- Manşet, Müsahibə

Lalə SULTANOVA: ““Təzkirətüş-şüəra” orta əsrlərə aid qiymətli mənbədir”

Bu yaxınlarda “mövcüd təzkirələrin ən qədimi və mötəbəri” hesab olunan bir əsər – Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra”sı çapdan çıxıb. Kamilinfo-nun budəfəki qonağı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “Şərq ölkələri türkdilli əlyazmların tədqiqi şöbəsi”nin elmi işçisi, əsəri çapa hazırlayan, ön söz və bəzi qeydlərin müəllifi Lalə Sultanovadır. Onunla təzkirənin tarixi, yazılma səbəbi, bir məxəz kimi əhəmiyyəti, tərcüməsi zamanı üzləşilən çətinliklər və s. barədə danışdıq.

Lalə xanım, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” əsərini çapa hazırlayıb ədəbiyyatşünasların ixtiyarına verməkdə məqsədiniz nə idi?

– Əhmədağa Əhmədovun şəxsi arxivindən əldə etdiyimiz bu tərcüməni lazımi araşdırmalar aparmaqla yenidən redaktə edib nəşrə hazırlamaqda iki məqsədimiz var. Əvvəlincisi budur ki, belə dəyərli kitabın Azərbaycan elm mühitinin istifadəsinə verilməsi, elmi mühitin oradakı məlumatlardan məqsədəuyğun yararlanmasıdır. Kitab bir çox xalqların dilinə tərcümə edilib. Amma ana dilimizə 35 ildən artıq bir müddət ərzində tərcümə edilməsinə baxmayaraq, bu vaxta qədər işıq üzü görməyib. Halbuki bu kitabda Azərbaycan əsilli şairlərdən və tarixi şəxsiyyətlərdən, həmçinin Azərbaycan tarixinə aid bəzi tarixi məqamlardan da bəhs edildiyinə görə onun nəşr olunaraq oxuculara təqdim edilməsi vacibdir. Çünki bu mənbədə ədəbiyyat və tarix elmləri sahəsinə aid bir çox dəyərli məlumata rast gəlmək olar. İkinci məqsədimiz isə odur ki, mərhum alimin zəhməti hədər getməsin. Həqiqətən də, bu həcmdə və elmi miqyasda əsəri tərcümə etmək, həmçinin ona qeyd və şərhlər yazmaq olduqca böyük zəhmət, peşəkarlıq və işinə sevgi tələb edir. Ümid edirik ki, bu tərcüməni nəşr etməklə böyük alimimizin ruhunu şad edir, bu kitabı ana dilimizdə görmək istəyən oxucuları da sevindiririk. Həmçinin qeyd etmək istərdim ki, kitab Əhmədağa müəllimin yüz illiyinə həsr edilib.

– Tərcümə hansı nüsxələrdən edilib?

– AMEA Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” əsərinin bir neçə əlyazma və daşbasma nüsxəsi mühafizə edilir. Əhmədağa Əhmədov əsəri Azərbaycan dilinə tərcümə etmək üçün bu nüsxələrə müraciət edib. Daha dəqiq desək, əsərin tərcüməsi üçün əsas nüsxə olaraq VI-116-2096 şifrəli daşbasma kitabından istifadə edilib. Bu nüsxənin naşiri Mirzə Məhəmməd Məlikül-küttab Şirazidir. Bu əsərin ikinci nəşri olan həmin nüsxə hicri 1318-ci ildə (1900-ci ildə) Bombeydə daşbasma üsuli ilə nəşr edilib. Lakin bu nüsxədə çatışmayan hissələr var. Onları bərpa etmək üçün Əhmədağa müəllim XVI-834/4972 şifrəli nüsxədən istifadə edib. Bu nüsxənin də naşiri Mirzə Məhəmməd Məlikül-küttabdır. Birinci nəşr olan bu nüsxə Bombeydə “Ələvi” nəşriyyatında hicri 1305-ci ildə (1887-ci ildə) daşbasma üsulu ilə nəşr edilib. Nüsxə 231 səhifədən ibarətdir. Əhmədağa müəllim tərcümə üçün əsas götürdüyü nüsxədə “dibaçə” hissəsində çatışmayan hissələri (“İslam padşahının tərifi” və “Şairlərin fəsahət və bəlağət sahiblərindən, arif və fazillərdən fərqinin bəyanı”) bu nüsxədən istifadə edərək tamamlayıb. Həmçinin əsas nüsxədə tamamilə mövcud olmayan “müqəddimə” qismi də bu nüsxədən götürülərək  tərcümə edilib. Əsas nüsxədə çatışmayan “müqəddimə” hissəsini digər nüsxədən götürüb tərcümə edən Əhmədağa müəllim özünün “Tərcüməçidən” başlıqlı yazısında qeyd etdiyi kimi, tərcümə üçün elmi-tənqidi mətn prinsipindən istifadə etməli olub.

