- Ədəbiyyat, Xəbərlər

Mən tufanla doğuldum, tufanla öləcəyəm…

Bahar AĞAYEVA

Təbiət onun dünyaya gəlişini güclü leysanla, ildırımla salamlayır. Gələcəkdə təbiətin bu şıltaqlığını özünə ad götürəcəkdi, amma nə doğulanda, nə də şair kimi bu adı özünə təxəllüs götürəndə hələ bilmirdi ki, bu ildırım elə ilk gündən xəbərdarlıq edərək onun paramparça olacaq taleyinə düşüb. Bəli, söhbət Azərbaycanın mühacir ədəbiyyatının parlaq nümayəndəsi Almas İldırımdan gedir. Adı Əbülhəsən, soyadı Almaszadə olan vətən həsrətli şairimizdən.

Almas İldırım 1907-ci il 25 martda dövrünə görə imkanlı sayılan bir ailədə anadan olub. Ailəsi uşaq vaxtından ona mükəmməl təhsil verir, dövrünün görkəmli pedaqoqlarından dərs alır, fars və rus dillərini öyrənir. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olur. Lakin tacir övladı olması onun universitetdə oxumasına əngəl olur, bunu bəhanə edərək onu ali məktəbdən xaric edirlər. Amma əsas səbəb Almasın milli düşüncəli bir gənc olması, 1922-ci ildən bəri  Hüseyn Cavid və Əhməd Cavad kimi şairlərin rəhbərlik etdiyi “Yaşıl yarpaq” gizli poeziya dərnəyinə üzv olması, “A dağlar” şeirininTürkiyə mətbuatında çap olunması  idi.

                         Zirvəndə oynayan ruzgarlar acı,
                         Illərlə görünməz başının tacı,
                         Anlat ki, dərdinin nədir ilacı,
                        Nədir bu dumandan tüllər, a dağlar?

Aydındır ki, o dövrdə şeirdə tərənnüm edilən “acı ruzgar”, “dərdə əlac axtarmaq”  kimi duyğular yeni ideologiyaya zidd idi, çünki bolşeviklərin qurduğu fəhlə-kəndli hökuməti insanlara ancaq “xoşbəxtlik, firavanlıq, azadlıq” gətirməli idi. Sovet vətəndaşı ancaq nikbin olmalı, sabaha inamla baxmalı, sosializm quruculuğunun azad, xoşbəxt bir fərdi olmalı idi. Hətta dağların zirvəsini bürüyən “dumanı” tülə bənzətmək, poetik məcaz yaratmaq da dövrün ideologiyasına zidd, kommunist şüuruna təhlükə sayılırdı. Bu təhlükəni elə beşiyindəcə boğmaq lazım idi.

Almas İldırımın 1930-cu ildə Bakıda  “Dağlara səslənirkən” adlı ilk şeir kitabı çap olunsa da, tez bir zamanda qadağan olunaraq satışdan yığılır. Bu kitab ədəbiyyata gənc bir istedadın, Vətən sevdalı bir şairin gəlişindən xəbər verirdi. Milli ruhda, Azərbaycana, onun gözəl təbiətinə böyük sevgi ilə yazılmış şeirlərdə sovet hökuməti kommunist ideologiyasına bir təhlükə sezirdi. Həqiqətən də, bu şeirlərdə vətən məhəbbəti ilə yanaşı, gerçəkləşməyən azadlıq arzularını da sezməmək mümkün deyildi, çünki şair acıq-aşkar yurdunun işğal olunduğunu dilə gətirir,  kədər və qəzəbdən doğan cəsarətlə Vətəninin  azadlığı uğrunda  qələmiylə mübarizə aparırdı:

                              Hara getsəm arxamda bir ahım var,
                             Varıb baş qoymağa bir dərgahım var,
                            Əlbət ki, mənim də bir Allahım var,
                            Gün gəlir hürr olur yurdum, gözəlim…              

O illərdə Əkbər Ruhi, Mustafa Quliyev, Əsəd Əyyubi kimi “rejim qulları” hər vasitə ilə Almas İldırıma təzyiq göstərir, onu təqib edir, bolşevik mətbuatında tənqid və təhqir edirdilər. Hətta Əsəd Əyyubi yazırdı: Almas kimilərin başları sovet çəkici ilə əzilməlidir”. Bu kimi təhdidlər, hədələr artıq bir neçə ildən sonra gerçəkləşəcək repressiyalardan xəbər verir, Cavadların, Müşfiqlərin, Cavidlərin fiziki məhvi üçün zəmin hazırlayırdı. Gənc Almas İldırım  milli ruhlu, vətən sevgisi ilə yazılmış, bir qədər nisgilli şeirləri ilə sovet ideoloqlarının qəzəbinə tuş gələrək əvvəl Dağıstana, iki il sonra Türkmənistana sürgün olunur. Əslində, bu, Almasa qarşı repressiyanın başlanğıcı idi. O, yaşadığı hər bir yerdə həm müəllimlik edir, həm mətbuatda çap olunur, şeir yazmaqda davam edir və  hər bir mühitin ədəbi-ictimai həyatında fəal iştirak edir, qısa bir müddətdə öz pedaqoji fəaliyyəti, publisistik yazıları, şeirləri ilə böyük  nüfuz qazanırdı. Düşmənləri də məhz bundan qorxurdular – onun nüfuzundan, yazdıqlarının, milli düşüncələrinin başqalarına da sirayət etməsindən, quruluşdan narazıların sıralarının genişlənməsindən. Odur ki, şairi təqibdən, mətbuatda təhqir və təhdiddən əl çəkmirdilər. Nəhayət, 1933-cü ildə şair vətənini birdəfəlik tərk edərək ailəsi ilə birgə gizli şəkildə İrana mühacirət edir. Lakin əsas məqsəd  Türkiyəyə getmək, o dövrdə dünya türklərinin pənahı sayılan qardaş ölkədə təqibdən, təzyiqdən, ölüm təhdidlərindən uzaq bir həyat qurmaq, yazıb-yaratmaq idi. Sonrakı hadisələr göstərdi ki, bu, Almas İldırımı fiziki məhvdən qoruyan yeganə yol olur. Necə ki, vaxtsız ölüm ədəbiyyatımızın nəhəngləri Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını 37-ci ilin repressiyalarından xilas edir, Almasın da qurtuluşu mühacirət olur. Onun şair dostları, əqidədaşları Mikayıl  Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, müəllimləri Seyid Hüseyn, Qantəmir və b. isə bu taledən yan keçə bilmirlər.

