“İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və digər komandirlərlə görüşüb”.
“Report” xəbər verir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, görüş Kremldə baş tutub: “İclasda 35 nəfər iştirak edib”.
D.Peskov söyləyib ki, görüşdə Ukrayna cəbhəsindəki durum və iyunun 24-də baş vermiş hadisələr müzakirə olunub: “Həmçinin, komandirlərdən izahat alınıb. “Vaqner” komandirləri Putinə son hadisələrlə bağlı öz versiyalarını təqdim etdilər, onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğuladılar”.
Qeyd edək ki, V.Putinin Kremldə Y.Priqojinlə görüşdüyünü Fransa mətbuatı yazıb.
Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.
Yevgeni Priqojinin Belarusda olduğu ehtimal edilirdi.
A.Lukaşenko iyulun 6-da bildirib ki, Y.Priqojin Belarus ərazisində deyil, Rusiyanın Sankt-Peterburq şəhərindədir.