– “Təzkirətüş-şüəra”da əsasən əcəm müəllifləri haqda məlumatlar verilir? Rusiya mənbələri onu “fars və tacik ədəbiyyatı üzrə vacib mənbə” adlandırır. Buna əsas səbəb təzkirədə farsca yazan müəlliflərin tərcümeyi-halları və əsərlərindən nümunələr verilməsi iləmi bağlıdır? Yeri gəlmişkən, təzkirə haqda “Qamusül-əlam”dakı qeyd də maraqlıdır: “Bu təzkirədə əazimi-şüərayi-ərəbdən 9 zat ilə fars şüərasının təracümi-halını və bir çox əşarlarını…”.

– Bəli, Dövlətşah təzkirəsini əcəm şairlərinə həsr edib. Müəllifin dediyinə görə, məqsədi islamdan sonrakı dövrlərdə olan əcəm (qeyri-ərəb) şairləri haqqında yazmaqdır. Lakin ərəblərin islamdan qabaq və sonra yetişmiş çoxlu kamil şairləri və zəngin ədəbi irsləri var. Onların haqqında heç danışmamaq bu kitab üçün nöqsan sayılar. Odur ki, kitabın müqəddiməsinə islamdan sonra yaşamış on ərəb şairi (Ləbid Əsvəd əl-Bahili, Fərəzdəq Nəcdi, Diʼbil ibni Əli Xüzai, İbnür-Rumi, Mütənəbbi, Əbül-Əla Süleyman Məğribi Məərri, Həriri, Əbülfəth Büsti Məğribi, Müinəddin Təntərani, Kəb ibni Züheyr) daxil edilib. Onların haqqında çox qısa məlumat, əsərlərindən isə bir neçə beyt nümunə verilir.

Rusiya mənbələri təzkirəni fars və tacik ədəbiyyatı üçün vacib mənbə hesab etsələr də, mən deyərdim ki, bu təzkirə farsdilli ədəbiyyat üçün vacib mənbədir. Çünki təzkirə əcəm şairlərinə həsr olunsa da, burada milliyəti etibarilə sadəcə fars və tacik əsilli şairlərin həyat və yaradıcılığından bəhs edilməyib. Təzkirədə türk milliyətinə mənsub şairlərin həyat və yaradıcılığı da öz əksini tapıb. Dövrün tələbinə uyğun olaraq olaraq fars dilində yazmaqlarına baxmayaraq, onları fars ədəbiyyatına deyil, fars dilində yazmış şairlərin sırasına əlavə etmək lazımdır. Bu baxımdan təzkirə sadəcə fars və tacik ədəbiyyatı üçün deyil, həmçinin türk ədəbiyyatı üçün də mühim əhəmiyyət kəsb edir.

