- Dil, Manşet, Xəbərlər

Mənimlə rus dilində danış…

“ – Biz, bizqoy, karaqım. Ana-Beyitgə jeltpey turub kaldık. Kolay da bolsa, jardamdeş karaqım, – deyə Yedigey ordenlərini cavan zabitə göstərməyə çalışdı.

Bu leytenant Tansıkbayevə heç bir təsir göstərmədi, rəsmi bir görkəmlə boğazını arıtladı, qoca Yedigey bir də ağzını açmaq istəyəndə soyuq bir səslə onu qabaqladı:

– Yoldaş kənar adam, mənimlə rus dilində danışın. Mən xidməti vəzifə başındayam, – deyə qıyıq gözləri üstündən qara qaşlarını çataraq xəbərdarlıq etdi.”

Bu hissəni oxuyanda inanmıram ki, təkcə əsəri xatırlayasanız. Mənə elə gəlir ki, bu vəziyyəti yaradan böyük siyasi məsələlər də ani müddət burulğan kimi beyninizdə dolandı.

“…mənimlə rus dilində danışın…”. Söhbəti tutdunuz. Dil mövzusunda oxuyacaqsınız. Azərbaycan dilinə keçməmişdən qabaq gəlin özümüzə umac ova bilmədiyimizə baxmayaraq, əvvəlcə ərişdə kəsək, yəni qırğız qardaşlarımızın dil probleminə toxunaq.

Bu kiçik hissədən bilinir ki, bizi kimi digər türkdilli xalqlarda da yad dilə meyil öz dilinə olan sevgidən güclüdür. SSR-nin tərkibindəki on beş respublika arasında yalnız türkdilli xalqların soyadlarının ruslaşdırılması heç kəs üçün yeni xəbər deyil. Hər şey bundan başlayır yazacaqdım, amma bəzi məlumatları oxuyanda başlangıcların  bir vaxtlar “gözəgörünməz” tərəflərinin mövcud olduğunu bilib fikrimdən daşındım.

Biz də bir-birimizlə rus dilində danışmışıq. (indi də danışırıq, üstəlik ingilis dili də peyda olub) O illərdən indi çoxu ağızdolusu danışır. Uşaqlığı, gəncliyi həmin dövrə təsadüf edənlərin nostaljisi anlaşılandır, təəssüfləndiyim məqam mədəsini düşünüb, milli heysiyyətini itirən adamların yanaşmasıdır. Dilimizdən uzaqlaşma “ənənəsi” ərəb-fars dilləri ilə başlayıb. O illərin vurduğu zərbənin nəticəsidir ki, indi Nizami Gəncəvini hərə öz tərəfinə çəkir; dəxli olan da olmayan da. Nə başınızı ağrıdım, özünüz bilirsiniz  danışmadığımız dil qalmayıb. “İtin, qurdun dilini bilmişik”, bircə ana dilimizdən xəbərsiz olmuşuq.

Sovet dönəmində Azərbaycan dilinin rəsmi dairələrdə küncə qısqalanmasının, “bədbəxt qadınlar kimi öz evində ixtiyarsız olmasının” bizi millət kimi hansı faciələrə doğru  sürüdüyündən xəbərsiz olanlar hələ də o quruluşun xiffətini çəkirlər. Dərinliyi heç bir ölçüyə sığmayan “bədbəxtlik quyumuzu” özümüz qazmışıq. Ən pisi də budur ki, quyudan çıxmaq əvəzinə yeni üsullarla təzəsini qazıb təkrar atılırıq içinə.

Mənə inanmasanız, Möhsün Nağısoylunun fikirlərini oxuyun: “Sovet dövründə ana dilimizin Azərbaycan dili olduğu bildirilsə də, dövlət idarələrində rəsmi olaraq bu dil deyil, rus dili işlənirdi. Dilimiz ölü dillər siyahısına düşürdü, çünki dilimiz rəsmi olaraq işlənmirdi, sənədlər də bu dildə yazılmırdı…”.

