- Dil

Linqvistik kollaborasionizm

Sima CƏFƏROVA

VII-VIII sinifdə ikən adını və müəllifini unutduğum bir kitab oxumuşdum. O zaman heç “kriminal” sözünü bilmirdim. Sonralar bildim ki, əsər kriminal mövzuda yazılıbmış. Əsərdə gənc bir qız Sovet kəşfiyyatına “işləyir”. Məhz bu səbəbdən də romanın müsbət qəhrəmanı kimi xarakterizə edilir. Kitabın ilk səhifəsindəcə çantasından çıxartdığı güzgüyə baxmaq bəhanəsi ilə güzgüdə arxadan təqib olunub-olunmamasını yoxlaması bu qızı mənə sevdirdi. Ala gözlü, sarışın saçlı, güləş sifətli bu gənc qəhrəmanı sevdim. Amma sonda məlum olanda ki, bu qız öz xalqına məxsus məlumatları Sovet kəşfiyyatına ötürürmüş… Yazıçı onu nə qədər məhəbbətlə təsvir etsə də, nümunəvi qəhrəman kimi təqdim etsə də, mənim sevgim daşlara çırpıldı. Onu sevdiyimə görə özümü xəyanətkar kimi hiss elədim və bu gün də nə o qızı, nə də uğursuz da olsa, ona olan sevgimə görə özümü bağışlaya bilmirəm. Ona görə də bir xəyanətdən xəbər tutan kimi bu əsər yadıma düşür. O qızın xalqına xəyanəti 64 ildir mənimlə yolculuq edır.

Bu gün ədəbi dilimizlə bağli, ümumiyyətlə, dillə bağlı bəzi məsələlərə diqqət yetirdikdə yenə o xəyanət zehnimdə təzədən önə keçir. Fikirləşirəm ki, televiziya ekranlarından səslənən bayaği və öz dilimizdə olan sözlərin əvəzinə başqa dillərdən gətirib nitqimizə pərçim etməyə çalışdıqları sözlərə göz yumanlar varsa, qəzet və jurnal səhifələrində quruluşu anlaşılmayan cümlələrə əhəmiyyət verilmirsə, tərcümə ədəbiyyatı orijinal mətnin ölümünə fərman yazırsa, orta məktəb kitablarında sistemli şəkildə dil qanun-qaydaları əvəzinə şagirdlərə ləhcələşmə öyrədilirsə və bu da qəbul imtahan testlərində özünə geniş mövqe tapırsa, bütün bunların zərbəsi yüzilliklərdən formalaşıb günümüzə gəlmiş ən ulu sərvətimiz olan ədəbi dilimizi məhvə sürükləyirsə, səbəbkarların o qızdan fərqi varmı!? Mən deyərdim ki, var. O fərq var ki, o qız bir xalqın sərvətindən, məhz sərvətindən oğurlayırdı. Burada isə xəyanətkarlar o sərvəti gəmirib kökündən ayırmağa, içini çeynəyib yox etməyə səy göstərirlər. Bu sərvət ədəbi dilimizdir.

“Bir xalqı məhv etmək istəyirsənsə, onun dilini əlindən al”. Çox möhtəşəm deyimdir, eləmi?! Axı kökü çox-çox qədimlərdən su içən bu dil xalqımızın ən böyük milli-mədəni sərvətidir. Bu sərvət məhv olarsa, qədimliyimiz məhv olar. Biz xalq olmarıq.

Haşiyə: Müəllimim prof. Ə.Dəmirçizadə simpoziumdan qayıtmışdı. Səhər-səhər birinci dərsi bizim kursda idi. Sakit addımlarla otağa daxil oldu. Üzündə çox nadir hallarda olan, bəlkə də, heç vaxt sezilməyən bir gərginlik vardı. Tribunaya çatdı, əsəbi dönüb ortada dayandı, sakit, lakin gərgin səslə dedi: “Erməni professorun haqlı iradı qarşısında dinə bilmədim. Heç 500 il tarixi olmayan (tarixi əsəbilikdən deyirdi) bir dilin müdafiəçisi deyir ki, dilimiz yaranandan biz cümlənin sonunda qoşa nöqtə qoyuruq, dəyişmirik ki, gələcək nəsilləri çaşdırmayaq. Siz isə hələ bir əlifba üzərində qərarlaşa bilmirsiniz!”

Bəli, yaranışımızdan bəri hər nöqtəni qorumalı ikən, az qala hər qərinəyə bir əlifba dəyişikliyi düşürsə, bu gün, müstəqillik dövründə dilimizin müdafiəçisi olmaq əvəzinə niyə ona qənim kəsilməliyik? Elə mən orta məktəbdə oxuyanda bir kiril əlifbasının üzərində üç dəyişikliyin şahidi olmuşam: я,е,ю—йа, йэ,йу – ja,je,jy – bu gün y və a, e, u. (1951 – 1963-cü illər) Bu gün latın qrafikalı əlifba.

Çox təqdirəlayiqdir ki, türkdilli xalqlar bu qrafikadan istifadə edir, hətta bir çox dünya xalqları da latın əsaslı qrafikadan istifadə edirlər. Amma hər bir xalq öz dilinin xüsusiyyətlərini qorumaqla. Bu gün biz ədəbi dilimizi, dilimizin leksikasını, əlifbasını qoruya bilmiriksə, onda vətəndaş deyilik. Əslində söhbətimiz ədəbi dilimizin qorunmasından, onun leksikasına yersiz müdaxilələrin qarşısının alınmasına duyduğumuz ehtiyacdan gedir. Bu gün ortaq dil yaradılması, dilimizdə yüzilliklələ işlənib ümumxalq işlək sözlərə çevrilmiş leksemlərin türk köklü dillərdən alınan sözlərlə (müəllim – öyrətmən) əvəz edilməsi meylləri çoxalıb. Bu, ən yüngül formada dilə yamaq vurmaqdır. Bəzi “mütəxəssislər” isə bunu ortaq dil yaratmaqla əlaqələndirirlər. Biz Avropa ilə ortaq dilmi yaradırıq? Amma ünsiyyət vasitəsi tapırıq. Türk xalqları ilə anlaşmaq istəyən Türkiyə türkcəsindən istifadə etsin. Hətta bu gün uluslararası simpoziumlarda da bu, özünü doğruldur. Ortaq dil adlanan bir məfhum mərhum akademik Tofiq Hacıyevin dediyi kimi “Donkixotluqdur”. Akademik haqlı olaraq bu məsələdən danışarkən qeyd edir ki, “Ümumi türk dili yaradıla bilməz. Kimsə ana dilindən əl çəkib, təzə dil yaratmaz… Ana dili Tanrı gücündə varlıqdir.”

Bu günlərdə Gülyaz Əliyevanın vətəndaş şairimiz B.Vahabzadədən paylaşdığı şeirin ilk sətirləri:

                                                  Niyə mənim anam ”madər”
                                                  Atam “pədər”- olsun?
                                                  Bu dolaşıq ticarətdə
                                                  Niyə mənim doğmalarım
                                                  Özgələrin torpağında hədər olsun? –

bir müəllimin paylaşımı deyil, ədəbi dilə son dövrlərdə olan yersiz və ciddi müdaxilələrə ziyalı etirazıdır. Bu etirazlar müdaxiləçilərə, hörmətli Vasif Sadıqlının çox zamanında təklif etdiyi terminlə desək, linqvistik kollaborasionistlərə (dilə kollektuv şəkildə xəyanət edənlər) qarşı durmağa yönəldilən bir çağırışdır. Ana dilimizdə var olan sözləri kənardan, lap elə ən yaxın qohum dil olan Türkiyə türkcəsindən alınma sözlərlə əvəz etməyə, dilimizə yamaq vurmağa qarşı çıxan bir çağırışdır bu.

Zaman-zaman ədiblərimiz, mütəfəkkirlərimiz, elm adamlarımız dilin təmizliyi, saflığı, kökünə bağlılığı uğrunda gecələrini, gündüzlərini əsirgəməyiblər. İnkişafın gedişi ilə əlaqədar ədəbi dildən çıxan (arxaikləşən) sözlərə, yeni yaranmasına ehtiyac duyulan sözlərin ekvivalentinin mənbəyinin əvvəlcə öz dilimizdə axtarışına çox ehtiyatla yanaşar, bu sahədə yüngül, asan yolla getməzdilər. Ona görə də bu gün ədəbi dilimiz hamar, ahəngdar və gözəldir, varlığına uyğun, həsəd aparılası qrammatik qanunauyğunluğa malik qrammatikası var. Bu dildə kökü çox qədimlərə dayanan dastanlar, nağıllar yaradılıb. Bu, o dildir ki, Həsənoğlu qəlbinin döyüntülərini səsləndirib, Nəsimi irfanı bu dillə səmalara ucalıb, Füzuli məhəbbəti səmavi bir eşqə çevrilib. Bəli, bu dil Xətai qılıncını qələmə çevirib gözəlliklər vəsf edib. Bu dillə Seyid Əzim ilhamı Füzuli zirvəsinə yüksələ bilib. Bu dillə böyük Sabir

                                ”Niyə bəs böylə bərəldirsən, a qare, gözünü,
                                 Yoxsa bu ayinədə əyri görürsən özünü!?”

deyərək bütün cahanın eyiblərini qamçılamağı bacarıb. Bəli, mənim sevdiyim bu ana dilində Mirzə Cəlıl  təhdidlərə, təzyiqlərə baxmayaraq Şərqdə çox özülləri titrədə bilən, mövzuları bu gün də aktual olan “Molla Nəsrəddin” jurnalı kimi möhtəşəm bir mətbu orqanı yaradıb, yaşadıb. Bu dildə Böyük Şəhriyarın şeirləri keçilməyən sərhədləri tapdalayaraq Bütöv Azərbaycan xofu yaratdı. Bu dil o dildir ki, anamız həzin səslə “Qarabağ şikəstəsi” sədaları ilə bizi uyudurdu. Bu dil bax onda qanımıza hopan dildir. Ona xəyanət etməyə haqqımız yoxdur, o, ANA DİLİMİZDİR!

“Azərbaycan dili çox qədim bir xalqın dilidir, bu dilin ahəngində, quruluşunda, bu dildə fikir ifadə olunmasında məsuliyyət var, zənginlik var. Bu dildə danışan insan, sən düşün ki min il, bəlkə də, milyon il öncə torpağa baxıb ona sevgisini, alnının tərini, qəlbini, ruhunu verən, sonunda canını verən, ona nəğmələr qoşan zəhmətkeşlərin dilində danışırsan. Övladına laylalar, nazlamalar, oxşamalar qoşan ananın, Tomirisin, Dədə Qorqudun, Beyrəyin, Xətainin və daha kimlərin dilində danışırsan. Bu qədimliyi, zənginliyi daşımaq, təbii ki, asan deyil, amma bu dil bizimdir, bizə məxsusdur, bununla fəxr etməliyik, qürur duymalıyıq”. Mehparə xaım Rəhimqızının ürək yanğısı ilə, iftixar və vətəndaş qüruru ilə şərhlərdə yazdığı bu cümlələrdə böyük bir həqiqət var. Bəli, ədəbi dilimizin saflığına zərbə vurmağa, onu ləhcə səviyyəsinə endirməyə çalışanların bu dildə öz fikirlərini saf, təmiz, səlis ifadə etməyə gücü, söz ehtiyatı və deyərdim ki, ali məqam kürsülərində olsalar belə, savadı çatmır.

“Dövlət dilinin normalarını pozanlar min manatadək cərimə ediləcək” – belə bir qanun imzalanıb. Həm də zamanında deməyəcəm, bir qədər də əvvəl olmalıydı, təcavüz ayaq açmağa başlayanda, yeriyib hər tərəfdə adi hal alandan sonra yox. Amma yenə də tərpənməyənləri tərpətmək üçün kifayətdir, bəlkə də.

Amma məni maraqlandıran məsələnin başqa tərəfidir: aya, yuxarıda cüzi də olsa, vəsf etdiyim bu dili, bu seiriyyət dilini, onun gözəlliyini, onun ahəngdarlığını, onun ecazkarlığını bizə cərimə iləmi sevdirmək lazım imiş?
GÖR NƏ GÜNƏ QALMIŞIQ!!!!