- Dil

Koqnitiv semiotika mənanın çoxaspektli təhlili kimi

Günel BAYRAMOVA, filologiya üzrə fəlsəfə doktoru

Xülasə Semiotika ənənəvi olaraq işarə və məna haqqında elm kimi təsnif olunur. Klassik semiotika mənanın yaranması ilə bağlı məsələləri öyrənirdi. Semiotika semiozisi, yəni işarələrin insan və heyvan aləmində fəaliyyətini öyrənir. Koqnitiv elm isə koqnisiya, yəni insan və ya heyvanlarda individual və ya kollektiv şəkildə dünyanı dərk, konseptualizasiya və interpretasiya etməyi təhlil edir. Koqnitiv semiotika mənanın çoxaspektli fenomen kimi təhlili ilə bağlı metodları əks etdirən elmlərarası fənn və ya yeni bir sahə olub koqnitiv metod və nəzəriyyələri semiotik tədqiqatlarla birləşdirir. Bu mənada koqnitiv semiotika mənanın manifestasiyasının dərk olunmasının yeni metodlarını təqdim edir.

Koqnitiv linqvistika semiotikaya diqqəti artırmışdır. Bəzi dilçilərin fikrincə koqnitivizmin inkişafı ümumiyyətlə semiotikasız mümkün deyil. İşarələrin təbiəti və növlərini anlamaq koqnitiv elmin metodoloji əsasını təşkil edir. Koqnitiv proseslər mental hadisə və əməliyyatların nizamlı ardıcıllığını əks etdirir. Koqnitiv semiotikanın əsas vəzifəsi mənanı və mental konnektorlarla yaranan semiotik əlaqələri öyrənməkdir.

Açar sözlər: semiotika, koqnitiv elm, semiozis, işarə, təfəkkür, perseptiv

Koqnitiv semiotika mənanın çoxaspektli fenomen kimi təhlili ilə bağlı metodları əks etdirən elmlərarası fənn və ya yeni bir sahə olub koqnitiv metod və nəzəriyyələri semiotik tədqiqatlarla birləşdirir. Bu mənada koqnitiv semiotika mənanın manifestasiyasının dərk olunmasının yeni metodlarını təqdim edir.
Semiotikanı adətən işarə və mənanı öyrənən elm kimi təsvir etmişlər. J.Zlatevin fikrincə “koqnitiv” termininin çoxmənalılığını və aktuallığını nəzərə alaraq Ç.Pirs və F.Sössürdən başlamış U.Eko və J.Hoffmayerə qədər istənilən semiotika nəzəriyyəsini “koqnitiv semiotika” kimi qəbul etmək olar [1, səh. 1053].

Klassik semiotika, özünün ilk nümayəndəsi F.Sössürlə əsasən mənanın yaranması ilə bağlı məsələlərlə maraqlanmışdır. Burada insan cəmiyyətində istifadə olunan mətn, obraz, simvolik sistem, kütləvi informasiya sistemləri və bədii vasitələr, rəqəmsal kommunikasiya və s. nəzərə alınsa da onun koqnitiv quruluşu diqqətdən kənarda qalmışdır. Ç.Pirsdən başlayaraq semiotika artıq işarəyə təkcə ifadə və məzmun (işarələyən və işarələnən) kimi və sosial kommunikasiya kimi yox, həm də şeylər arasında məntiqi əlaqə kimi nəzərdən keçirilirdi. Bu fikirlər məntiqin bəşər varlığına xas olması ilə bağlı fikirlərin genişlənməsində təzahür tapmışdır. U.Ekonun bəzi fikirlərində də insan təfəkkürünün semiotik formalarının tarixi istifadəsini müşahidə etmək olar [2].Özünün Koqnitiv semiotika adlı məqaləsində J.Zlazev qeyd edir ki, koqnitiv semiotikanın əsl yaranma tarixini Tomas Daddesionun On minds and Symbols: The relevance of Cognitive Science for semiotics əsəri ilə 1990-cı illərin ortalarından hesab etmək lazımdır [1, səh.1053]. P.A.Brandt isə koqnitiv semiotikanın yaranma tarixini 1980-cı illərə aid edir. O qeyd edir: “Koqnitivist alimlər Fiziki Simvol Sistemi ilə məşğul olduqlarını bəyan edirlərsə, onlar sadəcə Filologiya məsələləri, № 10, 2019 111 buna semiotika yox koqnitiv elm adı qoymaqla fərqlənirlər. Xoşbəxtlikdən, fenomenoloji nöqteyi nəzərdən koqnisiya yalnız məntiqi və simvolik struktura malik deyil… Holenştayn bəlkə də ilk alimdir ki, “koqnitiv-semiotika” adlanmasını təklif etmişdir.” [3, səh.253].

