- Mədəniyyət, Xəbərlər

Lakin ölən deyil onun sənəti…

Gülyaz ƏLİYEVA

Bu gün – 22 mart mərhum Xalq artisti,  unudulmaz sənətkar  Lütfəli Abdullayevin doğum günüdür.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri olan aktyor milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmişdi. O, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün məharətlə istifadə edən bir  aktyor idi.

Lütfəli Abdullayev Azərbaycan incəsənətinin, sənətinin ən parlaq, dəyərli, mənalı, istedadlı nümayəndələrindən biri idi. Zəhmətkeş bir insan idi. Baharda dünyaya göz açan sənətkar səhnəyə gələndə tamaşaçıların çöhrəsində sanki bir yaz təravəti, əhvali-ruhiyyəsi yaranırdı. Üzlərdə təbəssüm çiçək açırdı. Onun gülüşü sağlam, ciddi gülüş idi. Tamaşaçını güldürmək xətrinə şitliyə yol vermirdi. Bu gülüşün hər şeyi – duzu, istiotu o qədər yerində idi ki. İndiki bəzi “aktyor”lar kimi gülüş xətrinə abırslz, yüngül, duzsuz hərəkətlərə yer verməzdi. Onun  yaratdığı gülüş təbii idi, həyatı idi, öz dozasında idi. Lütfəli Abdullayev  gülüş ustası idi, artist deyildi, əsl aktyor idi. Gülənləri düşündürə bilirdi, təkcə güldürmürdü ölməz  sənətkar.

Müdirinin qarşısında ikiqat əyilmiş , dalı-dalı kabinetdən çıxan yaltaq obrazının üzündəki mimika… o qədər ustalıqla, elə dərəcədə yaradılmışdı ki, ondan nə artıq, nə də əskik düşünə bilmirsən.(“Əhməd haradadır”)

Yaxud: “Ulduz” filmindəki Məhəmməd obrazı…Mərhum sənətkarımız Nəsibə Zeynalova ilə məşhur duetləri… Mənə elə gəlir ki, nə qədər ki Azərbaycan teatrı, Azərbaycan kinosu yaşayır, bu obrazlar da onları yaradan sənətkarlarla birgə yaşayacaq, gənc aktyorlara örnək olacaq.

“O, öz istedadıyla gəncləri ələ almaq qabiliyyətinə malik idi…”

Bir çox aktyorların səhnəyə gəlməsində bilavasitə rolu olub mərhum sənətkarın. Xalq artisti Səyavuş Aslan məhz Lütfəli Abdullayev məktəbinin layiqli davamçısı idi.

“O, uğurları, rollarıyla, dəyərli ifaçılıq qabiliyyəti ilə sonsuz məhəbbət toplamış, həqiqi xalq məhəbbətinin sahibi olmuş bir şəxsiyyət idi”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Quliyev aktyor Lütfəli Abdullayevin yaradıcılığı haqda danışarkən deyib. O, L.Abdullayevin dillər əzbəri olan yumorlarından da söz açıb:

“Lütfəli Abdullayev Azərbaycan incəsənətinin, sənətinin ən parlaq, dəyərli, mənalı, istedadlı nümayəndələrindən biridir. Zəhmətkeş bir insan idi. O, uğurları, rollarıyla, dəyərli ifaçılıq qabiliyyəti ilə sonsuz məhəbbət toplamış, həqiqi xalq məhəbbətinin sahibi olmuş bir şəxsiyyət idi. Onun yumorları duzlu-məzəli və ifaçılığı o qədər təbii, gözəl idi ki, o, insanları öz istedadıyla ələ almaq qabiliyyətinə malik idi. Dediyi sözlərdə, ifaçılığında onun səmimiliyi ən gözəl meyarlara layiq idi. Gözəl insan, sənətkar idi. Yəni L. Abdullayev öz sənətiylə sözünü demiş şəxsiyyətlərdən biri idi. Ona Allah rəhmət eləsin. O, gənclərə örnək, dayaq olan, onların misgarı idi”.

Baharda -22 martda göz açmışdı dünyaya Lütfəli Abdullayev. Azərbaycan teatrına yeni nəfəs, yeni həyat , gülüş, bahar təravəti gətirdi… və bir qış günündə – 7 dekabrda da bu dünyanı tərk etdi sənətkarımız.

Amma onun sənəti ölən deyil, əbədiyaşar bir sənətdir və Azərbaycan teatr sənəti yaşadıqca o da yaşayacaq…

M.Müşfiq demiş:

Lakin ölən deyil onun sənəti,
Bağlamış adına əbədiyyəti…