Şəmsədiin Sami özünün “Qamusül-əlam” əsərində Dövlətşah və onun “Təzkirətüş-şüəra” əsəri haqqında məlumat verib. Burada təzkirəyə  9 ərəb şairinin daxil edildiyi yazılsa da, təzkirədə 10 ərəb şairindən bəhs edilir. Şəmsəddin Sami təzkirəni məzmunu baxımından yüksək qiymətləndirib, əsərdə məşhur şairlərlə yanaşı, şairlərin yaşadığı dövrlərdəki hökmdarlar, dövlət və incəsənət xadimləri, həmçinin siyasi hadisələr haqqında çoxlu məlumatlar olduğunu qeyd edib. “Qamusül-əlam”da həmçinin belə bir məlumata rast gəlirik ki, Sultan II Mahmud (Mahmudxan Sani) dövründə Süleyman Fəhim Əfəndi təzkirəni türk dilinə tərcümə edib. Lakin öz dövrünün siyasi tələblərinə uyğun olaraq əsərdəki bir sıra siyasi hadisələri və əhvalatları, həmçinin dövlət maraqları ilə toqquşan bir sıra hissələri  tərcüməsinə daxil etməyib. Həmin tərcümə Süleyman Fəhim Əfəndinin vəfatından sonra “Səfinətüş-şüəra” adı ilə çap olunub. Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” əsəri tam orijinal mətni ilə ilk dəfə Necati Luqal tərəfindən türk dilinə tərcümə edilib və dörd cilddə çap olunub.

– Əsərdə neçə müəllif əhatə olunub?

– Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” əsəri 10 ərəb və 141 əcəm şairi olmaqla ümumilikdə 151 müəllifi əhatə edir. Yəni bu şairlərin həyat və yaradıcılığına əsərin təbəqələrində – bölmələrində xüsusi başlıqlar həsr edilib. Lakin təzkirədə bu şairlərlə tanış olarkən, onların əlaqədə olduqları müasirləri, müəllimləri, rəqabət apardığı şairlərin adlarına və əhvalatlarına da rast gəlirik. Beləliklə də, hər məşhur şairin dövründə yaşamış, lakin bu təzkirədə bəhs ediləcək qədər məşhur olmayan digər şairlər haqqında da məlumatlar əldə etmiş oluruq.

– “Təzkirətüş-şüəra” bir dibaçədən, müqəddimə və yeddi təbəqədən – bölmədən ibarətdir. Məlum olduğu kimi, o dövrdə Mavəraünnəhrdə astronomiyaya böyük maraq olub. Yeddi rəqəmi göyün yeddi qatı ilə bağlıdır?

– Kitabının hər fəslini “təbəqə” adlandıran Dövlətşah Səmərqəndi əsərin əvvəlində deyir ki, “…fələklərin təbəqələrinə uyğun olaraq bu kitabı yeddi təbəqəyə böldük”. Astronomiya elminə bələd olan Əhmədağa Əhmədov özünün  “Tərcüməçidən” başlıqlı yazısında müəllifin bu misralarında səma haqqındakı Ptolomey sistemini nəzərdə tutduğunu qeyd edir. Bu sistemə əsasən, Yer kürəsi kainatın mərkəzi hesab olunur, onun ətrafında isə yeddi səma cismi fırlanır. Bu səma cisimləri Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter və Saturn planetləridir. Burada təbəqə deyilərkən göyün yeddi qatı deyil, yeddi planet nəzərdə tutulub. Qeyd edək ki, o dövrlərdə digər planetlər kəşf edilməmişdi. Əhmədağa Əhmədov özünün bu fikrini belə izah edib: “Bir ənənə olaraq şairlərin xəyalı həmişə əngin fəzalarda, sonsuz kainatda olub, gündüzün gur məşəli Günəşdən, gecənin nazənin çırağı Aydan, gözəllik, eşq və məhəbbət mücəssəməsi Zöhrədən, bəxt və talelər “dəbir”i (katibi) sayılan Ütariddən, qəzəb, qan, hərb rəmzi Mərrixdən, bədbəxtlik, kin, küdurət əlaməti Zühəldən, sədaqət, xoşbəxtlik carçısı Müştəridən ilham aldıqları kimi, burada da müəllif öz kitabının tərkibini səma cisimləri tərkibinə bənzədərək onu yeddi “təbəqə”yə bölür”.

– Dövlətşah Səmərqəndinin milliyəti barədə də fərqli fikirlər var. Kitabın ön sözündə onun fars olduğu yazılır. Amma türk olduğunu iddia edənlərlə də rastlaşırıq. Bəlkə, bu Baburun sarayında olan qardaşı Əmir Rəziyəddin Əlinin farsca ilə yanaşı, türkcə də şeirlər yazması ilə bağlıdır?

