- Köşə

Məhəmməd Əmin Rəsulzadə hissi, düşüncəsi və həyəcanı ilə “Milli bayram – fikir bayramı”!

1918-ci ilin may ayını 28-də elan olunan Azərbaycan Xalq Cumhuriyyəti müsəlman Şərqin ilk demokratik və parlamentli respublikası olur ki, bu müstəqillik xalqın böyük əzmi, dəyanəti və sönməyən istiqlal eşqi səbəbiylə vaqe olur. Daha 2 ay əvvəlinə (mart 1918-ci il) kimi tarix səhifəsindən silinmək istənilən xalq öz iradəsini ortaya qoyur. Mənfur daşnaqstun firqəsinin Bakını ələ keçirmək, millətin birliyini bölmək və “Böyük Ermənistan” qurmaq xülyaları nəticəsiz qalır. M.Ə.Rəsulzadə bu haqda 31 mart 1919-cu il “Azərbaycan” qazetində “Unudulmaz faciə” başlıqlı məqaləsində yazır: “Həqiqətdir ki, martın 18-dən 21-nə qədər Bakı Türk Demokratiyasının qafasında patlatılan toplar, müsəlmanlar haqqında rəva görülən müzalim (zülümlər-X.Ə) Azərbaycan fikirini taşıyan, muxtariyyət və istiqlal əqidəsi ilə pərvərdə olan vücudları məhv etmək üçün idi. Fikri soldurulmaq istənilirdi… Martda dökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan atəşi-müqəddəsini söndürəmədi… Qanlar içində boğulmaq istənilən “Azərbaycan” bir kərə müstəqil hökümət şəkli ilə təcəlli etdi! Bakı bir qan, bir fitnə ocağı deyil, paytaxtımız oldu!”.

1918-ci ilin mayında qurulan yeni müsavat höküməti və parlamenti Tiflisdə müstəqilliyini elan edir. 1918-ci ilin 3 iyulunda İstanbulda “Türk Ocağı Kongresin”ə qatılan M.Ə.Rəsulzadənin çıxışı barəsində İstanbulda nəşr olunan “Türk Yurdu” dərgisinin 1918-ci il iyul sayında yazılır: “İstanbul Konfransında iştirak və milli davalarında hökumətimizin sanksiya gücünə istinad etmək üçün şəhərimizə gələn Şimal və Cənubi Qafqaz və Kırım səfirləriylə Azərbaycan əşrəfindən gələn bəzi şəxslər Ramazan bayramı, həmçinin Ocaqların onlar ilə bayramlaşıb tanış olmaları münasibətiylə Türk Ocağına dəvət olundular… Bayramın ikinci günü saat dörddə Ocaqlıların atəşli və səmimi alqışları arasında salonda toplanan birinci dərəcəli şəxslərdən ilk olaraq Azərbaycan heyyəti rəisi Rəsulzadə Əmin Bəy sözə başlayaraq məmləkətlərində meydana gələn azadlıq fikrinin yalançı bir göstəriş və Çar Rusiyasının süqutundan istifadə kimi bir məqsədlə deyil, illərdən bəri için-için yanan millətpərəstlərin yaradıcı və ecazkar qüvvətiylə nəşvü-nəma olduğunu və Osmanlı türkləriylə vətəndaşları arasındakı yaxınlığı və dostluğu çox gözəl şərh etdi və fövqəladə alqışlandı”.

“Azərbaycan” qəzetinin 1919-cu il 28 may tarixli sayında “Azərbaycan Xalq Cumhuriyyətin birinci il elanı” münasibəti ilə Məhəmməd Əmin Rəsulzadə, Şeyxül-İslam Axund Ağa Ağazadə, Üzeyir Hacıbəyli, Əli Abbas Müznib, Fərhad Ağazadə və digər görkəmli şəxsiyyətlərin imzasını daşıyan yazılar kifayət qədər maraq doğurur.

M.Ə.Rəsulzadə “Nə böyük bayram!” başlıqlı yazısında qeyd edir: “Azərbaycan türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram saqlayır. İstiqlal bayramı!

Bundan bir sənə əvvəl Zaqafqasiyanın müqəddəratını həll üçün Tiflisdə toplanmış olan müsəlman vəkilləri tarixin öylə bir anına təsadüf eyləmişlərdi ki, yüz sənəlik dövrü-əsarətə yalnız yüksək bir amalın nəticəsi deyil, eyni zamanda zəruri bir ehtiyac gibi xatimə vermək məcburiyyətində qalmışlardı.

Əvət, Zaqafqaziya millətləri bilməcburiyyə elanı-istiqlal etmişlərdi.

İstiqlalımıza düşmən olanlar bu iki “məcburiyyət” və “istiqlal” sözlərinin bir araya toplanmasını “ictimai-ziddin” qəbilindən ədd (sayma, hesab etmə-X.Ə) etməklə Zaqafqaziya Cumhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək istəyirlər.

Fəqət bu mülahizə zahirdən doğru görünsə də, batində öylə deyildir. Bir növzadın (yeni doğulmuş-X.Ə) məsaməi-dərddən (dərin ağrıdan-X.Ə) xilas olub da, dünyaya gəlməsi heç şübhəsiz bir vaqei-istiqlaldır…..

Fəqət bir tərəfdən millətimizin gündən-günə artan əzmi-millisinə, istiqlal və hürriyyət yolunda sabit qalacağına, digər tərəfdən nə desələr desinlər, dünya üzərində təsirsiz qalmayacaq milliyət fikri-müəzzimənin bilaxirə elanı-zəfər edəcəyinə inanmaqla bu tarixi böyük bayramla bir-birimizi təbrik edəlim də, inanalım ki, bir yaşına çatmış növzadı-istiqlal təhlükəli qranlarını keçirir.

