- Köşə

Gülyaz ƏLİYEVA. Məcnun oda yandı…

Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngiylə işıqlandı üfüq.
Bir qədər çaydan uzaq od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban…

Oddan danışanda, nədənsə, həmişə ilk ağlıma gələn A.Səhhətin təsvir etdiyi bu gözəl peyzaj olur. İlahi bir rəssamin çəkdiyi bu əsrarəngiz mənzərəni A.Səhhət sözlə o qədər gözəl ifadə edib ki, o təbiət rəsmi – od, atəş rəngində qızarmış üfüq, sökülməkdə olan dan, üfüqdən boylanmaqda olan Günəşin şəfəq saçan parıltısının çayda bərq vurması, bir qədər çaydan uzaq olan dağda çobanın od qalayaraq ala-toranda öz sürüsün oyadıb, səhərin şəfəqlərində incitək parlayan şeh damcıları ilə bəzənmiş yumşaq göy çəməndə otarmağa çıxması… Dağlar üzərindən ağ buludların qalxması, sərin meh, mülayım təbəssümlü Günəş…   söz fırçası ilə göz önündə bütün gözəlliyi ilə canlanır.
Bu gün od çərşənbısidir, oddan danışacam. O oddan ki, mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amildir. Ulularımız ona “dan” da deyirdilər. Hər səhər dan söküləndə atəş rəngli al qırmızı Günəş öz şəfəqlərini dünya üzünə səpələyir. Bu zaman Günəşin istisi şəfqətli olur, mülayim olur, şəfəq saçır. Elə ki gün qalxır günortanın belinə, dünya üzündəki pislikləri görən Günəş də qəzəblənir, səhərki mülayimlikdən əsər-əlamət qalmır, artıq onun odu, alovu yandırıcı, yaxıcı olur.
Odun insan həyatında rolu danılmazdır. Odsuz həyat da olmazdı. Füzulinin məhəbbət dünyasını yaradan dörd aşiq obrazının da hərəsi bu dörd ünsürün birinin rəmzi sayılır. Yəni, od olmadan bir dünyanın mövcudatı qeyri-mümkündür. Füzuli dünyasında suyu Vamiq təmsil edirdisə, od da Məcnunda simvolizə olunub: “Məcnun oda yandı, şöleyi-ah ilə pak,
Vamiq suya batdı əşkdən oldu həlak.
Fərhad həvəs ilə yelə verdi ömrün,
Xak oldular onlar, mənəm imdi ol xak.

Füzulinin məhəbbət dünyasının əsasını eşq odu təşkil edir. Füzulinin özü də daxil olmaqla yaratdığı bütün obrazlar da elə odda yanır.
“Yandı canım hicr ilə vəsli ruxi-yar istərəm,
Dərdiməndi-firqətəm, dərmani-didar istərəm…”
“Tutuşdu qəm oduna şad gördüyün könlüm,
Müqəyyəd oldu ol azad gördüyün könlüm…”
Leylimi çox yanır, Məcnunmu, Məcnunun atasımı, ya Leylinin anasımı?
“Odlarə tutuşdu yasə batdı,
Ol qönçədəhanə dil uzatdı.
Yanar od olub çəkib zəbanə
Ol gülruxə dedi yanə-yanə…”

B Vahabzadəyə görə:
Yaşamaq özü  yanmaqdır:
Yaşamaq yanmaqdır,
yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır, demək,
Onun da həyatı yanmağındadır.
B.Vahabzadənin tələbəsi isə yanmağı belə mənalandırır:
Yanmaq ona deyərəm ki, ürək yansın, dil yanmasın,
Yanmaq ona deyərəm ki, yanan hər şey közə dönsün,
kül olmasın .
Nazim Hikmətə görə də həyat elə yanmaqdır:
“Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?
Yanğını törədən oddur. Bu, sözün həqiqi mənasında da, məcazi mənasında da belədir. Məhəbbət odu da insanda eşq atəşin alovlandıra, yandıra bilər. Bu, ilahi eşq də ola bilər, Vətənə, insana məhəbbət də.
Həm yaşadığımız, həm də məhəbbət dünyasının yaradılışında dörd ünsürün biri olan od qədim Şərqdə ikili mahiyyət daşıyıb. Onun əsasında  həm yaradılışa, həm də məhvə xidmət etməsi inamı dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir. Odun xeyirxahlığına, yoxsa şərinə, ziyanlarına birinci inanıldığını müəyyənləşdirmək çətindir. Miflərdə tez-tez üstünlük birindən digərinə ötürülür. Məsələn, “Munisnamə”də göstərilir ki, Allah ilk olaraq cəhənnəmi yaratmışdır. Onun göstərişi ilə cəhənnəmin palçığı min il qaynadıldığından qıpqırmızı qızarmış, sonra təkrar min il də qaynadılmışdır ki, közərməsi ağarsın. Bundan sonra yenə min il qaynadılmışdır və nəticədə cəhənnəmin torpağının rəngi qapqara qaralmışdır. Beləcə cəhənnəmə həmişəlik zülmət və qaranlıq çökmüşdür.

Od deyəndə  kiminin yadına öncə xeyirxahlığı nəticəsində odlara yanan Prometey, kiminin yadına müharibələri, dünyanı məhv etməyə çalışan, pislikləri alışdıran İblis, kiminin də yadına müdrikliyi ilə ətrafa nur saçan “Qor”u və “qut”u  –  odun  müdrikliyin özündə birləşdirən Qorqud Ata düşür. Odda da dualizm var, insan kimi  onun da içində xeyiri və şəri təmsil edən qüvvələr çarpışır. Bu qüvvələrin nisbətindən asılı olaraq od gah sarı, qırmızı rəngdə, gah da qapqara rəngdə özünü göstərir. Xeyirxahlıq qalib gələndə od sarı olur, üşüyəni isidir, ziyasına, işığına , istisinə adamları toplayır, mehribanlıq yaradır. Şəri təmsil edən od üstünlük təşkil edəndə qapqara tüstüsü ilə ətrafa qorxu, zəhər, təlaş püskürür, yaxıb-yandırır, bomba olub partlayır, atəş olib açılır. Mədəniyyətləri, yazılan kitabları yandıran, müharibələrlə insanları fəlakətə sürükləyən, hər şeyi qaraldıb kömürə döndərın alovlar da oynayır bəzən cahan mülkündə.
Odun bir forması da şamdır. Leylinin dərdini söylədiyi, pərvanələrin oduna yandığı şam. Şamın odu, işığı, istisi isə qaranlıqları aydınlatmağa, elmin yolunu işıqlandırmağa, kitabların oxunmasına xidmət edib. Od haqqındakı deyimlər bütün dünya xalqlarında var.
Plauto deyib ki, tüstü görürsənsə, atəş yaxındır.
Çarlz Bukovskinin fikrincə, “Tək bir qığılcım meşəni yandıra bilər”.
V.İ.Leninin “Qığılcımdan alov doğar”, – fikri bir zamanlar çox məşhur idi.
Nelson Mandelaya görə, “Su qaynamağa başladıqda atəşi söndürmək faydasızdır”.
“Ağıl doldurulmalı bir qab deyil, alovlandırılmalı bir atəşdir”, –  bunu da Plutarx deyib.
Bernard Şouya görə: “Həyat həmişə yanan, ancaq hər uşaq doğulanda yenidən alovlanan bir alovdur”.

“Sevdiyimiz insanların sevgisini bilmək həyatı alovlandıran atəşdir”, – Pablo Neruda belə hesab edib.
Bu da atalar sözləri və məsəllərimiz:
“Od elə şeydir ki, düşdüyü yeri yandırar”
“Əli yanan ağzına təpər”
“Yandırılan uşaq oddan qorxar”.
“Ürək yananda tüstü baş tərəfə qalxır”.
“Biri od olanda biri su olar”.
“Oddan kül törəyər”.
“Od olmasa tüstü çıxmaz”,
“Odla oynamazlar”.
Çox cəld, işgüzar adamlar haqqında “od-alovdur”, – deyirlər.
“Qızınmadıq istisinə kor olduq tüstüsünə” də söylənilir, xeyirsiz adamlar və ya iş barədə.
Odun dan, ev, ailə, ocaq mənasında işlənməsi isə daha çox diqqətçəkəndir. Əvvəllər ev mənasında “od” sözü işlənib: “Bu kənd üç yüz oddan ibarətdir”.
Bəlkə, elə “oda” – otaq sözünün kökü də “od” sözünə gedib çıxır.
Yazıq Ələsgəri oda salıbdır,
Fələk gözdən salıb, o da salıbdır,
Çeşmə kənarında oda salıbdır…
Yenə Ələsgəri oda salan gözəl, yenə çeşmə, həm də oda…
“Od qonşusu” yaxın, qapı bir qonşuya deyiblər. Atalarımız uzaq qonşudansa, od qonşusu yaxşıdır, – deyəndə bunu nəzırdə tutublar.
“Od aparmış!” – qarğış mənasında işlənib.
Dilimiz odla bağlı müxtəlif mənalı frazeoloji birləşmələrlə zəngindir:
Od(u) ayaqlamaq – bir şeyi əldə etmək və ya məqsədə çatmaq üçün çox çalışmaq, səy göstərmək,
od eləmək – atəş açmaq, odlu silahla vurmaq,
od götürmək – bərk hirslənmək, özündən çıxmaq, od tutmaq mənalarında işlənir.
Od ilə su arasında qalmaq – çıxılmaz vəziyyətə düşmək, nə edəcəyini bilməmək
Od kimi – çox isti, qaynar, qızmar və çox cəld, sürətlə, becid mənalarında işlənir. Od tutub yanmaq – qızdırması qalxmaq, hərarəti yüksək olmaq, bərk qızdırmaq,
Od vurmaq – divan tutmaq, cəzalandırmaq,
Odla oynamaq – nəticəsi fəlakətlə qurtara biləcək bir iş görmək mənasında işlənir: 
Odu söndürüb külü ilə oynamaq – əsas məsələni qoyub ikinci dərəcəli məsələ ilə məşğul olmaq, böyük işi qoyub kiçiyindən yapışmaq.
Odu yatırılmaq – sakitləşdirilmək, aram edilmək mənasındadır.
Odlar Yurdu (ölkəsi) – obrazlı ifadə kimi “Azərbaycan” mənasında işlədilir. Bu siyahını hələ artırmaq, uzatmaq da olar
Bəşir Əhmədova görə, ocaq da, əslində, od sözündəndir. Odcaq (od və çaq (çax) hissələrindən əmələ gəlib, çaxmaq elə “yandırmaq” deməkdir) kimi olub, sonra dəyişmələrə məruz qalıb. “Od yeri” (od yanan yer) mənasını verib.
Qədim türklərdə ocaq dan. ev, ailə, ocaq mənalarında işlənib.
Dünyanın əksər dillərində işlənən “ocaq” sözünün türk mənşəli olmasına heç kəs şübhə ilə yanaşmır. Məhz Azərbaycan türklərinin dilində bu gün də işlənən “ocağın sönməsin” alqışının həmin mifik təfəkkürlə bağlılığını danmaq mümkün deyil.

Tanrılara məxsus odun insanlara ötürülməsinə həsr olunan ilkin miflərdə isə ocağın əldə edilməsi ilə ailənin təməli qoyulur, insanlar ev tikməyi öyrənirlər.  “Ram” ediləndən, yəni çaxmaq daşı ilə quru otu alovlandırmağı öyrənəndən sonra isə onlar dan söküləndə qaranlığı qovub gündüzü əmələ gətirən Günəşin də oddan, işıqdan törədiyini zənn etmişlər. Ona görə də yazqabağı mərasimlərdə həyət-bacada qalanan tonqalların kökünü atəşpərəstliklə bağlayanlar yanılırlar. Zərdüştilikdə od Tanrının nişanəsidir, müqəddəsdir, birmənalıdır. Oda qurbanlar kəsilir, bəzən insanın özünü də qurban kimi tonqala atıb yandırırlar.
Qədim insanlar odu əldə etməmişdən əvvəl bir yerdə qərar tuta bilmirdilər. Mağaradan-mağaraya, bir ərazidən başqasına köçürdülər. Soyuqların düşməsi onları sərt şaxtalı iqlimdən mülayim havalı yerlərə getməyə vadar edirdi. Odu əldə etməklə onlar oturaq həyata keçdilər, bir mağarada qərar tutdular. Soyuğa davam gətirə bildilər. Ona görə də türk dilində odun beşiyi hesab edilən “ocaq” neçə əsrlərdir ki, yurd, mənzil, vətən, nəsil mənalarında işlənir. Bir adamın kökünü kəsmək istəyəndə ona “ocağın sönsün”, – deyirlər. Şəri təmsil edən soyuğa, qaranlığa, xəstəliyə, aclığa insanlar odu əldə etməklə qalib gəldilər.
Dünya xalqlarının odla bağlı bir sıra məşhur mifik təsəvvürlərinin mənbəyi Qafqazla, Azərbaycanla bağlanır. Esxilə görə, odu insanlara ötürməklə Prometey həm də texniki tərəqqini, mədəniyyəti, incəsənəti onlara bağışlamışdır. O, qayalıqlarda, soyuq, qaranlıq daş mağaralarda heyvanlar kimi ömür sürən bəşər övladına ev tikməyi, gəmi qayırmağı, təsərrüfatla məşğul olmağı, paltar geyməyi, saymağı, yazıb-oxumağı, ili fəsillərə, aylara, həftələrə, günlərə ayırmağı, allahlara qurbanlar gətirməyi öyrətmişdir.  Yunan mifologiyasında odu insanlara bağışladığı üçün Prometey cəzalandırılır. Prometeyin Qafqazda əsl vətənini axtarsaq, Azərbaycandan o yana getmək mümkün deyil. Azərbaycan təsadüfi olaraq əksər qədim mənbələrdə “Odlar Diyarı” adlandırılmır.
Bəlkə, elə buna görə bura əbədi odların məskəni, odlar diyarıdır. Biz də od oğluyuq.

Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam:

Od kimi istiqanlı,
Seltək dəliqanlıyam.
Həyat qədər qədiməm,
Torpaq qədər şanlıyam.
Od kimi yandıranam.
Su kimi söndürənəm
Məni yandırsalar da,
Suda batırsalar da,
Yenə mənəm, mən mənəm!
M.Araz.
Ulu əcdadlarımız belə hesab edirdilər ki, ildə bir dəfə ölmüş babalarının ruhları öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbələrə düşür. Əgər onlar görsələr ki, nəsilləri yaşayan evlərdə tonqallar qalanmır, ocaqlar sönüb, elə bilirlər ki, qoyduqları adət-ənənələr tapdanıb, övladlarına qalan var-dövlət göyə sovrulub, hər şey məhv olub, qayıdıb gedərlər və bir də o tərəflərə hərlənməzdilər.
Məhz bu inanca görə, İlaxır çərşənbələrdə tonqallar qalanması vacib sayılıb.
Doğrudur, odun kəşfi bəşəriyyətin sağ qalmasına və mədəni bir həyat sürməsinə imkan verdi. Bununla birlikdə, nəzarət altından çıxsa, od hər şeyi məhv edər, yoxa çıxarar. Odur ki, od həm də təhlükə mənbəyidir.
Belə bir atalar sözü var: “Atəş, su və hökumətlər mərhəmət bilmir”.

Xalqımızın 29 illik Vətən həsrətinin alovu da çox böyük olduğundan 44 gün ərzində əsən külək nəticəsində yenidən alovlandı. Bu 29 ildə ürəyi yurd həsrəti ilə od tutub alışan oğullar Vətən eşqi ilə alovlanaraq 44 gün ərzində od parçası kimi vuruşdular. Atəş olub düşməni yaxıb-yandırdılar. Üstümüzdən qara bulud kimi keçən bu 29 il xalqın Qarabağ – Vətən eşqi alovunu söndürə bilmədi, əksinə, illər ötdükcə torpaqlarımızı azad görmək eşqi daha da alovlandı. Düşmən unutdu. Unutdu ki, türkün vətən, yurd, ocaq sevgisi qarşısıalınmaz bir alovdur. Müvəqqəti qora dönmüş, kül altında qalmış bu köz alovlanarsa, qarşısına keçən hər şeyi yaxıb-yandırar.
Türk oğlu ocağa yurd deyib. Öz yurdunda ocağını sönməyə qoymaz. Ocaqlarınız sönməsin, tonqallarınız gur yansın. Evinizdən nur parçası kimi körpə qığıltıları kəsilməsin, həyətlərinizdə od-alov kimi, od parçası kimi çox zirək, çevik, diribaş, bacarıqlı oğul-uşaqlar böyüsün.
Füzuli kimi qəm oduna tutuşmayasınız. Od qalayıb, oda düşməyəsiniz.
Çərşənbə bazarlığında aldığınız məhsullar od qiymətinə olmasın, çərşənbəniz mübarək olsun.

Xeyirli çərşənbələr