“Əsrə bərabər gün”. “Başlanğıcda” çıxarış gətirdiyim əsər. Adı “yeddibaşlı əjdaha” kimidir, kəsdikcə yeni baş çıxarır, yəni bir mənasını izah edirsən yenisi yaranır. Əsərdə adamı odsuz-ocaqsız yandıran hadisələr çoxdur, ən əsası da ana dilinin “qətlidir”. Laqeyd qalmaq olmur. Birincisi hansı xalqın olur-olsun dilin məhv edilməsi sakit seyr ediləsi hal deyil. İkincisi də qanları qanımızdandır, canımız yanır. Üçüncü tərəfi də ondan ibarətdir ki, dərdli dərdlini tez duyar, hamımız eyni gündəyik, biz də qırğız qardaşlarımız kimi öz elimizdə “kənar adam” hesab edilmişik. Yoxsa, niyə bu gün ürək ağrısı ilə “Azərbaycanın mühacirət ədəbiyyatı” mövzusunda yazırıq və yaxud oxuyuruq? Almas İldırımın “qoynunda şimaldan gələn qonaq gəzər” fəryadı hər yazıda “fontan vurub” hardan olsa çıxır. Elə bil neftdir… (bizə düşmən kəsilən sərvətimiz)  Bir neçə dəfə yazmışam, yenə də yazmağa məcbur oldum. Necə yazmayasan, axı ana dili bədbəxtliyinin mənbəyini burdan alıb. Zaman-zaman baş verən işğallar, siyasi-iqtisadi hadisələr nəticəsində hegemon dövlətlərin təsiri, yad ideologiyalar beynimizə iz, dünyagörüşümüzə də təsir edib. Yad ölkələrin yaxşı işlərini mənimsəyənədək ana dilimiz gözümüzdən, lap elə dilimizdən düşüb. Fars dilində yazmaq ənənəsinin müasir formaları “inkişaf” etməkdədir.

Azərbaycan dili ilə bağlı baxdığım bir neçə mənbədən diqqətimi çəkən yazılardan müəyyən hissələr götürdüm. Maraqlı fikirlərdir. Həmin məqalələri oxumayanlar üçün “çiçiəkdən-çiçəyə qonub zəhmətlə şirə topladım”. Dağa-daşa düşməyin, 4-5 mənbənin materialını bir yazıda oxuyun. Bircə oxuyun. Kimə yazılır bunlar?

“Qafqaz qubernatoru olan general Yermolovun məktəblərdə fars dilini qadağan edərək azərbaycan dilinin keçirilməsi ilə bağlı əmri olmuşdu (Axundov, 2005:30-31). Yermolov özü də bilmədən bu addımı ilə Rusiya ərazisində azərbaycandilli elita yetişdirmiş, bu elita isə sonda ölkənin müstəqilliyini elan etmişdi”.

“Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə diqqət yetirilən əsas sahələrdən olub. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib.”

“1921-ci ildə Respublika İnqilab Komitəsi sədri Nəriman Nərimanov Azərbaycan dilinin dövlət dili olması barədə fərman imzalayır (Hacıyev, 1987:253) Dillə bağlı fərmanın verilməsi ilə tədris müəssisələrində azərbaycan dili (Sadə əhalinin danışdığı dil) əsas dil kimi keçirilməyə başlayır. ADR zamanı məktəblərdə keçirilən osmanlı türkcəsi ləğv edilir. 1921-ci ildən etibarən azərbaycan dili mühüm fənn kimi məktəblərdə tədris olunurdu.”