– Dövlətşah Səmərqəndinin milliyəti haqqında rus mənbələrində Orta Asiya fars və tacik yazıçısı olduğu, türk mənblərində isə əsilzadə türk nəslinə mənsub olduğu deyilir. Dövlətşah Səmərqəndinin özünün də qardaşı Əmir Rəziyyəddin Əli kimi türk dilində şeirlər yazdığı məlumdur. Belə ki, Dövlətşah kitabın xatiməsində Əlişir Nəvaiyə fars və cığatay dilində müləmmə qəsidə ithaf edib. Bu qəsidə ali bədii zövqlə rəməl bəhrində yazılıb.

– “Təzkirətüş-şüəra”da hansı Azərbaycan ədibləri haqda məlumat verilir?

– Təzkirəyə Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Bədr Şirvani, Məhsəti Gəncəvi, İzzədin Həsənoğlu, Şəmsəddin Təbrizi, Seyid Zülfüqar Şirvani, Hümam Təbrizi, Mücirəddin Beyləqani, İzzəddin Həsənoğlu və digər Azərbaycan şairləri daxil edilib, onların fars dilində yazılmış şeirlərindən nümunələr verilib.

– Azərbaycan ədiblərinin şeir nümunələrinin hamısı farscadır? Bizdə olan məlumatlara görə Həsənoğlunun ana dilimizdə olan məlum şeiri təzkirədə yer almayıb.

– Bəli, təzkirədə həyat və yaradıcılığından bəhs edilən bütün Azərbaycan ədiblərinin şeir nümunələri farscadır. Həmçinin təzkirəyə  İzzəddin Həsənoğlunun da farsca şeirləri daxil edilib.

– Hər halda mənə elə gəlir ki, Səmərqəndi fars olub… Çünki təzkirədəki iddiaya görə, dünyada ilk şeir mərsiyə olub. Hər bir təzahürün ovsarını mərsiyəyə, yasa bağlamaq isə İran mədəniyyətinə xasdır (gülür). Yeri gəlmişkən, həmin məşhur mərsiyə azərbaycancaya tərcümə edilibmi?

– Dövlətşah Səmərqəndi təzkirəsində şeirin yaranma tarixindən bəhs edərkən dünyada ilk şeir deyən kəsin Adəm peyğəmbər olduğunu yazır. Adəm peyğəmbərin şeir deməsinin səbəbi oğlu Qabilin Habili öldürməsi ilə bağlıdır. Bu hadisədən kədərlənən və təsirlənən Adəm bu münasibətlə dünyadakı ilk şeiri deyib. Bu barədə təzkirədə belə yazılır: “Şeyx Əbu Əli Miskəveyh “Adabül-Ərəbi vəl-Furs” kitabında bu qəsidə haqqında belə buyurur: Əmirəl-möminin Hüseyn ibni Əli – onlara salam olsun – deyir ki, atam – ona salam olsun – Kufədə came məscidində idi. Şam əhlindən bir kişi qalxıb dedi ki, ey əmirəl-möminin, mən ilk şeir demiş adamın kim olduğunu səndən soruşuram. Buyurdu ki, Adəm idi – ona salam olsun. Soruşdu ki, onun şeiri nə idi? Buyurdu ki, elə ki o, göylərdən yerə endi, oranın havasını, torpağını, vüsətini, sonra da Qabilin Habili öldürməsini görüb aşağıdakı beytləri dedi:

Ölkələr və onlarda olanlar dəyişmişdir,
Yerin üzü eybəcər şəkildə tozla örtülmüşdür.
Hər şeyin rəngi və dadı dəyişmişdir,
Gözəl surətlərdəki şənlik də azalmışdır.
Əfsus mənim oğlum Habilə!
Qətl olundu, məzar onu öz ağuşuna çəkdi.
Düşmən bizə təcavüz etdi, bununla kifayətlənməz,
O lənətə gəlmiş ölməyəcək, rahatlanacaq.

