Oktyabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Kino-televiziya sənətləri kafedrasının müdiri professor Rafiq Quliyevin “Nizami” filminin təqdimat mərasimi keçirilib.
Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, tədbiri universitetin kafedra müdiri professor Əli Əmirli açaraq “Nizami Gəncəvi İli”nin önəmindən, ADMİU-da bu il çərçivəsində görülən işlərdən və dahi şairin yaradıcılığından söz açıb. Qeyd edilib ki, film dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına əsasən tədbirlər planı çərçivəsində hazırlanıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli dövlət tərəfindən Nizami Gəncəvi irsinə verilən dəyərdən və nizamişünaslığın inkişafından bəhs edib. Akademik bildirib ki, “Nizami Gəncəvi İli”ndə dahi şairin irsinin təbliği baxımından çox mühüm işlər görülüb, təkcə AMEA-da 40-a yaxın elmi əsər nəşr olunub: “Klassiklərin ölməzliyi məhz ondadır ki, hər bir nəsil öz dövründə həmin klassikə yenidən qayıdır, özünə lazım olanları əxz edir və millət olaraq, sanki öz klassiklərinin üzərində ucalır. Biz də xalq olaraq, öz klassiklərimizin çiyinləri üzərində ucalırıq. Nizaminin dahiliyi, prioritetliyi ondadır ki, o, ilk dəfə olaraq şeirə sadə insanı gətirdi, şeiri saraydan daxmalara endirdi. Bunu özü də “Sirlər xəzinəsi” əsərində qeyd edir. Nizami poeziyaya demokratizm gətirdi. Buna görədir ki, Nizami irsi bu gün də öyrənilir, gələcəkdə də öyrəniləcək. Nizaminin əsərlərindəki başlıca ideya ağıllı, ədalətli, filosof hökmdar idi. O, bunun ən gözəl nümunəsini “İsgəndərnamə”də İsgəndər obrazında təcəssüm etdirib”.
Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə kino sənətinin ədəbiyyatın təbliğindəki önəmindən, Azərbaycan incəsənətinin ayrı-ayrı sahələrinin müxtəlif dövrlərdə Nizamiyə olan diqqətindən söz açıb.
Rafiq Quliyev “Nizami” filminin yaranma zərurətindən bəhs edib: “Nizaminin fars şairi olması ilə bağlı təbliğat işi aparıldığı müşahidə edilirdi. Bu səbəbdən Mədəniyyət Nazirliyi Nizami haqqında qısa xronometrajda, amma dolğun filmin çəkilməsi təşəbbüsünü irəli sürdü. Mənə bu təklif gələndə necə məsuliyyətli işi üzərimə götürdüyümün fərqində idim. Lakin biz bunun öhdəsindən gəldik. Film müxtəlif dillərə tərcümə edildi, ölkələrə yayıldı və nümayiş olundu. Düşünürəm ki, gənclərimizin Nizamini öyrənməsi üçün digər filmlərlə yanaşı, bu filmin də önəmli rolu olacaq”.
Daha sonra “Nizami” filmi nümayiş olunub. (azertag)