- Pritça

Köstəbək

da Vinçinin pritçası

Köstəbək atasının, babasının qazıb təmizlədiyi yeraltı yolları gəzib dolaşmağı xoşlayırdı. O, bu yollarla yuxarı qalxır, aşağı düşürdü, özünün yemək ehtiyatlarını yoxlayırdı. Bir gün özünün ərazisini və var-dövlətini yoxladığı vaxt ona tanış olmayan bir cığır tapdı və o yolun hara apardığını öyrənmək istədi. Belə etmək istəyəndə səs eşitdi:
– Dayan! Bu təhlükəli yoldur!
Lakin yolun hara apardığını öyrənmək marağı onu dayandırmadı. Köstəbək yuxarı qalxırdı. Nəhayət, o, yerin üstünə çıxdı. Ətraf çox işıqlı idi. Bu zavallının ömründə gördüyü sonuncu şey idi. Gün işığı onun gözünü kor etdi.
Yalan da belədi. Qaranlıqda gizlənib istədiyi kimi yaşaya bilər. Ancaq işığa çıxan kimi həqiqət onu kor edir.