- Mədəniyyət

Lənkəranda “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” kitabının təqdimatı keçirilib

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində görkəmli ictimai xadim, pedaqoq və ədəbiyyatşünas, Lənkəranda anadan olmuş Məmməd Ələkbərovun hələ sovet dövründə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün yazdığı “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” mövzusunda dissertasiyasının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə tərəfindən monoqrafiya halında nəşr etdirilmiş kitabının təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni kitabın təqdimat mərasimində çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin dövlətimizin başçısının hər zaman milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsinin, ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisi olduğunu bildiriblər.

Kitabı ərsəyə gətirən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə işıq üzü görmüş yeni kitab haqqında və Nizami Gəncəvinin yaradıcılığı barədə danışıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Kərimulla Məmmədzadə, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu, Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya elmlər namizədi, dosent Elşad Səfərli də öz çıxışlarında yeni kitabın bədii məziyyətlərindən söz açıblar.

Tədbir Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili, ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonda Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının istedadlı üzvlərinin “Nizami Gəncəvi əsərləri uşaqların gözü ilə” adlı rəsm əsərlərindən ibarət baxış-müsabiqəsi keçirilib.

Müsabiqənin qaliblərinə müxtəlif nominasiyalar üzrə diplomlar və hədiyyələr təqdim olunub.