Bir kərə yüksələn livayi-istiqlal, bir daha enməz!.

Yenə qazetin eyni sayında, Üzeyir Hacıbəylinin imazsını daşıyan “Bir yaş!” başlıqlı məqalədə qeyd olunur: “Bu gün doğduğu övladının sənəyi-dövriyyəsi münasibətiylə bayram qurub və övladını mavi, al və yaşıl rəngli parçalarla bəzəyib, nümayişkəranə bir surətdə bəyani-iftixar etmədədir.

Bir yaşlı dövlətimiz – gələcəkdə – və yaxın gələcəkdə – Türklügün ümidgahı, İslamlığın tacı və aləmi-mədəniyyətin möhtərəm bir üzvi olacağını hələ bir yaşında olduğu halda hər kəsə bildirmədədir….

Cəlal və şəkvalı bayramımızı görənlər bizi yəqin bilsin ki, bir yaşlı cavan Azərbaycan Türk Dövlətinin istiqlalı mühafizəsindəki şüarı budur ki:

– Ölmək var, dönmək yoxdur!

Bu gün, bu əziz bayram günü sadiq dil ilə:

– Yaşasın müstəqil Azərbaycan!. Deyənlər əmin olmalı ki, onu yaşatmağa qadir olarlar!.”

Həmçinin Şeyxülislam Axund Ağa Ağaəlizadə: “İstiqlalı olmaya millət qanadsız quş kimidir ki, hətta xırdaca uşaqların da, əllərindən xilas ola bilməz. Qanadsız quş başqa quşun qanadıyla uça bilməz. İştə hüququ əlində olmayan millət də zülmətlər içində sərgərdan qalıb başqasının himayəsiylə nicat bula bilməz” fikrilə azadlığın, milli iradənin, milli ruhun, mənəviyyatın və mədəniyyətin mühafizəsinin bir xalqın bəqası üçün nə qədər mühim olduğunu vurğulamışdır.

1919-cu il İstiqlal qazetinin 31 may buraxılışında M.Ə.Rəsulzadə imzasıyla nəşr olunan “Həşmətli bir gün” (Müsavat məsləkinin elanı-zəfəri 28 may) başlıqlı məqaləsində yazır: “Üç boyalı bayraqlara örtülmüş dər (qapı-X.Ə) və divar. Rəngin və zəngin xalılarla bəzənmiş pəncərə və balkonlar, soqaqları doldurmuş təmənnak gözlər, mütəbəssüm çəhrələr, göklərə inikas edən elektirik ziyalı lambalar. Parlament qarşısında məhşəri-kübrayı andıran on minlərlə insan izdiham. Hürriyət meydanında “Şollar suyu”nun bir sərinlik nəşr edərək yüksəklərə fışqıran fəvvarəsi yanında sərbəstliyi bəsait olaraq duran əsgərlər, əsgərlərin hökumət rəisi təbrikinə müqabil “Yaşa! Yaşa! Yaşa!…” deyə böyük meydanı dolduran möhtəşəm sədaları və bu sədaya bir inikas olaraq yerdən, göydən, hər yandan qopan alqışlar, küçələrdə gəzişən izdihama ağ çarşaflarilə lətif hüsn və şairanə bir məna verən xanımlar, musiqi tərənnümatına qovuşan “Yaşasın!” sədaları. İştə İstiqlal Günü paytaxtımızın aldığı mənzərənin səthi bir surətdə çizilən xütuti-əsliyəsi…

Bakı tarixinin bəlkə də bu ana qədər qeyd eləmədigi bu böyük gündə bir çoxları kəndi-kəndilərinə:

Əcəba, bu uykumudur!? – diyordular.

Əvət, bu Azərbaycan tarixinin ən böyük həqiqətini təşkil edən gün o qədər xariqüladə idi ki, uykuya bənziyordu. Azərbaycan şüarını ortaya atan firqəmiz istiqbalda böylə bir günə malik olacağımızı heç şübhəsiz ki, təsəvvür eləmişdi.

Müsavatçılar üçün bu gün ikili bayramdır. Milli bayram – fikir bayramı!”.

Azərbaycan Xalq Cumhuriyyətinin istiqlal hərəkatının yayılmasında mühüm rolu olan milli mətbuat orqanları say etibarı ilə əks mövqedə dayanan qazetlərə nisbətdə azlıq təşkil edirdi. Lakin, AXC-nin 23 aylıq hakimiyyəti zamanında bu qazetlərin sayı 200-ə çatmışdı. Bunun başlıca səbəbləri sırasında demokratik idarə sistemi, tolerantlıq, hümanizim və Cumhuriyyət qurucularının əksəriyyətinin jurnalist və publisist olmaları göstərilir.

Tarixi olmayan millətlərin keçmişi olmadığı kimi, gələcəkləri də olmur. Bir xalqı millət edən xüsusiyyətlərin başında isə onun tarixi köklərinə olan bağlılığı, milli kimliyinin dərki, milli ruhun və dəyərlərin qorunması və nəsillərə ötürülməsi dayanır. Və o millətlər yüz illər keçsə də tarixin yaddaşında daimi qalır.

Şanlı Cumhuriyyətimiz keçmiş və gələcək nəsillərin bizə əmanətidir.

Xanım Zəfər qızı Əsədova

ARTİ, Metodik dəstək və peşəkar inkişaf mərkzəinin aparıcı mütəxəssisi