- Köşə

Məhəbbət əfsanəsi

Gülyaz ƏLİYEVA

Arif Məlikovun əziz xatirəsinə …

Deyirlər, indi əsl sevgi, məhəbbət yoxdur, …mən isə “var “deyirəm və sizə özümün də şahidi olduğum bir sevgi, məhəbbət, bir fədakarlıq dastanı danışacam… Əsl sevgi, məncə, fədakarlıq deməkdir….
Bu nə əfsanədi, nə də rəvayət. Bu, mənim də iştirakçısı olduğum bir reallıq, bir həyat hekayəsidir… Əsl sevgi… Əsl məhəbbət odur ki, sənin üçün ən qiymətli olanı sevdiklərin yolunda qurban verməyi bacarasan! Məncə, canını qurban vermək, gənc və gözəl bir qız üçün öz gəncliyini, gözəlliyini, ailə səadətini qurban verməkdən daha asandır. Necə ki, Məhin öz bacısı Şirinə görə gözəlliyini qurban verdi, sonradan Fərhada vurulanda əzab çəkdi…

Amma fərq bundadır ki, Məhindən fərqli olaraq, mənim qəhrəmanım bacı-qardaşlarının yolunda gəncliyini, ailə səadətini qurban verdi, əvəzində anası ilə birlikdə çiynini ailə dirəyinin boş qalmış hissəsinə (atanın olmalı hissəsinə) verib anasını tək qoymadı, 5 bacısının, 1 qardaşının oxumasında, həyatda öz mövqelərini tutması yolunda öz səadətini qurban verdisə də, amma heç vaxt, heç bir vaxt bundan peşman olub əzab çəkmədi, heç vaxt nikbinliyindən qalmadı… Mən bir an da olsun onda peşmanlıq və təəssüfdən əsər-əlamət görmədim!..
Atam qəfil vəfat edəndə, dediyim kimi, ailədə yeganə işləyən institutu yenicə bitirmiş bacım idi, qardaşımın biri isə çox kiçik idi, 5 qızdan sonra olmuşdu və ailədə çox ərkəsöyün, hamının əzizi idi. Atam anamı evdən çölə çıxmağa qoymasa da, (əksər ağdamlı ailələrində olduğu kimi) amma bacıma evi böyüyü olduğundan bir oğul kimi yanaşır, hər yana onunla gedir, bildiklərini ona öyrədir, bir sözlə, onu azad və sərbəst böyüdürdü. Sanki özünün bu dünyadan tez köçəcəyini və ailənin bütün ağırlığının onun üzərinə düşəcəyini bilirmiş kimi… Anam savadlı olsa da, atam onu çox gözəl olduğu üçün nə evdən çölə buraxmış, nə də işləməyə qoymuşdu, indi birdən-birə böyük bir ailənin bütün yükü onun üzərinə düşmüşdü. Mənim gözəl, həlim anam atam öləndən sonra qəfil təkcə ana deyil, həm də son dərəcə qətiyyətli və zəhmli bir ata oldu… Atam öləndən sonra anamın sifəti belə zəhmli bir görkəm aldı, biz onun bir sözünü çevirə, iki edə bilməzdik. Halbuki bunu aramıza edə bilirdik…

Belə bir anda ailənin yeganə işləyəni bacım yükün hamısının anamın üzərinə düşməsinə seyrçi qala bilməzdi. 2 “aklad” dərs yükü olsa da, ailədə çox işi o görür, sənədləri düzəltmək, balaca qardaşlmla dükana-bazara getmək də bacımın öhdəsinə düşmüşdü. Biz məktəbi bitirdikcə sənədlərin instituta hazırlanmasını, uşaqların instituta aparılması işini öz üzərinə götürdü. Bu işləri bacım üçün atam görmüşdü…

Amma nə etsək də, anam heç vaxt bizdən razı qaldığını biruzə verməyib, bizi tərifləməyib, el-aləm bizim tərbiyəmizə, çalışqanlığımıza, zəhmətsevərliyimizə, bir-birimizə hədsiz bağlılığımıza həsəd aparsa da, anamdan heç vaxt tərifli söz eşitməmişik, səhvi olanda da onu biruzə verməyib. Heç yadımdan çıxmaz….
Atamın vəfatından 40 gün keçmişdi. Sentyabr gəlirdi… İki tələbəni, 4 şagirdi bacımın müəllim maaşı ilə yola salmaq lazım idi… Evdə pul yox idi. Biz təzə paltar, çanta istəməsək də, yalandan təzə paltarlardan zəhləmiz gedir deyibən köhnə paltarlarımızı təmizləyib ütüləyib, stulun başına sərsək, köhnə çantalarımızı silib stulun yanına hazır vəziyyətdə qoysaq da, uşaqları köhnə paltarla yola salmaq anama çox ağır gəlirdi. Anam heç vaxt belə işlərlə – nə isə almaq, pul dərdi çəkmək – …məşğul olmamışdı. İndi isə çıxılmaz vəziyyətdə idi… Məktəbə isə 3-4 gün qalmışdı… Oturmuşduq… Bir də gördük, bacım kitab, dəftər, çantalar, ayaqqabılar, məktəb paltarları, bir sözlə , bütün məktəb ləvazimatlarını alıb gətirib. Biz təəccüblə ona baxdıq, bacım hər kəsin paltarını bir-bir verdi. Hər kəs geyinib baxmağa başladı, paltarlar hamıya qəşəng yaraşırdı. Anam bizə baxıb sevinirdi, qəfildən anamın sifətindəki təbəssüm sanki buz bağladı, elə o andaca dondu. Anam qəfil bacıma tərəf dönüb soruşdu:
– Pulu hardan almısan? Bacım çox zarafatcıl qızdır, zarafata salıb: “yoldan tapmışam”, – dedi.
Anam özünə xas olmayan sinirli və ötkəm bir səslə: “Pulu hardan almısan? – deyə yenidən soruşdu. Bacım ordan veriblər, deyə dodağın altında yenə mızıldandı. Anam qəfildən bacıma necə bir şillə vurdusa, səsi hələ də qulağımda cinlgildəyir. “Səndən söz soruşuram” … Bacımın gözlərindən yaş süzülsə də, yenə təmkinini pozmadan: “Ordan veriblər”, – dedi.

