- Mədəniyyət

Kukla teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq

Mayın 3-də Azərbaycan Dövlət Kukla Teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq. Bu yeni səhnə əsərinin əsas qəhrəmanları mərhəmətli Müqəvva, xilaskar Ağac və yaralı leylək Aykodur.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Slovakiya yazıçısı Yaroslav Vadorajkanın “Müqəvva” əsəri əsasında hazırlanan bu birhissəli uşaq tamaşası Zümrüd Quliyevanın tərcüməsində səhnələşdirilib. Tamaşanın ana ideyası isə təbiətə sevgi və canlılar arasında sədaqət hissidir.

Tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı isə Rəvanə Yaqubovadır. Musiqi ilə müşayiət olunan səhnə əsərində təbiət və insan tandemi, baş verən hadisələr fonunda qəhrəmanların fərdi xüsusiyyətləri ön plana çıxarılır. Bu dəfə biz şaxtadan donmuş, qurumuş bir ağacı xilaskar, tarlada tək buraxılmış Müqəvvanı həyatsevər, hiyləgər Tülkünü təbib, dağıdıcı Küləyi isə sirdaş kimi görürük.

Tamaşanın hekayəsi bir qədər hüznlü, lakin dərin məna daşıyan ibrətamiz səhnə ilə başlayır. Əkin-biçin mövsümünün sonunda sahibi tərəfindən unudulan və tarlada tək qoyulan Müqəvva bu taleyi qəbul etmək istəmir və illərlə qoruduğu sahəni tərk edir.

Elə bu zaman isti ölkələrə köçməyə hazırlaşan leyləklərlə qarşılaşır. Sırasından geri qalan, dəcəl uşaqlar tərəfindən atılan daşa görə qanadı qırılan balaca leylək Aykonu sağaltmaq qərarına gəlir. Bütün qışı qurumuş ağacın iri gövdəsində daldalanan Müqəvva və balaca Ayko nəhayət baharın gəlişinə sevinirlər.

Budur, artıq leylək qatarı da havada görünür və quşcuğaz dostlarına qoşulub uçur.

Bu nəticədən məsud olan Müqəvva sonda anlayır ki, ətrafa yararlı olmaq üçün tarladan da başqa yerlər var. Beləcə o Küləyə qoşularaq yeni yerləri kəşf etməyə yollanır.

Birhissəli uşaq tamaşasında personajları Əməkdar artist Cəmilə Allahverdiyeva (Balaca leylək Ayko), aktyorlar Elnur Xəlilov (Müqəvva), Nərmin Əhmədova (Sərçə, Leylək), Samirə Nəcəfova (Tülkü, Leylək) və Yusif Baxşəliyev (Külək, Leylək, Ağac) canlandırırlar.