- Ədəbiyyat

Lesya Ukrainka üçün Qara dəniz havası

İBRAHİMXƏLİL

“ І так заридати, щоб зорі почули,
Щоб люди вжахнулись на сльози мої”.
L.Ukrainka

Sümük vərəmidir bu dünyanınkı? –
beyin vərəmidir bəlkə? Kim bilir…
Kiyev tərəflərin nə çəkdiyini
çırpına-çırpına sarı sim bilir.

Çalına-çalına məzar daşında
ümiddə qor dolu kül… yatırıq biz.
Vərəm yerimizdən vururlar bizi;
güllə atana da gül atırıq biz.

“Yaz!” deyə yollara çıxan durnalar –
çatdır – çarə tapsın öz başlarına.
İstər poeziyanın lap canı çıxsın :
Moskva inanmır göz yaşlarına…

Dərdimi su basar – gözünü sevim! –
nolar bir ara ver ağlamağına.
Vida fiti verər batan gəmilər –
dənizə belə bel bağlamağına…

525.az