Koqnitiv proseslərin öyrənilməsi insanın ətraf mühitdən informasiyanı çıxarma və emal etmə bacarığı, onu yadda saxlayıb digərlərinə ötürməsi və bununla da dünyanın koqnitiv reprezentasiyasını yaratmaqla əlaqədardır. İnsani informasiyaların emalı üzərində təmərküzləşən bu düşüncələr ilk koqnitiv elmi tədqiqatlara gətirib çıxarmışdır. Belə ki, informasiya anlayışı insan koqnisiyasının qavranılmasını araşdıran psixologiyada, informasiya emalının süni sistemlərini proqramlaşdıran kibernetikada tədqiqatlara səbəb olmuşdur.

Koqnitiv linqvistika semiotikaya diqqəti artırmışdır. Bəzi dilçilərin fikrincə koqnitivizmin inkişafı ümumiyyətlə semiotikasız mümkün deyil. İşarələrin təbiəti və növlərini anlamaq koqnitiv elmin metodoloji əsasını təşkil edir. Koqnitiv proseslər mental hadisə və əməliyyatların nizamlı ardıcıllığını əks etdirir. Bu ardıcıllıqda mühüm rolu ətraf mühitlə bağlı informasiyaların emalı oynayır. Bu, koqnitiv elmin ilkin mərhələsində və hətta müasir koqnitiv elmin əsasında dayanan fikirlərdir. Diego Markoni belə hesab edir ki, koqnitiv elm psixologiya, linqvistika, kibernetika, fəlsəfə və antropologiya kimi elmlərin çarpazlaşmasından yaranmışdır [4, səh. 183].

Dilin koqnitiv-semiotik xüsusiyyəti yalnız müqayisə və təkamül müxanizmlərinin nəzərə alınması ilə dərk oluna bilər. Koqnitiv semiotika bu baxımdan bütün müvafiq elmləri əhatə edir. Onu nə semiotikanın bir hissəsi və ya sahəsi kimi, nə də hansısa konkret cərəyanın davamı və ya qolu kimi nəzərdən keçirmək olmaz. Bəzən koqnitiv semiotikanı semiotikanın sahələri və ya formaları olan biosemiotika, sosial semiotika, tekstual semiotika, vizual semiotika ilə qarışdırmışlar. Bəzənsə koqnitiv semiotika müəllifləri öz araşdırmalarına bu adı (koqnitiv semiotika- nominasiyasını) verməkdən yayınmışlar (məs:T.Daddesio). Qeyd etmək lazımdır ki, koqnitiv semiotikanı ənənəvi koqnitiv elmin yeni və müasir denominasiyası kimi şərh etmək də düzgün deyil. Bu iki elm – koqnitiv elm və semiotika- arasındakı əlaqə mürəkkəb əsasa malikdir və bu sahədə tədqiqatlar hələ yeni baş qaldırır [5].

T.Daddesio qeyd edirdi ki, işarələrin koqnitiv nəzəriyyəsini qurmaq cəhdlərinin qarşısında duran ən böyük maneə, müasir semiotikanın əsasını təşkil edən mental vahidlərə düzgün yanaşmanın qurulmamasıdır. Həmçinin ötən 25 il ərzində fəlsəfə və sosial elmlərdə, antimentalist fərziyyələr sərt tənqidlərə məruz qalsa da, belə bir tendensiya semiotikada izlənilməmişdir. Semiozisə koqnitiv yanaşmaqla işarənin koqnitiv nəzəriyyəsini qurmaq mümkündür [6, səh.17].

