Krasnoyarsk şəhərindəki A.N. Kuznetsov adına Əmək və Həmrəylik Sarayında “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının “Azərbaycana səyahət” adlı hesabat konserti olub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Müstəqillik Gününə həsr olunub. Ansamblın üzvləri tamaşaçılara rəngarəng milli rəqslər və vokal nömrələri təqdim ediblər.
Konsert proqramına “Azərbaycan süitası”, “Qaytağı”, “Zaqatala”, “Yallı-Zorxana”, “Cigit” və digər rəqslər daxil olub. Ansamblın solisti Güllü Qocayeva “Mənim Azərbaycanım” mahnısı ilə gecəyə xüsusi rəng qatıb. Konsertdə, həmçinin “Krasnoyarsk gəncliyi” xoreoqrafik ansamblı da çıxış edib.
Tədbirdə Əmək və Həmrəylik Sarayının baş direktoru Konstantin Qonçarov və Krasnoyarsk diyarı Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Azər Mustafayev çıxış ediblər. Konsert çərçivəsində “Odlar Yurdu” ansamblının məzunlarına kursu bitirmələri münasibətilə diplomlar təqdim olunub. Diplomları ansamblın direktoru Səadət Qarayeva və bədii rəhbəri Aqil Cəfərov təqdim ediblər.
Tədbir çərçivəsində, həmçinin “Diaspor fəaliyyətinə jurnalistlərin dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Böyük Qələbənin varisləri” adlı kitabının təqdimatı keçirilib. Kitab İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunub. Müəllif Azərbaycan xalqının Qələbəyə verdiyi töhfədən, eləcə də müharibə qəhrəmanlarının xaricdə yaşayan varislərinin həyat və fəaliyyətindən bəhs edir. Onların arasında Krasnoyarsk diyarında yaşayan Azər Mustafayev və Telman Tamoyev də var.
Kitab təqdimatında çıxış edən Krasnoyarsk diyarı qubernatorunun İctimai əlaqələr idarəsinin nümayəndəsi Soslan Tadtayev Fuad Hüseynzadəyə qubernator administrasiyası adından təşəkkür məktubu verib.
Tədbir zamanı Fuad Hüseynzadə A.N. Kuznetsov adına Əmək və Həmrəylik Sarayının 45 illik yubileyi münasibətilə baş direktor Konstantin Qonçarova təbrik məktubu təqdim edib və Azərbaycan mədəniyyətinin Rusiyada təbliği, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində göstərilən dəstəyə görə minnətdarlığını bildirib.