“Dilin dövlət dili elan edilməsi haqqında ilk rəsmi sənəd 1936-cı ildə olmuşdur. Ataxan Paşayevin hazırladığı arayışda oxuyuruq: “Dil haqqında dilin dövlət dili elan edilməsi haqqında ilk sənəd 1936-cı ildə 9-cu Sovetlər Qurultayına təqdim olunmuş konstitusiya layihəsidir. Maraqlıdır, bu konstitusiya layihəsinin 20-ci maddəsində Azərbaycan Sovet Sosialist Respublikasında dövlət dilinin Azərbaycan dili olduğu qeyd olunur”. Ataxan Paşayev dövlət dili ilə bağlı maddənin nə vaxt konstitusiyaya daxil olması ilə bağlı arayış hazırlayarkən çoxlu sayda şəxsi sənədlərə, arxivdə olan partiya üzvlərinin qeydiyyat vərəqələrinə, dövlət arxivində çalışan ayrı – ayrı adamların şəxsi vərəqələrinə baxmış 1937-ci ildə dil və milliyyət məsələsinə aydınlıq gətirməyə çalışmışdır. “Dil məfhumu və milliyyət məfhumu demək olar ki, bir-biri ilə bağlı olur. Məsələn, orada (şəxsi vərəqələrdə – B.X.) milliyyəti türk, ana dili türk yazılıbdır… Burada ikinci anket Mircəfər Bağırovun anketidir. Orada da milliyyəti yazılıb – tyurk…” SSRİ Konstitusiyası qəbul ediləndən sonra Azərbaycanda yenidən konstitusiya layihəsi üzərində işlənilmişdir.

Ataxan Paşayevin hazırladığı arayışda 1937-ci ildə qəbul olunmuş konstitusiyada dövlət dili barədə oxuyuruq: “1937-ci il mart ayının 14-də Azərbaycanın 9-cu Sovetlər qurultayı öz işini davam etdirib, konstitusiya layihəsi müzakirə olunub. Burada ən maraqlı bir məsələ odur ki, birinci dəfə olaraq mandat komissiyasının hesabatında qurultay nümayəndələrinin milliyyəti haqqında məlumat veriləndə yazılıb: deputatlar: azərbaycanlılar – 225 nəfər, ermənilər, ruslar və sairə və sairə. Birinci dəfə “Azərbaycan” sözü burada işlədilib… Demək istəyirəm ki, 1937-ci ilin konstitusiyası qəbul ediləndən sonra heç yerdə “türk dili” məfhumu işlənməyib. Ancaq çox maraqlıdır ki, layihədə olmasına baxmayaraq, 1937-ci il aprel ayının 14-də qəbul olunmuş konstitusiyada belə bir maddə yoxdur. Konstitusiyadan həmin maddə çıxarılıb”. Deməli, layihədə olmasına baxmayaraq, 1937-ci il konstitusiyasında dövlət dili barədə maddə olmamışdır.”

Tədqiqatçı-jurnalist Müsəllim Həsənovun “azerbaycanli.org” saytından oxuduğum məqaləsi də maraqlı olduğundan sizinlə paylaşmaq istədim.

“Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun.

Maddə 1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili haqqında maddə daxil edilsin və həmin maddə 151-ci maddə ilə aşağıdakı məzmunda yazılsın:

«Maddə 151. Azərbaycan SSR-nin Dövlət dili Azərbaycan dilidir.

Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir».

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.İbrahimov

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi S.Cəfərov.

21 avqust 1956-cı il”.

Bir müddət keçir və Mirzə İbrahimov yeni Qanunun tətbiqi ilə əlaqədar öz mülahizələrini «Kommunist» qəzetində dərc etdirir. «Azərbaycan dili dövlət idarələrində» adlı həmin məqalədə M.İbrahimov sovet hakimiyyətinin ilk illərindən fərqli olaraq son 15-20 ildə dil sahəsində kobud təhriflərə yol verildiyindən danışaraq, «bəzi idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yarandığından» narazılığını və narahatlığını bildirir: “Hələ onu demirik ki, vətəndaşların Azərbaycanca olan ərizələrinə, yaxud bu və ya digər Azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da tamamilə cavabsız buraxan bürokratlar da tapılır.

…Bəziləri də idarənin «xüsusiyyətini» bəhanə gətirirlər. Məsələn, deyirlər ki, Maliyyə Nazirliyi sistemində guya Azərbaycan dilini işlətmək çətindir və sair».

