Kiçik hekayələr silsiləsindən.
Hekayə
Hər şeyin təzəsi, dostun köhnəsi,- deyiblər. Asəfgilin ailəvi dostları, tanışları çox idi. Amma köhnə dostlar bir başqa şeydir. Asəfin də həm yaşadıqları paytaxtda, həm də rayonlarda bir vaxtlar onunla bir ali məktəbdə oxuyan, bir yataqxanada qalan dost-tanışları evdə daha çox əziz tutulurdu. Hərdən bayramlarda, ya ad günlərində bir yerə yığışar, keçmiş əziz xatirələrlə dolu günləri yad edərdilər. Bu “əziz” xatirələr də ibarət olardı ciblərində olan son qəpikləri necə bölmələrindən, qızlarla görüşə gedən dostun xəlvətə salıb o birinin köynəyini geyərək aradan çıxmağından, yemək bişirməkdə xam olduqları üçün görünməmiş yemək icadlarından, komendantı razı salıb yataqxana otağında məclis keçirməklərindən, ilk dəfə içki içən mağmın dostlarının pələngə dönməyindən və s. Bunları dəfələrlə danışsalar da, hər dəfə yeni bəzəklər vurub söyləyər, uğunub gedərdilər. Unudulmuş hansısa hadisəni kimsə xatırlayanda dərhal zəng urub bütün dostlara söyləyər, ən kiçik detallarına qədər hərə bir epizod əlavə edər, sonda da, :
-Kaş o günlərimiz olaydı , – deyərdilər.
Çox zaman Asəfgilə yığışardılar. Üçmərtəbəli böyük ev qonaq qəbul eləmək üçün əlverişli idi. Genişlik…Bol yeməklər.. Qulluqda mahir olan ev xanımı..Daha nə istəyirsən..? Haqq üçün, Asəfin sakit təbiətli və evdarlıqda çox mahir olan xanımı Gülsüm də ərindən geri qalmazdı. Həyat yoldaşının evə dəvət etdiyi qonağa cani-dildən qulluq edər, süfrəni bol yeməklərlə doldurardı.
Bir gün xəbər gəldi ki, aran rayonlarının birində yaşayan köhnə dostun oğlunun toyudur. Xəbər o dəqiqə dostlar və xanımları arasında yayıldı:
-Xəlilin oğlunun toyudur. Mütləq getməliyik. Getməsək, olarmı? Neçə ildir, duz-çörək kəsmişik.. Hamımızın övladı var. Bu gün- sabah da bizimkilərin toyu olacaq və s.
“Duz-çörək kəsmişik” deyəndə, heç kim Xəlilin evində olmamışdı, nə də Xəlil şəhərə gələndə dostlarını restorana, ya bir kafeyə dəvət etməmiş, elə çox vaxt hamısı Asəfgilə yığışıb yeyib içmiş, hərdən başqa dostların da evinə getmiş, bəzən də dostların birinin dəvəti ilə restoranda toplaşmışdılar. Başqa vaxtlar da öz işi üçün şəhərə gələndə Xəlil ərklə Asəfin qapısını açmış, paytaxtda olan işlərini bitirəndən sonra xudahafizləşib getmişdi. Ağızdolusu təriflədiyi böyük üzüm və meyvə bağının olmasına baxmayaraq, hər dəfə gələndə :
-Elə istədim, sizə bir-iki kilo üzüm gətirəm..Sonra fikirləşdim ki, maşallah, nəyiniz əskikdir, elə özümü gətirdim , – deyib gülərdi.