XX əsrdə işarə, semiozis, məna kimi anlayışların “de-mentalizasiya” edilməsi cəhdləri semiotikanı koqnitiv elmdən ayırmağa gətirib çıxarmışdır. Koqnitiv elmdə “hesablama” (computation) və “məlumatların hazırlanması” kimi məsələlər əsas anlayışlara çevrilsə də semiozisə koqnitiv yanaşma məsələsinə əhəmiyyət verilməmişdir. T.Daddesio özünün koqnitivsemiotik sintez nəzəriyyəsində əsasən sxematizasiya, diqqət, metafora və interpretasiya kimi anlayışlarla əlaqəsi olan koqnitiv semantika və təkamül psixologiyasına əsaslanmışdır. Zlazevin fikrincə Daddesionun bu sahədə olan xidmətləri bu günə kimi layiqincə qiymətləndirilməmişdir. Onun uşaqlarda semiotik inkişafla bağlı fikirləri xüsusi əhəmiyyət kəsb edir [1,səh.1053].

Lakin bununla belə bir çox semiotik tədqiqatlarda antimentalist yanaşmalar yenə də davam etmiş və bir çox hallarda mental zeprezentasiya və təsəvvürlər “ictimai baxımdan nəzarət oluna bilməyən” təzahürlər kimi semiotiklərin diqqətində kənarda qalmışlar. Semiotikada izlənilən əsas tendensiyaya görə maddi olmayan mental təzahürləri hətta dəqiqliklə tədqiq etdikdə belə onlar işarənin özündən daha çox məlumat verə bilməzdi. Bu baxımdan bir Filologiya məsələləri, № 10, 2019 112 çox semiotiklər işarəyə koqnitiv yanaşmanı nəinki lazımsız, hətta təhlükəli hesab etmişlər [6, səh.17].

Qeyd edək ki, Pirsəqədərki dövrü müəyyən mənada “saf semiorika” dövrü hesab etmək olar, lakin onun işarə nəzəriyyəsində müəyyən koqnitiv elementlər də duyulur. Məs: M.Gagliaro alimin ölümünün yüzillik ildönümünə həsr etdiyi “Pirs və koqnitiv semiotika” adlı məqaləsində bir sıra müasir koqnitiv elm müəlliflərinin fikirləri ilə ayaqlaşan semiotik görüşləri üzə çıxarır. Bunun üçün müəllif 3 məqsədi qarşısına qoyur: 1. Pirsin semiotika nəzəriyyəsini koqnitiv tərəfini müəyyən edən məsələləri aşkar etmək; 2. koqnitiv elmin əsasında dayanan məlumatların emalını (human information processing topics) və 3. müasir koqnitiv psixologiyanın yaranması və ətraf mühitlə bağlı stimulların qavranmasını və perseptiv sxemlər konsepsiyasını təhlil etmək [4,səh.178-179]. Bu baxımdan alim qeyd edir ki, Pirsin işarə əlaqəsi haqqında semiotik görüşləri ilə koqnitiv reprezentasiya nəzəriyyələri arasında olan əlaqə bu gün koqnitiv-semiotika üçün istinad nöqtəsi sayıla bilər.

Əslində Ç.Pirsin semiotik interpretasiya nəzəriyyəsi “idrakın ayrılmaz hissəsi olan” işarə haqqında nəzəriyyə sayıla bilər. İşarənin bu şəkildə interpretasiyasında təfəkkürün təbiəti ilə bağlı məsələ semiotika ilə, yəni koqnitiv reprezentasiyanı məlum obyektlə birləşdirən işarə əlaqəsi nəzəriyyəsi ilə bir müstəvidə nəzərdən keçirilir. Çünki, işarə əlaqəsinin yaradılmasında subyektin tətbiq etdiyi mental əməliyyatlar mühüm rol oynayır. Kartezian fəlsəfi fikirləri ilə tanış olan Ç.Pirs subyektlə bilik obyekti (başqa sözlər desək- koqnitiv reprezentasiya və bilik obyekti – G.B.) arasında birbaşa əlaqəni, yəni intuisiya formasını inkar etmişdir. Kartezian fəlsəfəsinə görə empirik biliyin əsasında yəqin və şübhəsiz həqiqətlər dayanır və onlar hisslərdən qaynaqlanmır, çünki hisslər aldadıcı ola bilər. Həmin həqiqətlər hər bir koqnitiv proses üçün başlanğıc rolunda çıxış edir və sübut tələb etmir.