Rəyasət Heyətinin sədri Azərbaycan dilini bilməyənlərlə bağlı görülən tələsik və kütləvi tədbirlərə də toxunur: «Dövlət idarələrində işin Azərbaycan dilində aparılması o demək deyildir ki, Azərbaycanca bilməyən bir vətəndaşı cavabsız buraxasan, yaxud onun şikayətinə anlamadığı dildə cavab verəsən. Təbiidir ki, bu da yanlış bir hərəkət olar. Belə vətəndaşlara rus dilində cavab vermək, yəni onu başa salıb təmin etmək lazımdır».

Bu məqalə yazılanda dil haqqında qanun artıq iki ay idi ki, fəaliyyət göstərirdi və şübhəsiz, M.İbrahimov keçirdiyi qürur hissini də gizlədə bilmirdi: «Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin Azərbaycanca aparılması isə qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz».

M.İbrahimovun keçirdiyi hissləri başa düşmək çətin deyil. Çünki sovet cəmiyyətinin siyasi elitasında liberal ovqatın üstünlük təşkil etməsinə baxmayaraq, həmin dövrdə də Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi adi və sadə məsələ deyildi.

Məsələnin qeyri-adiliyini aradan təxminən il yarım keçəndən sonra Mirzə İbrahimovun tutduğu vəzifədən azad olunması da sübut edir”.

Yazıçı özü 1991-ci ildə çapdan çıxmış «Ana dili – hikmət xəzinəsi» kitabında bu mövzuya ötəri toxunur: «Dilimizin dövlət idarələrində daha geniş şəkildə işlədilməsi yolundakı mübarizədə mənim o zaman çəkdiyim əzab və iztirablar yəqin çoxlarına məlumdur…»

Plenumda Azərbaycan dilində danışanların nitqinin olduğu kimi saxlanıldığı vurğulanan cümlələri oxuyaq: «…Mirzə İbrahimov yoldaş… məruzədən düzgün nəticə çıxarmadı.

…Mən onun şahidiyəm ki, Mirzə İbrahimov yoldaş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olduğu müddətdə bu məsələni çox ardıcıllıqla, səbirsizliklə həyata keçirməyə çalışırdı. Bunu yoldaşlar təsdiq edə bilərlər.

…Mən də öz xalqımı sevirəm. Bütün qüdrətim, bacarığım ilə xalqıma xidmət edirəm. Lakin bu yol ilə xalqın mənafeyini qaldırmaq olmaz. Bu, səhv yoldur.

…Məni bağışlayın, bir qədər əsəbiləşirəm. Çünki respublikanın belə bir qızğın vaxtında belə məsələ qaldırmaq bizim üçün ayıbdır».

Xatırladaq ki, söhbət Azərbaycan dilinin dövlət dili élan olunmasından gedirdi. «Belə bir məsələ qaldırmağın ayıb» olduğunu söyləyən isə Azərbaycanın mədəniyyət naziriydi…

«…Mən sizin kitabınızın necə meydana gəlməsi məsələsinə qarışmayacağam, mən bilmirəm siz nə yazmısınız, çünki uzun müddət respublikada olmadığımdan Azərbaycan dilində çox çətin oxuyuram».

Bu da 1959-cu ilin reallığı idi. Orada nə yazıldığını bilməyən şəxs kitab barədə söz deyirdi. Özü də sərt söz!

«Azərbaycan dili» kitabını oxuya bilməyən həmin azərbaycanlı söz sərrafı olan M.İbrahimovu… Xruşşovun nitqindən «estetik həzz» almağa çağırırdı: «…Xruşşov yoldaşın nitqini mən də oxumuşam, özü də onun nitqlərini iki dəfə oxuyuram ki, başa düşüm. Mən də onun çıxışından estetik həzz almışam. Mən də Xruşşov yoldaşın qəlbinin dahi Lenin incəliyinə heyran qalmışam. Bəs sizin qəlbiniz necədir?»

