- Köşə

Mənsurə CÜMŞÜDLÜ. Yağış və xoşbəxtlik

Müstəqil həyata atılan gündən xoşbəxtlik nədədir, xoşbəxtlik haradadır, niyə bu hissi hər an yaşaya bilmirik kimi suallar beynimdə daim dövrə vurur. Bir gün anladım ki, xoşbəxtlik elə insanın öz daxilindədir, bizim həyata pozitiv münasibətimizdədir, həyatı dərk edib, onu sevməyimizdədir. Mən bunun cavabını yağışlı və şimşəkli bir gecədə tapdım.

Gecə saatlarında hər şeydən bezmiş, özümə qapanmış və düşüncələrə qərq olmuş halda ikən pəncərədən gələn sərin meh, gurultu səsləri və zülmət gecəni işıqlandıran şimşəyin çaxması məni bədbin düşüncələrdən ayırdı. Pəncərəyə yaxınlaşıb möhtəşəm təbiət hadisəsi ilə qarşı-qarşıya durdum. Şimşəklərin parıltısı artdıqca səma daha çox aydınlanır, gurultu səsləri dünyanı lərzəyə gətirirdi.

Sirli bir qüvvə məni dəqiqələrlə pəncərə kənarında dayanıb, bu möhtəşəm təbiət hadisəsini izləməyə vadar edirdi. Əslində gözümün qarşısında baş verənlər məndə vahimə yaradırdı. Anlar keçdikcə o möhtəşəmliyi açıq gözlə izləmək cəsarətini özümdə tapırdım.

Birdən yağış damcılarının torpağa düşən səslərini, navalçaların şaqqıltısını eşitdim. Tez həyətə çıxdım. Yağış damcıları üzümü isladırdı. Şimşəyin qəfil göydə görünməsi gözlərimi bir anlığa yummağa məcbur edirdi. Göy gurultusu məni diksindirirdi. Əllərimlə damlalara toxundum. Yağışın damçıları yerə düşdükcə burnuma gələn torpaq qoxusunun məndə yaratdığı hissləri təsvir etmək üçün sözlər acizdir.

Sanki yaşadığım dünyadan fərqli bir dünyaya düşmüşdüm. Nəhəng bir qüvvə ilə qarşı-qarşıya gəlmişdim. Gördüklərimin möhtəşəmliyi qarşısında bütün gündəlik qayğılarım, problemlərim necə də xırda və əhəmiyyətsiz görünürdü.

İçimdə ucsuz-bucaqsız bir xoşbəxtlik hiss edirdim. Həmin an mənim üçün xoşbəxtlik yağış damlalarının pıçıltısında, torpağın yağışla qarışdığı anda ətrafa yaydığı o qoxuda, səmada şimşəklərin yaratdığı parlaqlıqda və saçdığı gurultularda idi.