Bu konsepsiyaya qarşı olaraq Pirs hər bir perseptiv aktın daxili interpretativ xarakteri olduğunu göstərir. Belə ki, o düşünürdü ki, koqnitiv proses daim fəaliyyətdədir və ona sabit başlanğıc nöqtəsi lazım deyil. İntuisiya subyekt və obyekt arasında birbaşa və binar əlaqəyə əsaslanır. Hətta hər kəsin özü haqqında perseptiv reprezentasiyaları, hissiyatlı təəssüratları və ya introspektiv bilikləri intuitiv təsəvvürlər yox, daha çox mental fəaliyyətin və ya sintez prosesinin nəticəsidir. Koqnisiya sonsuz proseslər zənciridir və empirik obyekt burada “ilkin mühərrik” rolunu oynayır [4, səh.181].

Semiotika semiozisi, yəni işarələrin insan və heyvan aləmində fəaliyyətini öyrənir. Koqnitiv elm isə koqnisiya, yəni insan və ya heyvanlarda individual və ya kollektiv şəkildə dünyanı dərk, konseptualizasiya və interpretasiya etməyi təhlil edir. O insan təkamülündə düşüncə bacarığını, onun psixoloji inkişafını müəyyən etməklə məşğuldur. Ontoloji baxımdan idrak və beyin, işarənin məzmununu formalaşdıran və onu dərk etməyə imkan verən mənanın varlığında mühüm rol oynayır. İnsan təfəkkürünün inkişaf etməsinin şərti olan dil məna komponentindən ibarətdir və bu məna komponentinin mövcudluğunun əsas şərti də ontoloji əsasa söykənir.

Məna istənilən vəziyyət və ya kontekstdə kateqoriyaların sxematizasiyası yolu ilə konseptual şəkildə təşkil olunandır. Yəni o, məkanda və zamanda mövcud olan obyekt və hadisələr kateqoriyasına relyasion sxemlər tətbiq edir. Biz hər hansı obyekt, hadisə, haqqında düşünərək onun hissələrini inteqrasiya etmək üçün fikrimizdə həmin sxemləri fəallaşdırırıq. Biz təcrübəni təsəvvürümüzdə canlandırır, əgər təsəvvür edə biliriksə onu yadda saxlayırıq, yəni təsəvvürümüzdə onun narrativ quruluşunu canlandırırıq. A.Brandt qeyd edir ki, idrak öz quruluşuna görə ədəbi agens təsiri bağışlayır. Burada işarə özü semiotik və koqnitiv məntiqə malikdir və bu məntiq tarixi və dəyişən manifestasiyalara əsaslanır. Dinamik sxemlər bu və ya digər dərəcədə bədən hərəkəti, maddi təfəkkür (embodied mind) və həmçinin kateqorizasiyadan, sensorial qavramanın geştalt fəaliyyətindən irəli gəlir. Nəticədə, koqnitiv əsasa Filologiya məsələləri, № 10, 2019 113 malik olmayan semiotika və semiotik perspektivə malik olmayan koqnitiv elm – idrak, işarə və mənanın tam öyrənilməsi üçün lazım olan – bir bütövün çatışmayan hissələridir [2].

Ənənəvi olaraq semiotika əsasən işarə modeli ilə əlaqəli təfsir elmi (hermenevtika) kimi köməkçi sahə hesab olunmuşdur. Lakin bu gün semiotika mənanı təkcə şüurlu fenomen kimi dərketmə, emosiya və davranış, və ya neyrofizioloji proseslərə bağlı şəkildə deyil, ayrılıqda mənaya, digər mənalı ideyalara bağlı müstəqil referensial mexanizm kimi öyrənir.