Respublika partiya təşkilatının katiblərindən biri dillə bağlı proseslərin şovinizmə meydan açdığını əsaslandırmaq üçün nümunə də göstərir: «8-ci sinif şagirdi, rus balası – familiyasını unutmuşam, çünki bu iki il əvvəl olub,- Xruşşov yoldaşa məktub yazır ki, niyə azərbaycanlılar çox səs-küy salır, Azərbaycan dili haqqında danışırlar. Niyə rusların Azərbaycandakı missiyasını onlar başa düşmürlər. Axı niyə Azərbaycan dili nəinki rus məktəblərində, həm də Azərbaycan məktəblərində keçilir, Azərbaycan dilində danışmaq nəyə lazımdır? Hələ biz burada belə dəhşətli həyat şəraitinə dözürük, tədbir görün. 8-ci sinif şagirdi».

Natiq zala müraciətlə sual verir: «Onu kim buna vadar edib, 14-15 yaşlı oğlan uşağı haradan belə şovinist olub?» Orijinal cavab da həmin katibin özünə məxsusdur: «Görünür, əks reaksiyadır. Millətçi elementlərin fəallaşması, şübhəsiz, şovinist elementlərin fəallaşmasına səbəb olub».

Həmin natiqin gətirdiyi daha bir misal: «İnstitutda milliyyətcə erməni olan bir yoldaş rus dilində çıxış edib, onu tribunadan qovurlar ki, ya Azərbaycan dilində danış, ya da tribunadan düş! Bütün bu faktları kimin ayağına yazaq?»

“Düşünürəm ki, az müddət ərzində qüvvədə qalsa da həmin qanun Azərbaycan dilinin Azərbaycanda layiqli yer tutmasında öz pozitiv rolunu oynayıb. Hər halda Çingiz Aytmatovun yana-yana göstərdiyi hadisə – Qırğızstanda qırğız dilinin başına gələnlər Azərbaycan dilindən yan ötdü».” Fikirlər Mirzə İbrahimova aiddir”.

Ədəbiyyat həyatın gözəl imitasiyasıdır. Bu da sübut. Çingiz Aytmatov xalqının həyatında baş verən hadisəni bədiiləşdirib əbədiləşdirdi. Yazıçının xalqının faciəsini Azərbaycanda Mirzə İbrahimov da vurğulayıb, həmin vəziyyətin bizdə də yaranmaması üçün yuxarıda oxuduğumuz kimi çətinliklərdən keçib. Amma o vaxtkı Mədəniyyət nazirimizin soyuq və laqeyd yanaşmasına görə də  1977-ci ildə Gürsüstanda dillə bağlı baş verən hadisələr bizə təsir etməyib.

“…Tələbə və müəllim camiəsində Gürcüstanın yeni konstitusiyasına əsasən gürcü dilinin artıq dövlət dili olmayacağı barədə söz-söhbət yaranmışdı. Beləliklə, mitinqlər başlandı. Onlar kortəbii deyildi: Gürcüstanın məşhur rejissoru Rezo Çxeidzenin qızı, Tbilisi Universitetinin tələbəsi Tamriko Çxeidze nümayiş üçün çağırış vərəqələri payladı

Tələbələr qanlı mürəkkəblə yazdıqları ağ rəngli plakatlarda belə yazmışdılar: “Gürcü dili dövlət dilidir”, “İlya və Akakinin dili dövlət dilidir” və s.

Dinc aksiya iştirakçıları hakimiyyətdən gürcü dilinin dövlət dili statusunun təsbit edilməsini qəti şəkildə tələb etdilər. Sovet hökumətinin bu vəziyyətdən iki yolu var idi: qan tökmək və ya güzəştə getmək. Rəsmi Moskva güzəştə getmək məcburiyyətində qaldı.

