Futbol üzrə İspaniya çempionatının 13-cü turunda “Real Madrid” “Valensiya”nı qəbul edib.
“Report” xəbər verir ki, “Santyaqo Bernabeu”da baş tutmuş matç ev sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan hesab artıq üçüncü dəqiqədə açılıb: Madrid təmsilçisinin müdafiəçisi Daniel Karvaxal topu qapıya göndərib. 42-ci dəqiqədə Vinisius Junior “kral klubu”nun üstünlüyünü artırıb.
Matçda növbəti qollar bir də ikinci hissədə vurulub. Belə ki, 49-cu dəqiqədə Vinisius özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Cəmi bir dəqiqədə sonra Rodriqo “Valensiya”nın qapıçısı Mamadaşvilinin səhvindən istifadə edərək qolların sayını 4-ə çatdırıb. 84-cü dəqiqədə Rodriqo komanda yoldaşı kimi dubl edərək komandasının oyunda sonuncu – 5-ci – qolunu vurub. 88-ci dəqiqədə isə qonaqlar təsəlli qolunu vuraraq matçda yekun hesabı müəyyənləşdiriblər – 5:1.
Beləliklə, “Real Madrid” La Liqada 13 turdan sonra 32 xala malikdir və çempionatda ikinci pillədə qərarlaşıb. Eyni sayda oyundan sonra “Valensiya”nın 18 xalı var; komanda 8-ci pillə ilə yetinib. Turnir cədvəlinə liderliyi isə “Jirona” edir. Çempionatın sürpriz komandasının aktivində 13 oyundan sonra 34 xal var.