Məna müstəqil sahə kimi bir-biri ilə qarşılıqlı əlaqə yaradan, daha doğrusu insan təfəkküründə kontentlərin daxili əlaqəsini xatırladan mental hadisələr sferası tərəfindən tənzimlənir. Belə əlaqələr metaforik anlayışlarla, mental məkanla, obrazlı və dinamik sxemlərlə, kateqoriyalar və semantik sahələrlə strukturlaşan daxili şəbəkə yaradır. Mental kontentlər arasındakı əlaqələr ümumi və ya universal sxematik prinsiplərlə yarana bilər. Bizim təfəkkürümüz bizim reaksiyalarımız, inanclarımız, davranışlarımız və s.ni müəyyənləşdirməzdən öncə bu əlaqələri tapır, emal edir, qiymətləndirir. Bu prinsipləri müəyyənləşdirmək, təsnif etmək, öyrənmək və xüsusən də anlamaq hələ də mürəkkəb məsələ olaraq qalır. Lakin koqnitiv semantika və dinamik semiotika artıq bu istiqamətdə məsələlərin qaldırılmasına çalışır. Nəticədə koqnitiv semiotika nişanı altında ümumi bir layihədə axtarışlar davam edir [3.səh.263].

Koqnitiv semiotikanın əsas vəzifəsi mənanı və mental konnektorlarla yaranan semiotik əlaqələri öyrənməkdir. Koqnitiv prosesin semio-semantik formada öyrənilməsi təkcə kommunikasiya və mədəniyyəti yox, həmçinin insan düşüncələri və hisslərini başa düşülməsində mühüm rol oynayır. Əgər mədəniyyət və mədəni fərqlər təbii fenomendirsə və o fərdin konsept yaratma, onu ötürmə və başqalarından öyrənmə bacarığına əsaslanırsa, onda biz təcili olaraq intersubyektiv davranışda (qarşılıqlı iş, xidmət, məlumat və s. mübadiləsi) və saf dialoqda (pure dialogue) “ümumi təfəkkür” fenomenini öyrənməliyik. Dil semio-genetik prosesin əsas şərti deyil, çünki o insan növünün və ya digər növlərin təkamülünün nəticəsi də ola bilər. Verbal dil – mənanın qrammatik təşkili, ümumi fonetik və jestli ifadə forması da daxil olmaqla – eşitmə simvolizasiyasının formasıdır. Dil digər simvolizasiya və təfəkkür formalarından sonsuz sayda translyasiyalara uğraya bilən semiotik vasitə kimi inkişaf edir [3,səh.265].

Popov qeyd edir ki, koqnitiv linqvistikanın qarşısında duran semiotik məsələlərdən biri də dil işarələrinin tipologiyası problemidir(səh. 50). Pirsin ikonik, indeksal və simvolik işarə anlayışlarına əsasən leksemlər səstəqlidinə görə ikonik, fizioloji hiss və ya ifadə edən nidalar olmaqla indeksal və ya motivləşmiş və motivləşməmiş olaraq simvolik leksemlər kimi fərqləndirilə bilər. Məs: şırıldamaq, guruldamaq, uğultu və s. kimi sözlər – ikonik; ay, oy, ax və s. kimi nidalar – indeksal; “göyəm”, “istiot”, “ətirşah” kimi motivləşmiş və “sarı”, “qırmızı”, “alçaq”, “güclü” kimi motivləşməmiş sözlər – simvolik olur. Popov ikonik – indeksal leksemlərlə simvol-leksemlər arasındakı referent münasibətləri təhlil edir və konsept-denotat münasibətlərinə xüsusi semiotik yanaşmanın əhəmiyyətini vurğulayır [7, səh.50].