Gürcüstan SSR Ali Soveti, həmçinin E.A.Şevardnadzenin rəhbərlik etdiyi respublikanın partiya aparatı etirazları ehtiyatla, əksinə israrla dəstəklədi. Nəticədə Şevardnadze Sovet Gürcüstanının yeni konstitusiyasının 75-ci maddəsinin mətnini dinləyicilərə oxudu: “Gürcüstan Sovet Sosialist Respublikasının rəsmi dili gürcü dilidir”

Əgər biz də ana dilimiz üçün vaxtında bu cür tədbir görsəydik 1988-ci ildə Telli Pənahqızının məlum süjeti hazırlamağına ehtiyac qalmazdı. Verilən suala şagirdin cavabı jurnalistin kinayə ilə gülümsəməsinə səbəb olur. Azərbaycan sözünü eşidən qız yəqin ki, ondan şeirin müəllifinin soruşulduğunu zənn edir. Ona görə də “Səməd Vuğun” deyə cavab verir.  Əslində ağlamalı məqam idi. Doğrudur, o anda Telli xanımdan göz yaşı tökməyini tələb etmək olmaz. Amma…bu süjet, bu təbliğat 1988-ci ilədək çəkilməli, aparılmalı idi. Telli Pənahqızına qədər ölkədə o qədər jurnalist vardı ki. On il ondan qabaq belə bir süjet hazırlayıb kinayə etmək mümkün idimi? Yəqin ki, “yox” dediniz. Bunu edən gərək həyatını göz önünə alardı. Yumşalma dövründə hazırlanan o kadr bu gün də aktualdır.

İnanmırsınız özünüz baxın:  https://www.youtube.com/watch?v=Vtb-2W0KPSM

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri Vasif Sadıqlı gürcülərin dilə münasibətilə bağlı yazını paylaşarkən haqlı olaraq belə bir sual qoymuşdu: o vaxt biz yatmışdıq?

O illərdə yatıb-yatmadığımızı öyrənmək üçün araşdırmaya başladım. Araşdırma deyəndə vikipediyada, saytlarda qurdalanmağı nəzərdə tuturam. Karantin rejiminə görə arxivə, kitabxanalara getmək mümkün deyil.

“Sovet hakimiyyətinin ilk onilliklərində dilimiz, demək olar ki, əhəmiyyətsiz formaya salınmışdı. Dövlət idarələrində, müəssisələrində bütün yazışmalar və danışıq, əslində, rus dilində aparılır, öz ana dilində danışanlara “yad”, “geridəqalmış” yarlığı asmaq ənənəyə çevrilmişdi. Şübhəsiz ki, o dövrdə də dilimizin saflığını qorumaq, onun sıxışdırılmasına qarşı müxtəlif gizli milli təşkilatların, ədiblərimizin mübarizə və cəhdləri var idi, amma bu, siyasi cəhətdən güclü dayaqlara malik deyildi və Moskvadan idarə olunan bir ucqar ölkə üçün bu arzular getdikcə əlçatmaz olurdu. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olundu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi”.

“Kommunist” qəzetində dillə bağlı silsilə yazılar yazılmağa başlayır. Dəmiryolçu imzası ilə dərc olunmuş məqalədə bunlar deyilirdi: “İndi neçə vəqtdir, dilimizi düzəltmək barədə danışılır. “Dilimizin islahı” adında nömrə də buraxılır. O nömrədə yazılan yazıların onda səkkizi ərəb və fars sözləri oluyor. Daha bunu düşünmüyor ki, özgə dili bilmək bir çətin iş degil. Çətin odur ki, yazdığı yazılarını bir halda yazsın ki, az savadlı bir əmələ onu oxuyub anlasın.” “Yeni yol” qəzetində isə dildə olan əcnəbi qrammatik quruluş pislənilirdi: “Biz ərəb, fars kəlimələrinə, şivələrinə və tərkiblərinə öylə alışmışıq ki, öz dilimizin gözəl qanunlarını və qaydalarını o tərkiblərə tabe edib dilimizi öldürürdük. Məsələn, ruh və cisim tərbiyəsi əvəzinə ruhani və cismani tərbiyə, şiddətli əzab yerinə əzabi-şədid, əsərlərin ədibləri yerinə üdəbayi-asar yazmışlar.”