Türkiyədə Almas İldırım müxtəlif bölgələrdə pedaqoji fəaliyyət göstərir,  katib kimi bələdiyyədə işləyir, ailəsini normal həyatla təmin edə bilir və nəhayət, azad nəfəs alır, təzyiq və təhdidlərdən uzaq yaradıcılığına davam edir. Lakin bu azadlıq ona baha başa gəlir, İranda məruz qaldığı işgəncələr sağlamlığına ömürlük zərbə vurur. Eyni zamanda, qardaş ölkədə yaşasa da, vətən həsrəti ona rahatlıq vermir, bolşeviklərin istilası altında olan Azərbaycan üçün keçirdiyi narahatlıq kədərli misralara çevrilir. Mühacirət dövründə yazdığı “Susun”, “Qərib quşuma”, “Mənim  türküm”, “Qürbətdə”, “Bakı” və digər şeirlər onun daim narahat ruhunu çox gözəl ifadə edir. “Əsir Azərbaycanım” şeiri isə bu həsrətin, nigarançılığın zirvə nöqtəsi olur və Azərbaycan haqqında ən gözəl şeirlərdən biri sayılır:

                                 Könlümə tək Kəbə yapdım səni mən,
                                 Sənsiz neylim qürbət eldə günü mən?
                                 Sənsiz neylim Allahı mən, dini mən,
                                 Azərbaycan, mənm taxtım, tacım, oy.
                                 Oyanmazmı kor olası baxtım oy!

İstər Bakıda yaşadığı illərdə, istərsə də sürgündə və mühacirət dövründə yazdığı şeirlər şairin sonsuz Vətən məhəbbətindən, yurduna görünməz tellərlə bağlılığından xəbər verir. Almas İldırım yaradıcılığının ana xətti Vətənə məhəbbətlə yanaşı, Azərbaycanın azadlığı ideyasıdır.  Nə qədər ki, doğma Vətən bolşevik işğalı altındadır, şairin üzü gülmür, yurdu üçün keçirdiyi narahatlıq hissi onu tərk etmir. Şair üçün heç bir şey Vətənin azadlığından önəmli deyil. Odur ki, bu nisgil, bu kədər onun bütün yaradıcılığına hakim kəsilir, hər bir misrası sanki ürəyinin qanı ilə yazılır:

 

                                   Kim dоst оla, yarana kim ilişə?
                                   Bir еş bulsam, bu dərdimi bölüşə.
                                   Gəl aldanma üzümdəki gülüşə,
                                   Dal ruhuma, kеçirdiyim anı gör,
                                   Gir qəlbimə, içdən aхan qanı gör

Türkiyədə Almas İldırımın bir neçə kitabı nəşr olunur. Bunlardan “Boğulmayan bir səs” (1936) şairin sağlığında, digərləri isə ölümündən sonra işıq üzü görür.  Vətəni Azərbaycanda isə artıq unudulmaqda olan şairi yalnız 1990-cı ildə yad edərək “Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırımın şeirləriylə” kitabını Azərbaycanın əməkdar jurnalisti mərhum Hacı Hacıyev tərtib edir və ön söz yazaraq çap etdirir. Azərbaycan oxucusu yalnız bu zaman Almas İldırımın illər öncə şair Süleyman Rüstəmlə birgə “Dün – bu gün” (1926) şeirlər kitabını çap etdirdiyini və uzun illər bu faktın ictimaiyyətdən gizli saxlandığını öyrənir.  Sonralar “Qara dastan” (1994), “Seçilmiş əsərləri” (2004) adlı kitabları nəşr edilib oxuculara çatdırılmışdır.

Almas İldırım mühacirət ədəbiyyatımızın, eyni zamanda, bütünlükdə Azərbaycan ədəbiyyatının istedadlı, əqidəli, vətənpərvər, azadlıqsevər bir şairi kimi bizim üçün çox dəyərlidir.

                                    “Bir daşını dəyişməm Misirə, Hində, Çinə
                                    Tanrı cənnəti versə, mən deyərəm, onu ver”-

deyən şairin Tanrısı Vətən, Kəbəsi Vətən torpağı idi. Almas İldırımın tərənnüm etdiyi Vətən məhəbbəti, azadlıq ideyaları, Vətənin azadlığı üçün qələmiylə apardığı bir ömür mücadilə gənclərimiz üçün bir örnək olmalı, əsərləri daha dərindən tədqiq edilərək dərsliklərə salınmalı, təbliğ olunmalıdır. Almas İldırımın yaradıcılığından qırmızı xətt kimi keçən Azərbaycan məhəbbəti və azadlıq təşnəsi gənc nəslin ruhuna, qəlbinə sirayət etməlidir. Həyat göstərdi ki, Azərbaycan məhz onu sevən, yurdunun, torpağının azadlığı uğrunda canından keçməyə, onun üçün hər bir şeyi qurban verməyə hazır olan övladları, oğulları ilə güclüdür.