J.Zlatev “semiotik iyerarxiya” nəzəriyyəsində mənanın qurulmasının dörd səviyyəni müəyyən edir: həyat, təfəkkür, işarə funksiyası və dil. Burada hər səviyyə digəri üzərində gəlir və sonrakı səviyyənin yaranmasına imkan verir. Bu cür interpretasiya fenomenologiya, ontologiya, semiotika, dilçilik, koqnitiv elm və təkamül biologiyası kimi sahələrin təsiri ilə yaranmış və koqnitiv-semiotika şəklində təcəssüm tapmışdır. Digər sözlərlə Zlatev bu qənaətə gəlir ki, şüur həyatı xarakterizə edir, işarədən istifadə isə şüurluluğa dəlalət edir, dil isə işarə funksiyasını nəzərdə tutur və beləcə iyerarxik zəncir yaranmış olur. Bu zəncirdə əksinə istiqamət qeyri-mümkündür [8,səh.169]. Lakin “insan təfəkkürü onun işarə vərdişləri və dilindən asılıdır” deməklə alim özü bu biristiqamətliliyin mütləqliyini sonradan şübhə altına qoymuşdur. Filologiya məsələləri, № 10, 2019 114

Semiotik konsepsiyalar koqnitiv elmin ənənəvi konsepsiyalarını özündə əks etdirir. Lakin insan təfəkkürünə məntiqi və simvolik reprezentasiyalardan başqa həmçinin digər semiotik konseptlərlə, məsələn, ikoniklik (obrazlara xas) və indeksallıq (dinamik sxemlərə xas) kimi formalarla yanaşmaq da lazımdır.

Məlumdur ki, eyni bir konsept-denotat bir-sıra leksemlə ifadə oluna bilər. Bunun bariz nümunəsi dildə olan sinonimiya, hiperonimiya, hiponimiya hallarıdır. Həmin leksemlər birbirini tamamlayan sememləri əks etdirir. Hər bir semem konseptlə müəyyən əlaqəyə malikdir. Abstrakt sememlə konsept arasında olan əlaqə indeksal hesab oluna bilər. Konseptlə prototipik obrazlar yaradan sememlər isə ikonik əlaqə ilə xarakterizə olunur (məs: köhnəlmiş (ayaqqab), çirklənmiş (paltar), hamar (səth) və s.). Simvolik əlaqədə isə sememin denotata olan əlaqəsi hər hansı bir əlamət və ya obrazı reprezentasiya etmir və sırf konnotativ xarakter daşıyır. Ümumilikdə semem və denotat arasında semiotik münasibətlərin müəyyənləşməsi maraq doğurur. Linqvosemiotik sxem həm də leksemlərin nominasiyasının yaranmasını müəyyənləşdirir. Insan hər hansı bir yeni məna tapanda onun müvafiq adlanmasını tapmağa çalışır. Nominasiya qazanmış məna denotat statusuna keçir və bu prosesin öyrənilməsi insanın koqnitiv fəaliyyətinin yeni tərəflərini üzə çıxara bilər. Bu baxımdan semiotika koqnitiv dilçiliyin inkişafına yeni impulslar verir [7,səh.51].

Ədəbiyyat siyahısı

1. J.Zlatev “Cognitive semiotics”, p. 1043-1069 – International handbook of semiotics, P.P.Trifonas Editor, Toronto 2015, p.1308
2. P.A.Brandt “La semiótica cognitiva – una nota como para una entrada de diccionario” https://www.researchgate.net/publication/327546685_La_semiotica_cognitiva_Nota_breve
3. P.A.Brandt “Spaces, domains and meaning”, Essays in cognitive semiotics, Peter Lang 2004, p.268
4. M.Cagliano “Pierce e la semiotica cognitiva”, Università per stranieri “Dante Alighieri”, Reggio Calabria 2014, p.179-191.
5. https://semioticon.com/semiotix/2011/10/what-is-cognitive-semiotics/
6. T.C.Daddesio “On minds and symbols: the relevance of cognitive science for semiotics”, Walter de Gruyter, 2013, p.271
7. З.Д.Попова «Семиотические аспекты когнитивной лингвистики», № 2 (008) 2006, с.45-52 https://cyberleninka.ru/article/n/semioticheskie-aspekty-kognitivnoy-lingvistiki
8. J.Zlatev “The Semiotic Hierarchy: Life, consciousness, signs and language”, Cognitive Semiotics 2009(4), p.169-200