Yazırlar ki, “Məhəmməd ağa Şahtaxtinski (Şaxtaxtinski) Molla Nəsrəddində olmasa da ideyaca sadə əhalinin danışdığı dilin ədəbi dil olmasını ilk dəfə o başlatmışdı”.

Göründüyü kimi, dillə bağlı müzakirə və mübahisələrimiz bugünün məsələsi deyil. O vaxtdan indiyə hələ də bu problemi çözüb bitirə bilməmişik.

“Azərbaycan dili dünyanın ən qədim dillərindən biri hesab olunur. Dilimiz türk dilləri qrupuna aiddir və antik dövrdən etibarən daş yazılı abidələrdən tutmuş, dastanlara, eposlara qədər özünü yaşatmağı bacarmış və günümüzə gəlib çıxmışdır” fkirlərindən bir azca təsəlli tapmaq mümkündür.

Madam ki, mövzuya qırğız dili ilə başlamışam gərək “əriştəni kəsib” bitirim. Qardaşlarımızın da ana dillərinin hazırkı vəziyyəti ilə bağlı bir neçə saytdan məlumat götürdüm.

(05.04.2004) AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sənədlərin imzalanması mərasimində çıxış edən prezident qeyd etmişdir ki, “Dövlət dili haqqında” Qanun həyatın bütün sahələrində qırğız dilinin inkişafına böyük təsir göstərəcəkdir. Biz qırğızların 70 faizinin danışdığı ana dilimizi unutmamalıyıq. Qırğız dili Qırğızıstan dövlətçiliyinin simvoludur. Dövlət başçısı bildirmişdir ki, yeni qanun rus dilindən istifadəni məhdudlaşdırmır. Əksinə, bu sənəddə hər iki dildən istifadənin zəruriliyi xüsusi qeyd olunur. “Qırğızıstan bizim ümumi evimizdir” milli ideyasının həyata keçirilməsində başlıca rolu rus dili oynayır. Əskər Akayev qeyd etmişdir ki, yeni qanun vətəndaşların dövlət və ya rəsmi dili bilmədiyinə görə sıxışdırılmasının əleyhinədir, lakin eyni zamanda, hər iki dili müdafiə edir. Onun sözlərinə görə,  rus dilinə ehtiyac var, lakin beynəlxalq dili kimi.

Həmçinin Beknazarov onu da vurğulayıb ki, dövlət dili yalnız qırğız dili olmalıdır.

Qeyd edək ki, rus dilinin rəsmi statusu 2000-ci illərin əvvəllərində Qırğızıstan Konstitusiyasında təsbit edilib.”

Beləliklə, Qırğızıstanda qırğız dili dövlət, rus dili isə rəsmi dil statusu alıb.

Başqa bir xəbər: “Güney Azərbaycanın azadlıq səsi” (19 mart 2013) Qırğızıstan prezidenti Almazbek Atambayev ölkənin rəsmi dilinin vətəndaşlar arasında unudulmasını etirazla qarşılayıb. Ölkə başçısı bildirib ki, rus dilini bilmək nə qədər vacib olsa da, qırğız dilini yaddan çıxarmaq bir o qədər utancvericidir. Qeyd edək ki, paytaxt Bişkekdə Qırğızıstan Təhlükəsizlik Şurasının yığıncağında iştirak edən prezident Almazbek Atambayev daha sonra deyib ki, yaşadığı dövlətin dili və mədəniyyətini bilməmək hər bir vətəndaş üçün qəbulolunmazdır. “Dil ölkənin gələcəyi ilə əlaqədar mütənasibdir. Dilimizi bilməliyik. Dövlət də öz dilinə sahib çıxmalı və hörmət etməlidir. Qırğız dili çox millətli xalqımızın təməli və sabitliyidir.”,-deyə Almazbek Atambayev əlavə edib.