Mən bu “ordan veriblər”dən nə isə başa düşdüm, amma anam heç cür anlamırdı və bacımdan yenə də soruşurdu. Axırı bacım pulun atamın vəfatından sonra bizə veriləsi pul olduğunu, bunu anama pis olmasın deyə bildirmək istəmədiyini, nəhayət ki, güclə eşidiləcək səslə dedi… Anam hərəkətindən pis oldusa da, bunu əsla biruzə vermədən dedi: “Bu evdə indiyədək haram pul yeyilməyib, bundan sonra da yeyilməyəcək, hardan gəldiyini bimədiyim pul bizə lazım deyil. Olacaq, yeyəcəyik, olmayacaq, biz ürəyimizi, əməlimizi düz saxlasaq, Allah yetirəcək!”

Həqiqətən də, anamın ürəyində elə böyük inam vardı ki, evdə 5 manat pulla bizi instituta aparıb. Pul yoxdur, bunları necə oxudacam, – deyə əsla narahat olmayıb, varına-dövlətinə güvənib qapımıza şəstlə gələn elçiləri qapıdan boş qaytarıb, mən qızlarımı oxudacam, – deyib. Qohum-əqrəbanın: “Ay qız, filankəs var-dövlətlidir, qızın birini ver, sənə də kömək durar” sözlərinə əhəmiyyət vermədən bizləri bir-bir oxudub. Qızlar isə əlaçı təqaüdləri ilə analarına yük olmamağa, özlərini təmin etməyə çalışıblar və Allah da pulu bizə elə yetirib -öz ağlımızla, başımızla…

Bacım və biz nə qədər çalışsaq da, əlaçı oxusaq da, hamı bizi tərifləsə də, bütün işlərdə anama kömək etsək də, anam pis olmasın deyə yalandan özümüzü şən və zarafatcıl, zahirən atamızı tamamən unutmuş kimi göstərmək istəsək də , anamin üstünə ancaq xoş sözlərimiz gəlsə də, o, bizi heç vaxt tərifləmədi, bizə heç vaxt nə isə cüzi də olsa, səhv etməyə imkan vermədi. Onun sərtliyi bizi daim ayaqda, dimdik saxladı, anamızın gözündən düşməyək deyə onun istədiyinin iki qatı olduq..

Gələk bacıma… Bacım institutu təzəcə qurtarmışdı. Ona təbii ki, elçilər gəlirdi, amma o elçiləri elə qapıdanca qaytarırdı. Heç evə keçməyə də qoymurdu. “Ailənin bütün sorumu mənim üzərimdədir. Mən getsəm, ailə batar, anam tək bacarmaz”, – deyirdi. Və beləcə o, 5 qızı anamla birlikdə oxutdu, institutu “fərqlənmə” diplomu ilə bitirdi bu qızlar… İndi bu qızlar müəyyən mövqe tutub, müəyyən nailiyyətlər əldə edib, ən əsası həyatda heç vaxt büdrəməyərək, dimdik durub. Hər bir çətinliyin gözünün içinə dik baxıblar. Tutduqları yolun düzlüyünə əminlikləri olub. Bunu onlara öz fədakarlığı ilə anaları ilə yanaşı, böyük bacıları öyrədib. O, bacılarına şəxsi nümunəsi ilə fədakarlıq necə olar, əsl sevgi necə olar, sevdiklərinin yolunda ən qiymətli səadətini “uf” demədən necə vermək olar, əqidəsi yolundan necə dönməmək olar? – onu öyrədib…

Ali təhsil alıb, özümüzə güvənən, heç kəsdən asılı olmayan biri olmuşuqsa, bunun üçün anamızla yanaşı, bacımıza da borcluyuq. Bacım bizim hamımızdan böyükdür, amma bizim hamımızdan cavan və gözəl görünür, bizim hər uğurumuza ürəkdən sevinir və fərəhlənir ….
Sirli yolçu Məhinin bacısı Şirinin sağalması əvəzində onun gözəlliyini əlindən aldısa, amma mənim bacımın öz bacıları yolunda fədakarlığının əvəzində Allah ona sanki gözəllik və cavanlıq bəxş edib. Amma o, özü könüllü surətdə ailə səadətini bacı-qardaşlarına olan sevgisi yolunda qurban verdi!

Ailəsinin, nəslinin, el-obasının, xalqının yolunda səadətini qurban verən adamlar var və onlar haqqında əfsanələr yaranır, o əfsanələrə xalqın layiqli övladları möhtəşəm musiqi yazır, həm əfsanəni, həm xalqın musiqisini, həm də özlərini yaşadırlar. Xalqın qəlbində özlərinə də məhəbbət əfsanəsi yaradırlar – Arif Məlikov kimi ….. Hərənin özünə görə bir “Məhəbbət əfsanəsi” var. Bu əfsanəni yaradanlar həyatdan getsələr də, əfsanə özü xalqın qəlbində daim yaşayacaq !!….