heç keçməyib. Görünür, xalq göz yaşını gizlətməyi sevib. Bu baxımdan “Apardı sellər Saranı” daha çox o ərazilərin ruhunda oxunan mahnılara bənzəyir. Azərbaycanda belə ağılar, qəm-kədər dolu sözlər daha çox qəzəllərə köçüb və muğamlarda oxunub. Maraqlıdır ki, məhz məzmunundakı kədərə görə bəzən yanlış olaraq iddia edirlər ki, muğam Azərbaycana deyil, farsa məxsusdur. Halbuki, muğamların kökünü araşdıranda onun məhz bu xalqın ruhundan süzüldüyü gün kimi aydın olur.
Xalq mahnıları bəzən aşıq havaları üzərində də yaranıb. Aşıq məktəbi Azərbaycan xalqının düşüncəsinin təməlində duran güclü qollardan biridir. Aşıqlar yalnız havalar çalıb, obanı şənləndirməyib, onlar həm də dövrünün salnaməçisi olublar. Məsələn, Koroğlu özü saz çalıb, söz ustası olsa da, yanında həm də Aşıq Cünunu gəzdirirdi. Beləcə, söz-sözə dayaq dura-dura, hadisələr qafiyələrə düzüldükcə dastanlar yaranıb, epopeyalar meydana çıxıb. Xalq mahnıları aşıq havalarından fərqlənir. Aşıq havalarında sözün qüdrəti böyükdür, musiqilər mürəkkəbdir, onu musiqidən xəbərsiz biri nə oxuya, nə də dəyişə bilməz. Burda hər havanın özünə uyğun şeiri yazılır, özünə uyğun səslə oxunmalıdır. Xalq mahnısını isə musiqiçi də oxuya bilir, evdə qadın da, dağ başında çoban da. Əlbəttə, bəzən, sonralar xalq adı ilə tarixdə qalan kimsə daha sadə havaları züm-zümə edə-edə onu xalq mahnısına çevirə bilib. Məsələn, Mikayıl Azaflının “Amandır” qoşması həm sazda ifa olunur, həm də sadəcə mahnı kimi oxunur:
Haqq aşığı yaranıbdır qəm çəkə,
Ürəyimə saldım qara, xal, ləkə,
And verirəm saf vicdana, məsləkə,
Ağarmayın, a saçlarım, amandır.
Xalq mahnıları xalqın ruhunu ən saf şəkildə çatdıran “ədəbiyyatdır”: bu xalq nəyə sevinir, nədən ilhamlanır, nəyə kədərlənir, niyə ağlayır. Əgər muğamı, aşıq havalarını çaya, gölə, hətta dəryaya bənzətsək, xalq mahnıları hansısa dağın qoynunda yavaş-yavaş çağlayan bulaqdır. Xalq mahnısı da o su kimi bir könülün ən gizli arzusunun, istəyinin, hissinin üzə vurub çıxmasıdır. Məhz könüldən süzüldüyünə görə də könüllərə rahatca yol tapır, doğmalaşır, yaddaşa, qana hopur və olur xalqın mahnısı.