- Ədəbiyyat

Lev Tolstoy. Böyük soba

Lev TolstoyBir kişinin böyük bir evi içində də böyük bir sobası var idi. Lakin onun ailəsi kiçik idi: yalnız özü və arvadı. Qış gələndə kişi sobanı qızdırmağa başladı və bütün odunlarını bir aya yandırıb bitirdi. Hava soyuq idi, kişinin isə artıq yandıracaq odunu qalmamışdı.  Belə halda kişi həyətini dağıtmağa başlayır, həyətdə olan taxta hasarını yandırır. Bütün taxtaları yandırıb bitirdikdən sonra, əhatəsiz qalan ev daha da soyuyur.

Sonra kişi evin damını sökür və bunları da yandıraraq evi isidir. Bu odunlar da bitdikdən sonra ev daha da soyuyur, yenə odun lazım olur. Sonra kişi evi qızdırmaq üçün tavanı sökməyə başlayır.

Qonşu kişini görcək soruşur:

Sən nə edirsən, ağlını itirmisən? Qışda tavan sökərlər? Özün də arvadın da soyuqdan donacaqsınız.

Kişi deyir:

– Xeyr, qardaş, tavanı sökürəm ki, sobanı qızdırım. Sobamız elədir ki, nə qədər çox qızdırsam, bir o qədər də ev soyuyur.

Qonşu gülür və deyir:

– Yaxşı, tavanı yandırandan sonra neyniyəcəksən? Evi sökəcəksən? Yaşayacaq bir yerin olmayacaq, yalnız bir soban qalacaq.

– Bu da mənim bədbəxtliyimdir, kişi cavab verir. Qonşuların hamısında bütün qış üçün kifayət qədər odun var idi, amma mən həyəti və evin yarısını yandırdım, bu da kifayət eləmədi.

Qonşu deyir:

– Sən sadəcə sobanı yenidən düzəltməlisən.

Kişi cavab verir:

– Bilirəm ki, mənim evim və sobam səninkindən daha böyük olduğu üçün həsəd aparırsan, ona görə sobamı sındırmağımı istəyirsən.

Kişi qonşunun sözünə qulaq asmayıb tavanı, sonra isə evini yandırır. Evsiz qaldıqda yad adamlarla yaşamağa gedir.

portal.azertag.az