Azərbaycan Dövlət Kukla Teatrında 93-cü mövsümün bağlanışı və mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri üçün təsis olunmuş “Teatrın dostu” mükafatının təqdimolunma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva, deputatlar Jalə Əliyeva, Elnarə Akimova, eləcə də Mədəniyyət Nazirliyi təmsilçiləri, Meksikanın ölkəmizdəki səfiri Viktoriya Romero, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal, aparıcı media mənsubları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə teatrın bu mövsümdə qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə mövsüm ərzində kollektivin teatra qazandırdığı uğurlardan danışıb. Bildirib ki, Azərbaycan Dövlət Kukla Teatrı üçün 2025-ci il zəngin olub. “Əvvəlcə Türkiyədə IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak etdik. Teatr heyəti aprelin 21-dən 26-dək Türkiyədə səfərdə oldu, tamaşaçılara “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim olundu. Onu da qeyd edim ki, bu festivala biz də ev sahibliyi edirik. Bu, qardaş Türkiyə ilə Azərbaycan kuklaçıları arasında olan müştərək iş birliyidir.
Daha sonra, mayın 20-26-dək qardaş ölkə Qazaxıstanın Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalında “Melisa” tamaşası ilə çıxış etdik. Təmsilçilərimiz iyunun 10-16-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DEMMENİFEST – 2025” Kukla Teatrları Festivalında da uğurlara imza atdılar.
Daxili qastrol proqramı çərçivəsində Göyçay, İsmayıllı, Lənkəran şəhərlərinə və işğaldan azad olan torpaqlarımıza qastrol proqramlarını reallaşdırdıq. Beləcə, Zəngilan, Laçın, Şuşa, ardınca Füzuli və Ağdam şəhərlərində də fərqli tamaşa-konsert proqramları ilə çıxışlar etdik. Bu mövsümdə teatrımızda Polşa və Meksika respublikalarının ölkəmizdəki səfirlikləri ilə birgə Polşa və Meksika kukla sənəti ilə bağlı maraqlı sərgilər də təşkil olundu.
Gürcüstan və Özbəkistan kukla teatrları ilə əməkdaşlıq haqqında yeni mərhələyə qədəm qoyduq. Qürurla deyə bilərəm ki, teatr müəssisəsi kimi tamaşa planımızı bu mövsümdə də artıqlaması ilə yerinə yetirmişik”.
Teatrın direktoru ilin sonunadək daha üç səhnə əsərinin hazırlanacağını və daha 2 beynəlxalq festivalda iştirak edəcəklərini də diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva, deputatlar Jalə Əliyeva, Elnarə Akimova və digər qonaqlar çıxış edərək teatrın kollektivini təbrik edib və onlara yeni mövsümdə yeni sənət uğurları razulayıblar.
Sonda, teatrın baş direktoru Rəşad Əhmədzadə tərəfindən Milli Məclisin deputatlarına və media təmsilçilərinə “Teatrın dostu” rəmzi mükafatı təqdim olundu.
Mükafat alanalar sırasında AZƏRTAC-ın da əməkdaşı olub.
Əlavə olaraq isə, teatrın dörd əməkdaşı – Əməkdar artist Rəhman Rəhmanov və Əməkdar mədəniyyət işçisi Aslan Fətullayeva Teatr Xadimləri İttifaqının təsis etdiyi “Teatr fədaisi” medalları, sənət ocağının dram artistləri Lina Məmmədova və Afət Zülfüqarova isə ittifaqın Fəxri fərmanları ilə təltif olundular.
Tədbir musiqi proqramla davam edib.