Bir alkoqolsuz “Efes” ver, saqi,
Noxudü kilkəni, tələs, ver, saqi,
Bipivə olarsa gərçi şair,
Cilveyi-süxən olarmı zahir?
Məgər xanım, Zeydlə Zeynəb özlərini Məcnuna çatdırıb sosial mediada Leylinin “Formula 1” yarışlarına hazırlaşdığı barədə yazıldığını dedilər: “Samokat” alıblar, Qoşa Qala qapısının yanından üzüaşağı sürürlər”, – deyə Zeynəb tövşüyə-tövşüyə əlavə etdi. Məcnun bu sözləri eşidəndə çox qeyzləndi: “Ağzın qurumasın Zeyd, dilin çürüməsin, Zeyd… Bu gecə yenə qara qayğulu vaqiə görmüşdüm. Killerlər üstümə cumur gör-düm, bıçağı sinəmə saplayırlar gördüm, qanım şəlalə kimi fışqırır gördüm. Özü də bıçağı yan-yana, paralel şəkildə vururdular…” Zeynəb gülümsəyərək: “Bu, yaxşıdı, bu il işlərin rəvan və simmetrik gedəcək. Qan isə qovuşuqdu, Leyliyə qovuşacaqsan”, – dedi. “Amma killer gədənin biri bıçağı asim-metrik vurdu” – deyəndə Zeynəb onun sözünü kəsib killeri qarğadı: “Görüm onun əli quruyaydı, heyvanın biri heyvan, gözü qarovdu?”. Məcnun qəzəblə yanındakı qazlardan birinin lələyini dartıb üzdü, barmağını çərtib qanına bələyərək Leyliyə sitəm dolu bir məktub yazıb göndərdi (Qeysin Feys imkanı olmadığı üçün məktublarını Zeynəb vasitəsilə göndərirdi):
Bu, Məcnunun Leyliyə sitəm etdiyidir
“Formula 1” gələli Azəribaycanimizə,
Dünya heyrətlə baxır sərvətü imkanimizə.
Yenə nar partlayacaq, göylərə şarlar uçacaq,
Kafər heyran qalacaq dolma-fisincanimizə.
Xalqın urvatına bax, bunların ovqatına bax,
Çox lazımdı bu yarış Fatma-Tükəzbanımıza?
İki vazzari ilə yıxdı manatın evini,
Privet göndərirəm Rüstəmi-dastanimizə.
Bizi bipul qoyanın başına düşsün daşlar,
Üz tuta bilməyirik marketü dükkanimizə.
“Red Bull”un novrağıdır, forsajı fors etmədədir,
Müttəsil qan qarışır dideyi-giryanimizə.
Bir “samokat” alıban məşqə gedirsən, bilirəm,
Hörmətin yoxmu sənin ənənə-filanimizə?
Leyli məktubu oxuyunca çox mütəəsir oldu, göz yaşlarını dibçəkdəki gülün dibinə axıtmaq üçün pəncərəyə yaxınlaşdı (Tarif Şurası suyu 39% bahalandırandan o, həmişə belə edirdi). Sonra kompüterin arxasına keçib Məcnuna məktub yazdı və ünvanına çatdırmaq üçün Zeynəbin inboksuna göndərdi:
Bu qəzəl Leyliyi-dilpəzirindir
“Formula 1” gələli Bakuyə bizar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam?
Dağılır baş-qulağım şamü səhər səs-küydən,
Qapayıb pəncərəni surəti-divar olubam.
Qüdrətim yox ki, çıxam qovlayam məlunları mən,
Sürətim yox ki, tutam, tənbeh edəm – zar olubam.
Ey mənə tənə edən, “samokat” almısan deyə,
Qara piardı tamam – guya ki biar olubam.
Tezcə bitsin bu sitəm, seyrə çıxaq bulvarə,
Səfəri-sahili-dəryayə həvəskar olubam.
Məgər xanım, yarımasın-yarçımasın, Məcnunun “Formu-la 1” düşmənliyi barədə xəbər yuxarılara çatınca olan oldu. Davamı müvafiq qurumun mətbuat xidmətinin məlumatında: “Polis əməkdaşları tərəfindən səhra zonasında özünü şübhəli aparan bir şəxs tutularaq saxlanılıb. Məlum olub ki, o, uzun müddətdir, ah-fəğan edir, vətəndaşların mədəni istirahətini po-zur, amma insanları yuxudan oyatdığına utanmaq əvəzinə “oyadar xəlqi əfğanım” – deyib fəxr duyur. Sifətində müxalif təbəssüm olan bu kriminal sumbatlı şəxs düşüncələri dəqiq-ləşdirilmək üçün tərəfimizdən Neyro-cərrahiyyə İnstitutuna aparılıb. Başının qafa tası açılarkən beyninin sağ tərəfində cəmiyyətimiz, dövlətçiliyimiz və insanlarımızın həyatı və rahat-lığı üçün qorxulu olan xüsusilə külli miqdarda təhlükəli fikirlər aşkar edilib. Məlum olub ki, o, ölkəmizdə keçirilən beynəlxalq yarışlara zərrəcə sevinmir, insanlarımızda sabahkı xoşbəxt, firavan həyata inamsızlıq toxumu səpir. Odur ki, məzkurun barəsində həbs-qətimkan tədbiri seçilib. Nazirlik bildirir ki, bu cür halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq”.