Noyabrın 30-da Heydər Əliyev Mərkəzində “Qremmi” mükafatı laureatı “Kremerata Baltika” kamera orkestrinin konserti olacaq.
AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək klassik musiqi gecəsində Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə F.Şopen, F.Mendelson, F.Əmirov və digər tanınmış bəstəkarların əsərləri səsləndiriləcək. Konsertdə solistlər- beynəlxalq müsabiqələr laureatı, 17-ci Beynəlxalq Frederik Şopen Musiqi Müsabiqəsinin diplomatı Georgiy Osokin (fortepiano) və Əməkdar artist Elvin Hoca Qəniyev (sktipka) çıxış edəcəklər.
Dünyaca məşhur skripka ifaçısı Gidon Kremer 1997-ci ildə yaratdığı “Kremerata Baltika” kamera orkestrinə Latviya, Litva və Estoniyadan olan 23 istedadlı gənc musiqiçini cəlb etmişdir. “Kremerata Baltika” ilk dəfə 1997-ci ildə Avstriyada keçirilən “Lokenhaus” festivalındakı çıxışı ilə yadda qalıb. Dərhal tamaşaçıların rəğbətini qazanan musiqi kollektivi dünyada fərqli ifaları ilə seçilir. Bu gün Avropanın tanınmış beynəlxalq orkestrlərindən biri olan “Kremerata Baltika” dünyanın 50-dən çox ölkəsində, 600 şəhərində mindən çox konsert proqramı ilə çıxış edib.
“Kremerata Baltika”nın Bakı konsertinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən, pandemiya şəraitində oktyabrın 1-dən konsert zallarının fəaliyyətinə zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə icazə verilir. Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə təmin ediləcək.