* * *

Lənətə gəlmiş İblis ona cavab verdi:

Ölkələrə və onların sakinlərinə ağlayırsan,
Cənnət isə sənə darlıq elədi, eybəcərmi göründü?!
Özün və zövcən orada qərar tutmuşdunuz,
Qəlbin də dünyanın əziyyətlərindən asudə idi.
Lakin mənim məkr və hiyləmdən qurtara bilməzsən,
Ta ki, sənin xeyir və mənfəətini fənayə verərəm.
Əgər Allahın rəhməti olmasaydı,
Cənnətin bircə qoxusu da sənə yetişməzdi.

– “Təzkirətüş-şüəra”nın müəyyən hissələrinin XIX ərsdə rus dilinə tərcümə edildiyi dəqiqdir. Bəs Mirzə Kazım bəyin onu tam tərcümə etməsi iddiası necə, doğrudurmu?

– Əsərin ayrı-ayrı parçaları Rusiyada ilk dəfə V.Jukovski və R.Erdman tərəfindən rus dilinə tərcümə edilib. Professor Mirzə Kazım bəyin bu əsəri rus dilinə tərcümə etdiyi barədə də məlumat var. Təbii ki, Mirzə Kazım bəy bu təzkirəni yüksək səviyyədə tərcümə edə bilərdi, lakin bu barədə fikirlər iddia olaraq qalır, çünki əlimizdə bunun doğruluğunu sübut edəcək faktlar yoxdur.

– Belə bir kitabı çapa hazırlamaq, yəqin ki, çox böyük zəhmət tələb edir. Əsas çətinlikləriniz nə oldu?

– Bəli, “Təzkirətüş-şüəra” kimi məzmunu və elmi miqyası baxımından olduqca dəyərli olan bir əsəri çapa hazırlamaq böyük məsuliyyət və zəhmət tələb edir. Biz də uzun illər ərzində Əhmədağa Əhmədovun arxivindən əldə etdiyimiz bu əsəri nəşrə hazırlamaq üçün bir sıra işlər görmüşük. Çox təəssüf ki, Əhmədağa müəllim həyatda olmadığı üçün qarşılaşdığımız sualların cavablarını özümüz araşdırıb tapmalı olduq. İlk olaraq, Əhmədağa müəllimin istifadə etdiyi Bombey nəşrində bəzi çatışmazlıqlar olduğu üçün biz bu mətni Edvard Braunun 1900-cu ildə Leydendə nəşr etdirdiyi Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” çapı ilə müqayisə etdik və aradakı fərqləri aşkara çıxardıq. Qeyd edək ki, bu kitab Bombey nəşrindən fərqli olaraq nəfis hazırlanıb, olduqca aydın çap olunub və istifadəsi asandır. Kitabı nəşrə hazırlayarkən qeyd etdiyimiz kimi, əsərin Leyden və Bombey nəşrlərini müqayisə etmişik.

Beləliklə, qeyd edək ki, əsəri çapa hazırlayarkən Leyden və Bombey nəşrlərinin mətnini müqayisə edən zaman biz kitabın bəzi yerlərində Edvard Braunun ətraflı bəhs etdiyi məsələlərin Bombey nəşrində nisbətən fərqli şəkildə verildiyinin şahidi olduq. Lakin bunlar kitabın məzmununa xələl gətirməyən xırda fərqlərdir, əsərin məzmunundan heç nə əksilməyib, informasiya təhrif edilməyib. Sadəcə, bu nəşrlərdə bəzi yerlərdə fərqlər var ki, nəşrə hazırladığımız kitabda da bunları qeyd etməyi lazım bilmişik. Dediyimiz kimi, bunlar, əsasən, tarix, şəxs və yer adlarındakı fərqlərdir. Belə ki, bəzi tarixlər fərqli verilib, bəzən Leyden nəşrində düzgündür, bəzən də Bombey nəşrində. Şəxs adlarında səhvlər var, bəzi adlar ixtisar edilmiş və ya tamam başqa ad yazılıb. Həmçinin coğrafi yer adlarında da eyni hal müşahidə edilir. Buna görə də kitabda bəhs edilən bu mövzularla əlaqədar bəzi qarışıq məqamlara aydınlıq gətirmək üçün biz də bəzi məsələlərə qeydlər yazmalı olduq.