“İnterfaks agentliyinin verdiyi məlumada görə, Qırğızıstanın sabiq baş prokuroru Azimbek Beknazarov bildirib ki, ölkə müxalifəti bir sıra Konstitusiya qanunlarını dəyişməyi, o cümlədən rus dilinin rəsmi statusdan çıxarılmağını təklif edib. Onun sözlərinə görə, rus dilinə ehtiyac var, lakin beynəlxalq dili kimi. Həmçinin Beknazarov onu da vurğulayıb ki, dövlət dili yalnız qırğız dili olmalıdır”. Bu məqamda dərindən nəfəs alıb sakitləşirəm. Bir də: “Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Biz bir gəmidəyik” şeirlər kitabı Bişkekdə qırğız dilində nəşrə hazırlanır. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun köməkliyi ilə hazırlanan kitaba şairin “Gülüstan” poeması da Azərbaycan, qırğız, rus və ingilis dillərində daxil edilib.

“Biz bir gəmidəyik” şeirlər kitabının tərcüməçiləri Qırğızıstanın Xalq şairi Baxtıgül Çoturova, Altınbek İsmailov və Mukan Asanaliyevdir. Şairin “Gülüstan” poemasıni qırğız dilinə birbaşa Azərbaycan dilindən Altınbek İsmailov, qırğız dilindən rus və ingilis dillərinə Mukan Asanaliyev tərcümə ediblər. Qeyd edək ki, bu, Azərbaycan dilindən birbaşa qırğız dilinə tərcümə olunan ilk poeziya nümunələridir. (Azərb.Ressı Mədəniyyət naz.) xəbərinə sevinirəm.

Qayıdaq umac ovmağa…

Deyirlər “Avstriyalı filosof İvan İlliçin araşdırmalarında “ana dili” termininin ilk dəfə katolik rahiblər tərəfindən istifadə olunduğu vurğulanır. Onlar kürsüdə nitq söylədikləri zaman latın dili əvəzinə istifadə etdikləri dili məhz “ana dili” adlandırırdılar”. Primitiv görünə biləcək bir məqamı qeyd edim: on-on beş uşaq bir yerə yığılıb söhbət edəndə onların nitqinin bir-birininkindən necə fərqləndiyini müşahidə edirik. Hər kəs anasından mənimsədiyi intonasiya ilə danışır. Heç bir uşaqda qonşu qadının ləhçəsi duyulmur. Bəs onda biz niyə qonşu ölkələrin dilində danışmalıyıq?

“Cabir Novruz deyirdi: “Biz də türk mənşəliyik. Amma bununla bərabər bizim də öz qədim torpağımız, məhz özümüzə mənsub adət-ənənələrimiz, tariximiz, ədəbiyyatımız, dünyanın ən zəngin dillərinə meydan oxuya bilən öz heyrətamiz, əvəzsiz, qədim Azərbaycan dilimiz var. O, bizim ana laylamızdır, qılıncımızdır, xilasımızdır, ən böyük mənəvi sərvətimizdir. Zaman-zaman onu bütün yasaqlardan, hər cür təhlükələrdən, hücumlardan canımızla, qanımızla qoruyub saxlamışıq, bu günə gətirib çıxarmışıq. Bizim üçün nə onun özünü, nə də adını heç nə əvəz eləyə bilməz.

Dilə həsr olunmuş mahnı və şeirlər (Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Teyyub Qurbanın “Ana dilim”, Süleyman Rüstəm “Dilimə dəymə”, “Ana dilim”, “Ey vətən”, “Şirin dil”, “Ana dili”, “Azərbaycan Diyarı”, “Bu gözəl vətən bizimdir”) çoxdur, vaxtınızı lazımsız seriallara sərf edincə heç olmasa onları oxuyun, dinləyin. Bəlkə, oyanmağınıza kömək edə.

İstinadlar:

 Strategiya.az  Möhsün Nağısoylu

 Azpost.info Tural Həmid

 Modern az: Buludxan Xəlilov

  “Xalq” qəzeti