..Əlqərəz, dostlar toy günü üç maşına yığışıb yola çıxdılar. Günortadan xeyli keçmiş toy evinə çatdılar. Xəlil dostlarını görəndə az qaldı, qanad açıb uçsun. Təntənəli
şəkildə yoldaşlarını məclis əhlinə təqdim elədi. Rəqsə dəvət edib bərk “Şalaxo” da oynadılar. Dostların şərəfinə tostlar da deyildi, qədəhlər cingildədi. Hər şey qaydasında gedirdi. Nəhayət, axşam düşdü, camaat yavaş-yavaş dağılışmağa başladı. Vaxt keçdikcə adamlar lap seyrəldi, mağarda bir arıq, qoca qarmonçalan, üç-dörd nəfər də sərxoş adam qaldı. Onlar öz aralarında mübahisə edir, rabitəsiz, əlaqəsi olmayan sözlərlə fikirlərini sübut etməyə çalışırdılar. Dostlar da yavaşca söhbət edir, xanımları isə mürgüləyir, evə dəvət ediləcəklərini gözləyirdilər. Bu vaxt mübahisə edən sərxoş kişilərin biri ayağa durub mağarın çıxışına sarı səndələyə-səndələyə gəlməyə başladı. Dostların qarşısından keçəndə qəfildən dönüb işləməkdən əyiş-üyüş olmuş, kütürləşmiş qapqara şəhadət barmağı ilə hamının üzərindən eninə xət kimi keçərək :
-Siz qalın, – dedi, sonra Asəfin arvadı Gülsümə işarə edərək, – sən gəl, mənimlə gedəcəksən, – deyib yarıyumulu gözlərini boşluğa zillədi.
Çox sadəlövh və qorxaq biri olan Gülsümün gözləri bərəldi, rəngi qaçdı, əlini öz sinəsinə tuşlayıb:
-Nəə, məən..? Məni deyirsən?- dedi.Təəccübdən ağzı elə açıldı ki, çənəsi az qala sinəsinə düşdü..
Kişi donqarlaşmış belini zorla dikəldib şalvardan bayıra çıxmış köynəyini içəri salmağa çalışaraq başı ilə “hə” işarəsi verib:
-Hə, səni deyirəm, – dedi. Şalvarını qayışla büzüb belinə möhkəm bağladığından əlləşib köynəyi içəri sala bilmir, yarıyumulu gözləri axırdı. Yarıçılmış köynəyindən ağ tükləri və sananan qabırğaları çirkli, böyük maykasının yaxasından görünürdü. Bu vaxt Gülsümün əri Asəf yerindən çıçrayıb qabaq stolların üstündən kişinin yanına tullandı, çənəsinə möhkəm bir yumruq ilişdirdi. Kişi ağzıüstə yerə sərilib tərpənməz qaldı. O biri iki sərxoş qırğı kimi cumub bunu qaldırmağa çalışa-çalışa bağırmağa başladılar:
– Ayəə, qoymayıın, heey, Navrızı öldürdüləər..! Navrız öldü, heey..!
Səs-küyə Xəlilin üçmərtəbəli böyük evindəki adamlar həyətə tökülüşdülər. “Navrız”ı sürüyüb apardılar. Hamı olaydan baş çıxarmağa çalışır, sorğu-sual edirdi. Axırda Xəlil də gəldi. Dostlarını görəndə:
-Bay, siz hələ getməyibsiniz?- deyib təəccüblə onlara baxdı və sonra, – Onda, bəlkə, evə gələsiniz, daha mağarda niyə oturmusunuz? – deyə dostlarını dilucu evə dəvət elədi.
Dostlar da, xanımları da bir-birinin üzünə baxa-baxa qaldılar. Asəf hirslə:
-Gecəyarı yola çıxmaq istəmədik. Elə bildik, adamsan, qapına toya gəldik. – sonra dostlarına, – Durun, getdik, – deyib arvadının qolundan tutaraq hamıdan qabaq maşınına tərəf yönəldi. Xəlil gözünün üstünə düşmüş şapkasını alnına tərəf itələyib:
-Ə, siz Allah, bəri qayıdın. Noolub e indi? Heç olmasa bir stəkan çay-zad içəydiniz, – deyib mızıldandı.
Ona tərəf dönüb qəzəbli baxışlarını üzünə çırpan Asəfi görüb taa səsini çıxarmadı.
…Dostların xanımları hərdən öz aralarında həmin hadisəni yada salar və : “ Nəə? Məən? Məni deyirsən?” – deyib Gülsümü yamsılar, ona sataşaraq gülərdilər..
Həcər
18 yanvar 2020.