Əsərin Əhmədağa Əhmədov tərəfindən istifadə edilən Bombey nəşrində bir sıra nöqsanlar nəzərə çarpmaqdadır. Tərcüməçi özü də “Tərcüməçidən” başlığı altında yazdığı ön sözdə bu haqda ətraflı məlumat verib. Biz də bu kimi məqamlara aydınlıq gətirmək üçün Edvard Braunun naşiri olduğu Leyden nəşrinə müraciət etməyi lazım bildik. İlk gözümüzə çarpan fərqli məqam kitabın dibaçəsində “İslam padşahının tərifi” fəslindən əvvəl “Xüləfayi-Raşidin haqqında kitab müəllifinin yazdığı mənzumə” başlıqlı yazının ixtisar edilməsidir. Bu olduqca qısa bir mətndir, adından da göründüyü kimi Raşidi xəlifələrinin (Əbu Bəkr, Ömər, Osman, Əli) tərifinə həsr edilib. Qeyd edək ki, bu başlıq Bombey nəşrində olmayan yeganə parçadır. Belə ki, digər hallarda bəzən bəzi struktur dəyişikliklərə rast gəlinsə belə, hər iki nəşrdə eyni ardıcıllıq gözlənilib. Daha bir fərqli məqam hər iki nəşrdə müqəddimədən əvvəl kitabın fehristi, yəni mündəricatının verilməsi, daha sonra müqəddimənin başlamasıdır. Bombey nəşrinin mündəricatı birinci təbəqədən bəhs etməklə başlayır, Leyden nəşrinin mündəricatı isə müqəddimənin tərkibindən bəhs etməklə. Bizim nəşrə hazırladığımız kitab isə dibaçə də daxil olmaqla kitabın bütün tərkibini əks etdirir. Bombey nəşrində mündəricatda (çox güman ki, çap səhvi olmuşdur) şairlərin ardıcıllığında qarışıqlıq müşahidə olunur, lakin şairlərin sayında heç bir ixtisar yoxdur. Dördüncü təbəqənin mündəricatında Məhəmməd ibni Hüsamın adı yoxdur, onun əvəzində orada olmamalı əlavə bir ad var. Beşinci təbəqənin mündəricatında da eyni vəziyyət müşahidə edilir, burada da əlavə ad var, həmçinin bəzi şairlərin adları səhv yazılıb. Altıncı təbəqənin mündəricatında Büsati Səmərqəndi və Mövlana Bədəxşinin adları unudulub. Yeddinci təbəqənin birinci şairinin adı altıncı təbəqənin sonuncu şairi kimi göstərilib, bu çap səhvidir. Yeddinci təbəqənin mündəricatında isə Hafiz Həlvainin adı yaddan çıxıb. Beləliklə, buna görə də Əhmədağa müəllim haqlı olaraq tərcüməni müasir kitab tərtibinə uyğun olaraq nəşrə hazırladığı üçün mündəricatın kitabın sonuna gətirilməsini müvafiq bilib. Həmçinin kitabda qarşılaşacağımız digər başlıqları da bu mündəricata əlavə edərək onu mükəmməlləşdirib.

Eyni zamanda əsəri çapa hazırlayarkən kitabda yazılmış bütün hicri tarixlərinin yanında miladi tarixdə qarşılıqlarını yazdıq ki, oxucuya tarixi dövrü təxmin etmək asan olsun.

Qeyd etmək istərdim ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Tərlan Quliyevdir. Tərlan müəllimin dəyərli məsləhətlərindən yararlanaraq sanballı bir kitab çapa hazırladığımıza inanıram.

Sonda sizə və kamilinfo.net saytına öz təşəkkürümü bildirirəm. Ümid edirəm ki, musahibəmiz oxucular üçün maraqlı olacaq.

Vasif SADIQLI

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova