Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonunda pandemiya qaydalarını gözləməklə “Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir” adlı tədbir keçirilib.
“Sülh aylığı” çərçivəsində Lerik Şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Heydər Əliyev Mərkəzinin direktoru Husaməddin Abbasov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Hüseynbala Əliyev, şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tərxan Feyziyev, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin Lerik rayon filialının müdiri Veysəl Məlikov, Mondigah kənd məscidi dini icmasının sədri və imamı Mədət Abdullayev, Lüləkəran kənd məscidi dini icmasının sədri və imamı Rauf Əliyev çıxış edərək mövzunun əhəmiyyətini qeyd ediblər. “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin gənclərin Azərbaycançılıq, sülh və mərhəmət ruhunda tərbiyə olunması baxımından zəruriliyini vurğulayıblar. Natiqlər, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində birgəyaşadığını diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.