Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Məhərrəm ayı çərçivəsində doğum günü olan Vətən Müharibəsi şəhidlərinin ailələrinin ziyarəti davam etdrilir. Layihə çərçivəsində avqustun 27-də Lənkəran rayonu Osakücə kəndində şəhid Mehdi Qənbərlinin, avqustun 28-də Lənkəran rayonu Şağlakücə kəndində şəhid Mail Əzizovun, Astara rayonu Maşxan kəndində şəhidlərimiz Əli Cəfərov və Rauf Cahangirovun ailəsi ilə görüşlər keçirilib, Qurani-Kərim və müxtəlif hədiyyələr təqdim edilib. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub.
Keçirilən görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Elnur Ağayev, Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Astara Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Sosial və Aqrar–Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev və Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə iştirak edib.
Məlumat üçün bildirək ki, bir neçə gün sonra 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Cahangirov Rauf Xəyyam oğlunun doğum günüdür. Rauf 31 Avqust 1988-ci ildə Astara rayonunun Maşxan kəndində zəhmetkeş ailədə anadan olmuşdur. 2015-ci ildə Maşxan kənd orta məktəbini əla qiymətlərlə başa vurmuşdur. 2015-2019-cu illərdə Lənkəran Dövlət Universitetinin “Maliyyə və kredit” ixtisasında bakalavr təhsili almışdır. 2019-2020-ci illərdə Ağdam rayonunda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətini şərəflə başa vurduqdan cəmi 3 ay sonra könüllü orduya yazılmış və 21 sentyabrdan təlimlərə qatılmışdır. 27 Sentyabrdan başlayaraq Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Şəhid atası Xəyyam ömür gün yoldaşı Ülviyyə xanımla 3 övlad böyüdüb boya-başa çatdırmışlar. Rauf ailənin ilk övladı idi. Qardaşı Ramin ali təhslini yenicə başa vurmuşdur. Evin son beşiyi Sənubər bacı Maşxan kənd tam orta məktəbinin 8-ci sinif şagirdidir.
Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. 31 Avqust 2021–ci il tarixində Astara rayonu, Maşxan kəndinin 2–ci Qarabağ muharibəsinin qəhrəman şəhidi, Cahangirov Rauf Xəyyam oğlunun cənnətdəki ilk doğum günüdür. Döyüşlər başlanandan bir müddət sonra 47 gün ərzində şəhidimizdən heç bir xəbər olmayıb. Sonradan əsgərin şəhid xəbəri gəlib. O döyüşə getməzdən əvvəl bibisi Günayla telefonda danışarkən deyib:”Bibi gedirik amma hara gedirik bilmirəm. İnşəallah yaxşı olar. Özünüzdən muğayət olun, gələndə danışarıq” deyərək yaxınları ilə sağollaşıb.
Şəhidlər ölməz, Vətən bölünməzdir! İllər keçsə də, gələcək nəsillər onların xatirəsini hər zaman yad edəcəklər. Şəhidlərin xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə yaşayırlar.
Qəhrəmanımız 2 noyabr 2020–ci il tarixində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Mübariz İbrahimov, Pəncəli Teymurov, Polad Həşimov, Aqşin İbadov, Nail Orucov, Əli Cəfərov, Ramin Əliyev və başqaları bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan–böyüyə hər bir vətəndaşımız şəhidlərimizi daim ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. Şəhidimiz 17 dekabr 2020–ci ildə doğulub boya-başa çatdığı Maşxan kəndinin qəbristanlığında böyük izdihamla dəfn olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Cəmil Quliyev
LDU nəzdində Sosial və Aqrar–Texnoloji
Kollecin direktor köməkçisi, tar.ü.f.d.