Latviyanın Yurmala şəhərində ənənəvi 18-ci Kremerata Baltika Beynəlxalq Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert proqramı “Kremerata Baltica” kamera orkestrinin yaradılmasının 25, məşhur latviyalı skripkaçı və orkestrin yaradıcısı Gidon Kremerin isə 75 illik yubileyinə həsr edilib.
Tədbirdə dinləyicilərə Azərbaycanın tanınmış dirijoru Fuad İbrahimovun rəhbərliyi ilə geniş konsert repertuarı təqdim olunub.
Konsertdə bir sıra tanınmış bəstəkarların əsərləri, o cümlədən böyük bəstəkarımız Fikrət Əmirovun 880 illik yubileyini qeyd etdiyimiz dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi “Nizami” simfoniyası ifa olunub. Əsər dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycan incəsənəti və musiqisinin şah əsərlərindən hesab olunan sözügedən simfoniyanın beynəlxalq festivalda ifası Nizami Gəncəvi ilinə gözəl töhfədir və Azərbaycan-Latviya mədəni əlaqələrinin inkişafında mühüm hadisədir.