- Mədəniyyət

Latviyada tanınmış Azərbaycan rəssamının sərgisinin açılışı olub

Azərbaycanın Latviyadakı səfirliyinin Liepaya Muzeyi ilə birgə təşkilatçılığı çərçivəsində Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın “İpək kainatı” adlı sərgisinin açılış mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Liepaya bələdiyyəsinin nümayəndələri, mədəniyyət xadimləri, jurnalistlər, eləcə də digər sənətsevərlərin iştirak etdiyi sərgidə rəssam İ.Kostina tərəfindən ərsəyə gətirilən və üzərində Azərbaycan mifologiyasındakı simurq quşu obrazları olan batika ipək boyama texnikasına aid əsərlər, kəlağayı kolleksiyası və Abşeron yarımadasının mənzərələrindən ibarət rəsmlər nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən Liepaya Muzeyinin direktoru Datse Karkla rəhbərlik etdiyi muzeydə Azərbaycandan olan tanınmış incəsənət xadiminin sərgisinə ev sahibliyi etməsindən məmnunluğunu bildirdi. O qeyd edib ki, hazırkı sərgi xalqlarımızın bir-birinin mədəniyyətini daha dərindən başa düşmək üçün gözəl imkandır və bu mənada mədəni platformalar xalqlar arasında dialoq üçün körpülər yaradır. D.Karkla rəssam İnna Kostinanın sərgisinin Liepaya şəhərində təşkil olunmasının Azərbaycan-Latviya mədəni əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Səfirliyin birinci katibi Bəxtiyar Musayev Əməkdar rəssam İnna Kostinanın yaradıcılığı haqqında məlumat verib, rəssamın Abşeron və simurq mövzularında, həmçinin kəlağayı ilə bağlı əsərlərinin Azərbaycan mədəniyyətinin və milli kimliyinin mühüm, eyni zamanda, bir-biri ilə əlaqəli elementlərini özündə birləşdirdiyini, bu baxımdan, əsərlərinin dərin məzmuna malik olduğu qeyd edilib. Həmçinin Azərbaycanın kəlağayı sənətinin 2014-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi diqqətə çatdırılıb.

Rəssam İnna Kostina çıxışında sərgi haqqında məlumat verib. O bildirib ki, sərgidə nümayiş etdirilən əsərlər Abşeron və simurq mövzularını əhatə edir. Bu əsərlərdə ifadə olunan fikirlər ümumilikdə Azərbaycan xalqının ruhunu, adət-ənənələrini və mənəvi dəyərlərini əks etdirir. Rəssam, həmçinin 30 ilə yaxın üzərində işlədiyi kəlağayılardan ibarət əsərləri haqqında danışıb.

Sərgi Latviyanın yerli mətbuatında geniş işıqlandırılıb.

Həmin tarixdə İ.Kostina Liepaya Musiqi, İncəsənət və Dizayn Məktəbinin şagirdləri ilə öz təcrübəsini bölüşərək, ipək batikası və Azərbaycanın zəngin mədəni irsi haqqında mühazirə oxuyub.

Sərgi noyabrın 26-dək davam edəcək.